Təbiəti sevək, qoruyaq

Təbiəti sevək, qoruyaqİnsan təbiətin şah əsəridir deyiblər filosoflarımız. Dahi Nizami Gəncəvi isə insanı dünyanın əşrəfi, ən qiymətli varlığı hesab edib. İnsanın ağlı, şüuru onun həyatda yolunu müəyyənləşdirən, cəmiyyətin formalaşmasına, inkişaf etdirilməsinə təkan verən ən mühüm amildir. İnsan qurur, yaradır, yerin, göyün sirlərini açır. Öz ağlı ilə kəşflər edir, möcüzələr yaradır. Təbiəti sevir, onu gözəlləşdirir, bu gözəlliyi qiymətləndirməyi bacarır. Ətrafında olan hər nə varsa onu gözəl, cazibədar, zövqlü görmək istəyir. Buna görə də təbiəti sevir, onu qoruyur. Təbiəti qorumaq isə bizim sağlamlığımız, uzunömürlülüyümüz deməkdir. Yaşıllığı zənginləşdirmək hamının borcudur. Təbiət bir ahəngdir. Ritmlə döyünən bir ürəkdir. Gözəlliyi başa düşməkdə, qiymətləndirməkdə bizə kömək edir.
Əslində, biz bu təbiətin bir parçasıyıq, o, bizim hamımızın evidir. Təbiət bizə hər şeyi səxavətlə vermişdir. Biz bu səxavətdən bacarıqla istifadə etməliyik. Hər şeydən əvvəl, sularımızın, ətraf mühitin təmizliyini, havamızı göz bəbəyi kimi qorumağı bacarmalıyıq. Buna isə yaratdığımız əlverişli mühit vasitəsilə nail ola bilərik. Bu məqsədlə hər il olduğu kimi, bu il də məktəbimizin müəllim və şagird kollektivi ətraf mühitin təmizliyini qorumaq, xoş mühit yaratmaq üçün müxtəlif tədbirlər həyata keçirir.
İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən mart ayının “Təmiz şəhər” aylığı elan edilməsi işimizə olan məsuliyyətimizi daha da artırmışdır. Şəhərimizdə gedən tikinti-abadlıq işləri bizi daha da ruhlandırır. Məktəbimizin ətrafı, onun arxasında yerləşən su arxlarının təmizlənməsi, meyvə ağaclarının budanıb dibinin bellənilməsi, yeni tinglərin və gül kollarının əkilməsi işi həyata keçirilir. Çünki təbiəti nə qədər sevsək, ona nə qədər qayğı ilə yanaşsaq sağlamlığımıza da elə məsuliyyətlə yanaşmış olarıq.
Baharın gəlişi ilə təbiət canlanır, gözəlləşir. Bu gözəlliyi isə onu daha da zənginləşdirməklə artırmaq olar. Vaxtı ilə Ümummilli liderimiz payız və yaz aylarında “hərəyə bir ağac əkək” təşəbbüsünü irəli sürür və özü də bu işdə fəal iştirak edirdi.
Ümummilli liderimiz həmişə insanın əsas vəzifəsi hesab etdiyi yaşıllaşdırma işini ön plana çəkirdi. İndi kölgəsində bakılıların həvəslə dincəldiyi ağacların əksəriyyəti məhz onun hakimiyyəti illərində əkilib becərilmişdir.
Doğma yurdumuz, Azərbaycanın bir parçası olan İsmayıllı gözəlliklər diyarıdır, zəngin təbiət muzeyidir. Başı göylərə ucalan vüqarlı Babadağ, gur sulu çaylarımız, min bir dərdin dərmanı olan şəfa bulaqlarımız məhz bizim payımıza düşüb. Gəlin bu gözəlliyi qoruyaq, sevək, ata-babalarımızdan bizə yadigar qalan təbiətin, təbiət abidələrimizin, təbii sərvətlərimizin qədrini bilək. Biz də onu sevə-sevə, qoruya-qoruya gələcək nəsillərə yadigar qoyaq.
Məktəbimizin kollektivi bundan sonra da təbiətin gözəlləşməsi, zənginləşdirilməsi, qorunması ilə bağlı təşəbbüslərə həvəslə qoşulacaq, onun hər bir ağacına, çiçəyinə qayğı və diqqətlə yanaşacaq.
Gilas Musayeva,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli məktəbin direktor müavini

Şərh Yaz