Sistemli bir dərslik lazımdır

Müzakirə mövzusu – “Uzun ömür, sivil cəmiyyət və mənəvi saflıq”

Hörmətli redaksiya, qəzetinizin 30 yanvar 2013-cü il tarixli sayında respublikanın Əməkdar həkimi Ş. Şirəliyevin yazısını oxudum. Həkimin qaldırdığı bu məsələ dövrümüz üçün çox aktualdır. Bununla belə, bu problem bir neçə ayın, hətta bir neçə ilin də işi deyil. Məsələni bir neçə nəsillik problem kimi qəbul etmək lazımdır. Müasir dövrümüzün elmi-texniki inkişafı, əhalinin və cəmiyyətin mənəvi səviyyəsinin yüksəlişi, istehsal və qeyri-istehsalın, madd və mənəvi münasibətlərin çulğaşdığı bir dövrdə insan-insan münasibətlərinin sivil səviyyədə olması çox vacibdir. Düzdür, buna çatmağın yollarını yalnız təhsilə bağlamaq da düz olmazdı. Burada maddi münasibətlər də müəyyən rol oynayır. Həkim düz qeyd edir ki, insanı daxildən gələn hisslərlə gözəlləşməyə və saflaşmağa doğru yönəltmək yaxşı olar. Bu, müasir dövrdə çox yayılmış zahiri gözəlliklərə aludə olmaqdan daha yaxşıdır.
Bizim təhsil proqramlarında bu mövzuda xeyli material verilmişdir. Məsələn, I-XI siniflərdə “Həyati bacarıqlara əsaslanan təhsil”, VIII-XI siniflərin “İnsan və cəmiyyət”, I-IV siniflərin “Həyat bilgisi” dərsliklərində insan-insan münasibətlərindən bəhs edən mövzular çoxdur. Onu da qeyd etmək lazımdır ki, hər bir fənnin tədrisində bu mövzuya müəyyən qədər yer vermək mümkündür. Əlbəttə, bütün bunlardan savayı ayrıca bir proqram əsasında sistemli dərsliyin olması yaxşı olar və bu sahədəki boşluğun dolmasında mühüm rol oynayar.
Kamran Səmədov,
Vəng kənd məktəbinin müəllimi

Şərh Yaz