Azadlıq hayqıran şair

Azadlıq hayqıran şairCülyan kənd tam orta məktəbində bu günlərdə maraqlı bir tədbir baş tutmuşdur. Məktəbin VII-X sinif şagirdləri arasında şeir müsabiqəsi keçirilmişdir. Şagirdlər bu dəfə ancaq Xəlil Rza Ulutürkün yaradıcılığına müraciət etmişlər. Münsiflər heyəti yerini tutdu və müsabiqə başladı. Uşaqlar şeir söylədikdən sonra hər şagirdin çıxışı təhlil olunur, yaxşı və nöqsan cəhətləri göstərilir, həm də qiymətləndirilirdi.
Tədbir başa çatdırıldı və qaliblər müəyyən edildi. Məktəbin direktoru Eyvaz Mursalov müsabiqəni yekunlaşdırdı, tədbirdən razı qaldığını bildirdi, bu işdə əməyi olan müəllimlərə və kitabxanaçı Kifayət Hüseynovaya təşəkkürünü bildirdi.
Münsiflər heyətinin qərarı ilə VII sinif şagirdi Rəşid Hüseynov və X sinifdən Simuzər Salmanova birinci oldular. VIII sinif şagirdi Fatimə Əşrəfli ikinci olmuşdur. Səbinə Əliyeva (VII sinifdən) və Xanım Əşrəfova (VIII sinifdən) üçüncü olmuşlar. Qaliblərə məktəb rəhbərliyinin tərifnamələri təqdim edildi.
Rayon Təhsil Şöbəsinin metodisti Sabir İsmayılov çıxışında Xəlil Rza Ulutürkün yaradıcılığı haqqında bəzi məlumatları tədbir iştirakçılarına çatdırdı. Onun yaradıcılığında azadlıq mövzusu xüsusi yer tutur. Moskva tərəfindən törədilmiş qanlı Yanvar hadisələrinə qarşı etiraz səsini qaldırmış Xəlil Rza Lefortovo türməsində yatanda da qələmini yerə qoymamış, haqsızlıqlara qarşı şeirləri ilə mübarizə aparmışdır. S.İsmayılov tədbirin ərsəyə gəlməsində əməyi olanlara şöbənin rəhbərliyi adından və öz adından təşəkkür etdi.
İfadə Hüseynova,
məktəbin şagirdi

Şərh Yaz