Hər zamanın öz gəncliyi var

Hər zamanın öz gəncliyi varBir zamanlar, tələbə vaxtı nədənsə Ziqmund Freydin “Psixoanalizin başlanğıcı” əsərini tez-tez mütaliə edərdim. Bu əsər eqonun sistematik təhlilinin araşdırılmasının başlanğıcı sayılır. Hər bir insanda özünü təsdiqin müxtəlif formaları mövcuddur. Bu baxımdan, o zaman bizim üçün Ziqmund Freydin nəzəriyyəsi həddindən artıq cəlbedici görünürdü. Bunun bir neçə səbəbi var idi. Sövet ideoloji təlim-tərbiyyəsini almış həmin gənclik yeknəsəq fikirlərdən, eyni məzmunlu, muxtəlif görünüşlü təlimlərdən bezərək yeni fikir, yeni məzmun axtarırdı. Məhz həmin vaxtlarda bizim dadımıza Ziqmund Freyd, Frans Kafka, Fridrix Nitşe, Çarlz Bukovski və sairə fərqli fikir sahibləri çatırdı. Fərqi yox idi onların fikirləri nə dərəcədə faydalı və ya zərərlidir. Əsas o idi ki, fərqli nəsə axtarırdıq. Dünyadan təcrid olunmuş sovet gəncliyi belə fərqli mövzuları tapanda su kimi içirdi. O zamanlar İsa Hüseynovun (Muğanna) “İdeal”ı populyar idi. Həmin əsərdə Muğanna nəsə bir qəliz “sirr”i açmaq istəyirdi , amma aça bilmədi. Biz hesab edirdik ki, nəsə yeni bir şeydir. Daha bir əsər, Mövlud Süleymanlının “Dəyirman”ı idi. Bu əsər ona görə hadisə saylırdı ki, sovet ideoloji sisteminin yalanlarına qarşı çıxmışdı. Mövludun bəhs etdiyi “dəyirman” bütün yalanlara rəğmən səfil, sərməst “kütlə” istehsal edirdi. Ona görə də hər yerdə müzakirələr gedirdi. Tələbəliyimizin müzakirə mövzusu isə, yuxarıda qeyd etdiyim kimi, Ziqmund Freydin “Psixoanalizin başlanğıcı” idi. Gəncliyin “eqo”sunu ortaya qoyması üçün Freyd bütünlüklə maraqlı idi. Qərb dünyası üçün bunlar heç də yeni deyildi. Amma bizim üçün tamam yeni mövzular idi. “Sosrealizm”dən kənarda bir şey eşitməyən, oxumayan sovet gənci üçün Çarlz Bukovski kimi Amerika şairi təzə idi. Çünki, tam fərqli düşüncə ortada idi. Əlbəttə ki, dünyanın fərqli dünyagörüşlərindən və fikirlərindən kənarda qalmış bizlər – sovet gəncləri hətta, Ç.Bukovskini öz kumirimizə çevirirdik. Bukovski deyirdi:
– Bir dəfə bir ruhi xəstəxanaya getdim, ziyarət üçün. Oradakı xəstələrdən biri məni tanıdı. “Çarlz Bukovski sən deyilsənmi?” – deyə soruşdu. Kitablarımı oxumuşdu. Bəlkə də bu səbəbdən ordaydı…
Və ya onun “Səni arxandan vurana hirslənmə, ona güvənib arxanı ona etibar edən sənsən. Arxanca danışandan da incimə, onu insan yerinə qoyan yenə sənsən” kimi fikirləri əlbəttə, bizləri təəccübləndirməyə bilməzdi. Bu o zamanlar idi ki, Çarlz Bukovski kimi şairlər burjua tör-töküntüsü və ya küçə ədəbiyyatının nümayəndəsi kimi israrla rədd edilirdi. Həm də o zamanlar idi ki, hara baxırdın Zoya Kosmodemyanskaya və ya Oleq Koşevoy kimilərini görərdin.
Dəmlər o dəmlər idi ki, səmimi düşünmək, Frans Kafka kimi “aciz”, ”yalnız” olmaq hətta, cinayət məsulliiyəti yarada bilərdi. Bizlər isə Kafkanı axtarırdıq. Onu isə xəsisliklə tərcümə edirdilər. Luis Borxes kimi dahi belə, Kafkanın əsərlərinə qorxulu yuxu kimi baxdığındanmı, ya hansısa səbəbdən bilmirəm, nədənsə Frans Kafka bizə təqdim edilmirdi. Moskvada, keçmiş ittifaqın digər şəhərlərində Kafka, Lorka, Borxes və sairələr tərcümə olunurdu. Bizdə isə bunu lazım bilmirdilər. 80-ci illərin axırı, 90-cı illərdə az da olsa bunlar tərcümə olunmağa başlanıldı. Yaxşı oldu ki, bu, bizim tələbəliyimiz dövrünə təsadüf etdi və biz də tanış olmağa imkan tapdıq.
Bir dəfə rəsm sərgilərinin birində Səttar Bəhlulzadənin əsərlərinin nümayişi keçirilirdi. Mən də Bəhlulzadənin vurğunu idim. Ona görə ki, hamının eyni düşüncəyə zorlandığı vaxtlarda o – Səttar ayrı cür düşünürdü, ayrı cür çəkirdi. Həmin rəsm sərgisinə baxmalı oldum. Bir nəfər xarici görünüşündən rəssama oxşayan şəxs onun mavi boya ilə işlənmiş “Çaynik” rəsminin qabağında yalan omasın, bir saata yaxın dayanır hey baxib, nəsə düşünürdü. Yəqin həmin şəxs Səttarı başa düşən adam idi, mən isə təəssüf hissi ilə alışıb yanırdım ki, Səttar dünyasını başa düşmürəm. Nəinki, mən, böyük əksəriyyətimiz, cəmiyyətimiz Səttarı başa düşmürdü.
Yadımdadı, maqnitafonu olan əksər gənclərdə eniqma (kilsə mahnları) kasseti mütləq olmalıydı. Sovet ideoloji sistemi qadağan etmişdi, gənclik isə bunları axtarib tapırdı və qulaq asırdı. Əslində bu musiqidə həyata nikbinlik gətirən nəsə bir şey yox idi, amma gənclik üçün fərq etmirdi. Qadağan olunubsa, deməli nəsə var, düşüncəsi hökm sürürdü. Həmin vaxtlar idi ki, amerikan filmi “Bir dəfə Amerikada” nümayiş olundu. O kinodakı musiqi dərhal hər bir gəncin sevimli musiqisinə çevrildi. Bir balaca Cazz musiqisinə meydan verilmişdi, necə sevinirdik. Hətta, şalvar üçün kəmər alanda, axtarırdıq, üzərində CAZZ həkk olunmuş kəmərləri seçirdik. Məşhur caz ustası Corc Benson indi gəlib Bakıda çıxış edir. Amma biz onun xarici radiolarda səsini azacıq eşidəndə necə xoşhal olurduq. Dünya estradasının ozamankı, ulduzları bizim üçün əlçatmazlar idi. Dünyaca məşhur estrada qrupları və ulduzları Modern Talking, Abba, Adriano Çelentano, Alla Puqaçova, Elvis Presli, Maykl Cekson bizim hər zaman axtardıqlarımız idi. Məncə, bütün bu qərb sənət və musiqisi bizim milli xüsusiyyətlərimizə zərrə qədər təsir etmirdi. Çünki özümüzün də o zaman üçün heç də pis olmayan cazz və estrada musqimiz vardı. Həmin vaxtlar onlarla paralel olaraq dahi Vaqif Mustafazadə dünya cazından geri qalmayan Azərbaycan cazını yaratmış və sevdirmişdir.
Meyxana harda əlimizə keçirdisə, həmin dəqiqə əzbərləyərdik. Mənə elə gəlir ki, əsil meyxana elə onda var idi. Çünki kütləvi deyildi. Kütləviləşəndən sonra meyxananın dadı-duzu itdi. Bir zamanlar isə məşhur İran müğənnisi Ququş bizm gəncliyin qulaq asdıqlarından oldu. Onu “Uzun gecə” filmindən tanıyırdıq. Hələ onda bilmirdik ki, o, həm də azərbaycanlıdır.
İntibah dövrünün İtalyan yazıçısı Covanno Bokacconun “Dekameron” əsəri bir dəfə çap olunmuş və sonra qadağan olunmuşdu deyə əksər kitabxanalardan yığışdırılmışdı. Tapmaq olmurdu. Mənə bir dostum tapdı və dedi:
“Bir həftəyə mütləq qaytar”! Oxudum. Bu əsərin niyə qadağan olunduğunu indiyə qədər anlaya bilməmişəm. Əslində, bu kitabdakı novellalar tragik sonluqla nəticələnirdi, ya bir qədər də açıq-saçıq səhnələr təsvir olunurdu, deyə bilmərəm, amma qadağan olunmuşdu. Bzim nəslin gəncliyinin bir sevimli yazarı da qırğız yazıçısı Çingiz Aytmatov idi. Nədən Aytmatovu bu qədər sevirdik?! Çünki, Aytmatov fərqli mövzular və yazı priyomları ilə bizi özünə cəlb etmişdi. Fikrimcə, Aytmatov heç nə yazmasaydı belə, təkcə “Əlvida Gülsarı” povesti ilə ədəbiyyatda qala bilərdi.
Türk ədəbiyyatından isə o əsərlər tərcümə olunub, çap edilirdi ki, mütləq faciəvi sonluqla yekunlaşsın. Nikbinlik gətirən nəsə bir şey olmasın. Türkiyə ədəbiyyatı, kinosu bizdə faciə ədəbiyyatı, kinosu kimi assosasiya olunmuşdu. Ona görə ki, sovet ideologiyasına görə burjua dünyasında yaxşı şey ola bilməzdi. Amma bununla bərabər hər birimiz üçün sevimli olan Türkan Şoray, İbrahim Tatlısəs, Zəki Müren var idi. Müren bir şarkısında (mahnısında) hansısa bitən eşq (aşk) haqqqında oxuyurdu, bizim isə ona olan eşqimiz sonsuzlaşır, bitməz olurdu. Səkkiz və ya doqquzuncu sinifdə oxuyurdum, radioda hansısa dalğada, türk müğənnisi Ferdi Özbeğenin gözəl bir mahnısını tapmışdım, sözlərini tam başa düşürdüm. Səhərisi gün ədəbiyyat müəllimimdən soruşdum:
– Kimdir bu millət ki, biz onların dilini tam başa düşürük?
Onun cavabı belə oldu: “Belə işlərə baş qoşma”.
O zamanlar şahmat, futbol, əltopu (həndbol), ağır atletika, xokkey və sair idman növləri populyar idi. İttifaq çempionatında Bizim respublikamizi təmsil edən Bakının “Neftyannik” klubu qələbə çalanda toy-bayram, uduzanda isə faciə yaşamış kimi olurduq. Harri Kasparov şahmat üzrə dünya çempionatında Anatoli Karpovla yraışanda biz həmin yarışları nəfəs dərmədən izləyirdik. Məlun Kasparov üçün dualar edirdik. O da ki, bizə xəyanət etdi. Bir fizika müəllimimiz var idi – Qulamhüseyn müəllim. O, Karpovun qələbə çalmasını arzu edirdi. Soruşanda cavab verirdi ki,
– Harri Kasparov ermənidir fayda verməz. Indi bilirəm ki, necə uzaqgörən imiş həmin müəllim.
İndiki gəncliyin maraq və zövqlərini dərk etməkdə çətinlik çəkirəm. Düzdür, hər zaman gəncliyi dərk etmək, anlamaq çətin bir işdir. Amma zövq və maraqlarını izləməyə çalışdığım müasir gəncliyin bir özəlliyini özüm üçün müəyyən etmişəm. Nədənsə, müasir gənclik daha çox “incə” jestlərə üstünlük verir. Həm hərəkətlərində, həm də yanaşma tərzində, qadın yanaşması üstünlük təşkil edir. Bir çoxları bunun bir səbəbini müəllimlərin əksəriyyətinin qadınların təşkil etməsi ilə izah edir (Yeri gəlmişkən, deyim ki, mən də bu fikirdəyəm). Bəziləri isə bunu qloballaşan dünyada gəncliyin də bu, qloballaşamanın təsirinə düşməsi ilə izah edirlər. Lakin bu belə davam edərsə, buna istiqamət verilməzsə, kosmopolit bir kütlə ilə üzləşməli olacağıq. Bu günkü, gəncliyin kumiri Faiq Ağayev, Aygün Kazımova, Röya Ayxan, Samir Bağırov və sairə olacaqsa, bunu düşünmək belə dəhşətdur. Ədəbi gənclik isə hələ dar çərçivə üçün yazır, yaradır. Ona görə də ədəbi gəncliyi izləmək bir qədər çətindir. Elmlə məşğul olan gənclik ya yoxdur, ya da geniş ictimaiyyətə tanıtdırılmır.
Qlobal dünyamızda bütün təməl ideologiyalar inkar edilir. Bunun nəticəsində amorf, kosmopolit kütlə yaranacaq ki, ərazi və milli özəlllikləri özündə ehtiva edən dəyərlərin aradan çıxması kimi təhlükə ilə üzləşmiş olacağıq. Bütün bunları deməklə heç də o fikirdə deyiləm ki, gənclik inzibati metodlarla istiqamətləndirilsin. Amma milli dəyərələrimizi qorumaq üçün müasir sosioloji və ideoloji metodlarla gəncliyimizin milli fərdiyyətini qorumalıyıq. Əks təqdirdə, nə ilə üzləşəcəyimizi proqnozlaşdırmaq mümkünsüzdür.
Şahin Şah

Şərh Yaz