Təhsil işçiləri şahmat yarışında

Təhsil  işçiləri şahmat yarışındaRayon Təhsil Şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarları İttifaqı İsmayıllı Rayon Komitəsi ümumi təhsil müəssisəsinin müəllimləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Şahmat yarışı keçirmişdir. Yarışda rayonun 40– dan çox təhsil müəssisələrində çalışan müəllimlər iştirak etmiş və bu qədim intellektual idman növü olan şahmat yarışında öz güclərini sınamışlar.
Gərgin mübarizə şəraitində keçən yarışda şəhər 7 nömrəli tam orta məktəbin şahmat müəllimi Cahangir Niftalıyev I, şəhər 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Arif Mirzəyev II, şəhər 6 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi İlham Yusifovun III yerləri tutmuşlar.
Qaliblər RTŞ – si və ATİAHİ RK- nın birgə diplomlarını və pul mükafatını almışlar. Yarışda I yeri tutmuş Cahangir Niftalıyev aprel ayında Bakı şəhərində keçiriləcək Respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanmışdır.
Bundan əlavə, ümummilli lider Heydər Əliyevin yubileyinə həsr edilmiş tədbirlər planına uyğun olaraq aprel və may aylarında təhsil işçiləri arasında voleybol və stolüstü tennis yarışlarının keçirilməsi planlaşdırılmışdır.
Hafiz Kərimov,
ATİAHİ Rayon Komitəsinin sədri

Şərh Yaz