Birgə fəaliyyətlə məqsədə çatmaq olar

Birgə fəaliyyətlə məqsədə çatmaq olarRİH-nin başçısı Mirdaməd Sadıqov Mollaisaqlıdan sonra məktəbin iclas zalına toplaşan kənd sakinləri ilə görüşmək üçün Hacıhətəmliyə gəldi.
Hər yerdə olduğu kimi, burada da Mirdaməd müəllim əhalini rayonun sosial-iqtisadi inkişafı proqramı, yeni-yeni layihələr, başlanmış tikinti-abadlıq işləri, innovasiya və karyera mərkəzlərinin açılışı, iş yerlərinin yaradılması, tikiş fabrikində işləyəcək kadrlar üçün kursların təşkili barədə ətraflı danışdı. Narahatlıqla qeyd etdi ki, 3400 nəfərdən çox əhalisi olan bir ərazidə xəstəxana bağlanıb. Süni sürətdə su problemi yaradılıb. Kənddaxili küçələrin düzəldilməsinə diqqət yetirilməyib. Məktəb öz vəzifəsini hələ də lazımı səviyyədə yerinə yetirmir. Ali məktəbə daxil olanların faizi aşağıdır. Kəndin mədəniyyət evi yoxdur. Birgə təsərrüfat yaratmağa heç kim cəhd göstərmir. Birgə fəaliyyətlə məqsədə çatmaq unudulub.
M.Sadıqov qeyd etdi ki, 14 fevraldan sonra 8-9 min nəfəri qəbul etmişəm. Onların 90 faizi yardım üçün müraciət edib. Yardıma ümid olmaq, yaşamaq yolu deyildir. Biz sizə iş verəcəyik, müəssisələr açacağıq. Elə edəcəyik ki, hər bir evə pul daxil olsun. Vaxtaşırı böyük kredit yarmarkaları keçiriləcək. biznes-layihələri olanları oraya dəvət edirəm.
Şəhid ailəsi Tənzilə Əhmədova ev tikintisinə köməklik göstərməyi xahiş etdi. Mirdaməd müəllim dövlət qayğısı sayəsində onun ailəsi üçün ev tikiləcəyini bildirdi.
Pensiyaçı tarix müəllimi Mehdi Məmmədov vətəndaş narahatlığı ilə qeyd etdi ki, 31 mart soyqırımı zamanı bu kənddə də qətlə yetirilənlər çox olub. Xatirə lövhəsi düzəltmək və bəlli adları (onlar məndə vardır) orada əks etdirmək savab iş olardı.
Mirdaməd müəllim bu təklifi böyük məmnuniyyətlə qəbul etdi. Onu da bildirdi ki, hər bir rayon sakinindən aparılan işlərə, gedən proseslərə ədalətli münasibət gözləyir.
Yersiz iddialarla çıxış edənlər də oldu. Pay torpağını satanlar da peşmanlayıb rayon İcra Hakimiyyətinin başçısından kömək umdular. Mirdaməd müəllim bir daha vurğuladı ki, hər bir məsələyə düşüncə ilə yanaşmaq lazımdır. Pay torpaqları tək bu gün üçün yox, gələcək nəsillər üçündür. Kürdeldarbəyli kənd sakini Təvəkkül Hüseynov şikayətləndi ki, torpaqlarını alıb, yararsız vəziyyətə salıblar, istifadə etmək olmur. Geri də qaytarılmır. Pay torpaqlarını birləşdirməklə fermer təsərrüfatı yaratmaq məsləhət bilindi.
İclas zalından çıxandan sonra da kənd sakinləri Mirdaməd müəllimə yaxınlaşıb söz dedilər, xahiş etdilər. Hər biri də öz arzu və təklifinə qanuni cavab tapdı. Hamı işlərin gedişindən, yerdə keçirilən görüş-qəbulun nəticələrindən razı qaldığını bildirdi.
Vüqar Muradəliyev

Şərh Yaz