Yaddas kitabcasi

Demokratik Konstitusiyamızın banisi

Bəşər tarixinin ən qüdrətli dövlət və siyasət adamları, dahi və müdrik şəxsiyyətləri sırasında layiqli yer tutan ümummilli liderimiz, böyük öndərimiz Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqi yolunun etibarlı bələdçisi olmaqla, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Dövlət idarəçiliyinin zirvəsini fəth edən ümummilli lider Heydər Əliyev müasir, öz sözünü deməyə qadir olan güclü Azərbaycan dövlətini yaradan və bütün dünyaya tanıdan dahi siyasi xadim kimi tarixi yaddaşımızda silinməz iz qoymuşdur. Ulu öndərin rəhbərliyi altında müstəqilliyimizin ilk illərində baş verən hərc-mərcliyin və dövlətdə idarəçiliyin itirilməsinin qarşısı alınaraq siyasi sabitliyin və dövlətin idarə edilməsinin bərpası dövrü başlanmışdır.
Həmin illərdə atılan əsas addımlardan biri də demokratik prinsiplər üzərində Konstitusiya layihəsinin hazırlanması və qəbulu olmuşdur. Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması barədə danışarkən, heç bir mübaliğəyə yol vermədən qeyd etmək olar ki, bu, müstəqil dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin əsəridir. Peşəkar siyasətçi kimi Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən dövlətin əsas qanununun işlənib hazırlanması haqqında düşünürdü. Suveren və müstəqil Azərbaycan dövlətinin ilk milli Konstitusiyasının qəbul edilməsi sahəsində mühüm tədbirlərdən biri Milli Məclisin Azərbaycan Respublikasının milli Konstitusiyası layihəsinin hazırlanması haqqında 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin həmin qərar əsasında yaradılan Müvəqqəti Komissiya bu işi görə bilmədi. Çünki Azərbaycanın tarixində mürəkkəb, çətin, ağır günlər yaşanırdı. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi genişlənir, sosial problemlərin sayı artır, bütün bunların həlli yolları isə tapılmırdı. Bu çətin vəziyyətdən xalqı yalnız Heydər Əliyevin müdrik siyasəti çıxara bilərdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev cəbhə bölgəsində atəşkəsə nail olaraq öz fəaliyyətini ölkənin iqtisadi və siyasi cəhətdən güclənməsinə yönəltdi. Bu isə öz növbəsində müstəqilliyin qorunmasına və konstitusiya münasibətlərinin bərqərar olmasına zəmin yaratdı.
Azərbaycanın ilk milli Konstitusiyasının yaranması ərəfəsində hələ 1978-ci il tarixli Sovet Konstitusiyası qüvvədə idi. Əlbəttə, dərin zəkaya malik olan böyük ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev bilirdi ki, Azərbaycanın daimi müstəqilliyinin təminatı üçün yeni ruhda yazılan və azad xalq tərəfindən qəbul edilən müasir Konstitusiyaya ehtiyac var idi. Bütövlükdə xalqın, dövlətin və hər bir vətəndaşın taleyinə birbaşa və həlledici təsir göstərən Azərbaycan Respublikasında Konstitusiya qəbulu kimi nəhəng siyasi prosesin uğurunu şərtləndirən ən mühüm amil bu prosesin müdrik dövlət rəhbəri, ümummilli lider, xarizmatik şəxsiyyət tərəfindən idarə edilməsi idi. Həmin anda Azərbaycanın yeganə ümidi, böhranlı vəziyyətdən ən etibarlı çıxış yolu dövlətin sükanı arxasında belə bir şəxsiyyətin olması idi. Bu, xalqını, onun dövlətini taleyüklü anda xilas etmək missiyasını öz üzərinə götürən ümummilli lider Heydər Əliyev idi.
2 may 1995-ci ildə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq edildi. Komissiyanın tərkibinə tanınmış ictimai-siyasi xadimlər, alimlər, peşəkar hüquqşünaslar daxil oldu. Komissiyanın sədri isə ulu öndər Heydər Əliyev seçildi. Çox qısa bir müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusiya quruculuğu təcrübəsi öyrənildi, təhlil olundu. Nəhayət, 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan dövlətinin ilk milli Konstitusiyası qəbul edildi.
12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunan ümummilli lider Heydər Əliyevin şah əsəri -158 maddə, 12 keçid müddəası, 5 bölmə və 12 fəsildən ibarət müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunmasının təməl prinsipləri təsbit olunmuş, insan hüquq və azadlıqlarının təmini ali məqsəd kimi önə çəkilmişdir. Əsas Qanunda bütün növ insan hüquqları – əmək, istirahət, sosial təminat, mənzil toxunulmazlığı, təhlükəsiz yaşamaq, tətil, təhsil, milli mənsubiyyət hüquqları, vicdan azadlığı, fikir və söz azadlığı, sərbəst toplaşmaq hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirak etmək hüququ və s. aydın təsbit edildi. Konstitusiyanın 158 maddəsindən 48-nin, yəni 1/3-nin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir.
Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlar universal xarakter daşıyır, cəmiyyətin və dövlətin siyasi sistemindən, sosial-iqtisadi durumundan, dövlətçiliyin tarixi inkişaf xüsusiyyətlərindən asılı deyil. Konstitusiyaya görə, şəxsin hüquq və azadlıqlarının yaranması onun doğulması faktı ilə şərtlənir, başqa hər hansı şərt tələb olunmur. Başqa sözlə, insan anadangəlmə, yəni doğulduğu vaxtdan etibarən Konstitusiya və qanunlarla elan olunmuş hüquq və azadlıqlara malik olur, onların daşıyıcısına çevrilir. Konstitusiyada təsbit olunan hüquq və azadlıqların ikinci mühüm xüsusiyyəti isə onların toxunulmaz, pozulmaz və ayrılmaz olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının maddi normaları yüksək ümumbəşəri dəyərləri özündə cəmləşdirir. Onların məhdudlaşdırılması hətta konstitusiya proseduru baxımından çox mürəkkəbdir.
Yeni Konstitusiya əsasında həyata keçirilən islahatlar demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sisteminin formalaşmasına, konstitusiya nəzarəti funksiyasını həyata keçirən xüsusi məhkəmə orqanının yaradılmasına, insan hüquqları üzrə müvəkkil-ombudsman institutunun təsis edilməsinə, hüquq-mühafizə fəaliyyətinin daha da təkmilləşdirilməsinə, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin hüquqi maarifləndirmə və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinin genişləndirilməsinə səbəb olmaqla insan hüquqlarının təmin edilməsi sahəsində səmərəli müdafiə mexanizminin formalaşmasına gətirib çıxardı.
Müstəqil respublikamızın banisi, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının bünövrəsini qoymuşdur. Müəllifi ümummilli lider Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyası müstəqil, hüquqi və dünyəvi Azərbaycan dövlətinin əsaslarını təsbit edən mühüm və bitkin normativ sənəddir. Azərbaycan dövlətçiliyi tarixində ən mühüm hüquqi-siyasi sənəd olan Konstitusiya bu gün də ölkəmizdə möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi nəhəng islahatlar prosesinin istinad etdiyi etibarlı normativ sənəddir. Azərbaycan yaşadıqca müstəqil ölkəmizin ilk Konstitusiyası hüquq tariximizə qızıl hərflərlə əbədi həkk olunacaqdır.
Demokratik  Konstitusiyamızın  banisiFərid Dadaşov,
İsmayıllı rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru

Şərh Yaz