Növbəti açıq dərs

Növbəti açıq dərsXXI əsr dünya ölkələrinin əksəriyyətində təhsil sistemində dəyişikliklər aparılır. Təhsildə gedən inkişaf Azərbaycan təhsilindən də yan keçmir. Azərbaycan təhsilinə ölkəmizdə olan dövlət qayğısı ilbəil artır. Pedaqoji kadrların hazırlığı ilə keçirilən kurslar, elektron təhsil müsabiqələri, konfranslar innovativ müəllimlərin yetişməsinə səbəb olur.
İsmayıllı rayon təhsil məkanında öz sözünü deyən şəhər 5 nömrəli tam orta məktəbinin müəllim-şagird kollektivi qarşıda duran vəzifələri həyata keçirmək üçün yenilikləri izləyir, öyrənir və işlərində tətbiq edirlər. Bu məqsədlə məktəbdə davamlı olaraq dərs dinləmələri və açıq dərslər keçilir. Bu dərslərə müəllimlər dəvət edilir və müzakirələr aparılır. Açıq dərslərin keçirilməsi zamanı fənn metodbirləşmə üzvləri yaxından iştirak edirlər.
Budəfəki açıq dərs ibtidai sinif metodbirləşmə üzvləri ilə keçirilən növbəti dərs idi.
Açıq dərsi II C sinif müəllimi Səbinə Muradəliyeva Azərbaycan dili fənnindən “Laylalar” mövzusunda keçirirdi. Dərsdə məktəbin direktoru Elçin Məmmədov, ibtidai sinif metodbirləşmə rəhbəri, bu sətirlərin müəllifi Sevinc Mirzəyeva, təcrübəli müəllim Elmira Məmmədova, Brilyant Salehova, Asiya Mirzəyeva, Xanım Ağayeva, Yeganə Abbasova, məktəb psixoloqu Nərgiz Cəlilova və valideyn Arzu Əhmədova iştirak edirdi. Açıq dərs kurikulum tələblərinə tam uyğun olaraq İKT vasitələrindən istifadə edilərək keçirildi. Müəllim məqsədinə nail oldu. Dərs bitdikdən sonra açıq dərsin təhlili keçirildi.
Məktəbin direktoru E.Məmmədov çıxışı zamanı ibtidai sinif metodbirləşmə üzvlərinə uğurlar arzuladı. Təhsilin ən çətin və ən məsuliyyətli pilləsi olan ibtidai təhsildə uğur qazanmaq üçün müəllimlərə daima axtarışda olmağı, yeniliklərdən bəhrələnməyin vacib olduğunu bildirdi.
Elmira Məmmədova çıxışında gənc müəllimə uğurlar arzuladı və bildirdi ki, yenilikçi müəllim zaman və məkandan asılı olmayaraq dərsləri maraqlı qurandır. Müasir dövrdə belə dərsləri qurmaq üçün daha çox imkan vardır.
İbtidai sinif metodbirləşmə rəhbəri S.Mirzəyeva qeyd etdi ki, açıq dərslərin keçirilməsi həm müəllim, həm şagird, həm də dərsi dinləyən müəllimlər üçün çox əhəmiyyətlidir. Müəllimlərin təlim prosesində qarşılaşdıqları problemlə bağlı aparılan müzakirələr çox vacibdir və bu müzakirələr öyrənməyə xidmət edir.
Belə müzakirələrdə heç vaxt geri çəkilmədən iştirak edən müəllimlər öyrənən müəllimlərdir.
Amalımız Məhəmməd peyğəmbərin buyurduğu kimi olmalıdır: “Beşikdən qəbir evinədək öyrənmək”
Sevinc Mirzəyeva

Şərh Yaz