Sürətli inkişafa qovuşacağıq

Sürətli inkişafa qovuşacağıqRayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla 2005-ci ildə elə Mollaisaqlıda görüşmüşdüm. Böyük ziyalı, əsil iqtisadçı alim olduğunu da onda duymuşdum. Eşidəndə ki, rayonumuza rəhbər – İcra Hakimiyyətinin başçısı vəzifəsinə gəlib, ürəkdən sevindim. Cənab Prezident İlham Əliyevə minnətdar oldum ki, İsmayıllı üçün həlledici zamanda Mirdaməd müəllimə etimad göstərib.
Mirdaməd Sadıqov fevral ayının 14-dən başlanan fəaliyyəti ilə bu etimada layiq olduğunu əməli işi ilə sübuta yetirir.
Aprel ayının 9-da başçı kəndimizə gəldi. Məktəbin akt zalına toplanmış sakinlərlə görüşdü, sözü olan hər kəsi dinlədi, hamıya bərabər səmimiyyət və mehribanlıq göstərdi.
Doğrusu, təəssüratım elə yüksəkdir ki, problemləri saymır, yalnız onu qeyd etmək istəyirəm ki, Mirdaməd müəllim onları bizdən yaxşı bilir, aradan qaldırılması yollarını da dəqiq göstərir. Deyir ki, yolumuz standartlara uyğun çəkilməlidir. Tanınmış iş adamlarımız və ziyalılarımız kəndə kömək etməli, iş yeri açmalıdırlar. Müxtəlif peşə sahiblərindən ibarət briqada yaradıb, kənddə aparılacaq tikinti-quruculuq və yol çəkilişində işləməsi məsləhətdir.
Mirdaməd müəllim kənd sakinlərinə təsərrüfat fəaliyyətinin bütün istiqamətləri üzrə çox dəyərli məsləhətlər verdi. Mollaisaqlı İƏD-i üzrə nümayəndə Həşim Həşimova tapşırdı ki, ağsaqqalları bir yerə toplasın (xeyirxah, dərin düşüncəli, dövlət mövqeli, əsil ağsaqqal burada çoxdur) kəndin sabahı və gələcəyinin necə olacağı barədə məsləhətləşmələr aparsın, nəticələri rayon rəhbərliyinə təqdim etsin. Hər bir kənd, o cümlədən Mollaisaqlı hamınızın iştirakı ilə inkişaf etdiriləcək.
Enerji və su təchizatı, sosial müdafiə, mədəniyyət, məşğulluq məsələləri ilə əlaqədar təkliflər, şikayətlər oldu. Hər biri barədə aid təşkilatın rəhbərinə tapşırıq verildi. Məsələlərin çoxu öz qanuni həllini elə qəbul zamanı tapdı.
Görüş-qəbulun ən xoşa gələn tərəfi, razılığa səbəb olan xüsusiyyəti ondan ibarət idi ki, sözü olanlar Mirdaməd müəllimin səmimiyyətinə uyğun səviyyədə səmimiyyət göstərdilər.
Görüş-qəbulun sonunda qəlbən inandım ki, Mirdaməd müəllim cənab Prezidentin tapşırıqlarını, tövsiyələrini sədaqətlə yerinə yetirəcək, sevdiyi İsmayıllını inkişaf etdirmək yolunda əzmkarlıq göstərəcək. Bu inam bölgəmizi yüksəldəcək, ölkənin sürətli inkişafına qovuşduracaq.
Musa Sadıqov,
Mollaisaqlı kənd sakini, əmək veteranı

Şərh Yaz