Onların qayğıya daha çox ehtiyacı var

Onların qayğıya daha çox ehtiyacı varBayramların içində bir bayram da var: ən əziz, ən doğma, ən sevimli bir bayram – Novruz bayramı. Bu bayram milli birlik, barışıq, ünsiyyət, təmizlik, yenilik, ülfət və səmimiyyət bayramıdır. Əsrlərin sınağından çıxmış, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə təcəssüm etdirən bu bayram insanlar arasında mehribanlıq, bir-birinə qayğı, hörmət hisləri yaratmışdır. Ulularımızın daxili aləminin zənginliyini nümayiş etdirən bu bayram günlərində ölkəmizin hər yerində, hər evdə xoş əhval-ruhiyyə hökm sürür.
Novruz lap qədimdən bu günə kimi xalqımızın milli inanclarını özündə əks etdirir. Bu bayramın əsas göstəriciləri olan su, od, yel və torpaq çərşənbələri canlı varlığın yaşaması, inkişaf etməsi üçün vacib olan dörd ünsürün məcmusu kimi də səciyyələnir. Novruz təbiətin oyanması, xalqın əkin işlərinə başlaması kimi də yaddaşlarımızda formalaşmışdır. Səməni bu işlərin simvoludur.
Milli, etnik etiqadlara söykənən mifik, mənəvi, əxlaqi duyğuları özündə əks etdirən bu bayramın qeyd edilməsi uzun illər müxtəlif qadağalarla üzləşsə də? öz dəyərini, milli xüsusiyyətlərini qoruyub saxlamışdır. Bu bayramı məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev onu milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir.
Bu bayramın milli gücü bu gün də öz bəhrəsini verir. Təkcə Azərbaycanda deyil, başqa ölkələrdə yaşayan azərbaycanlılar da bu bayramı çox böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Bu ərəfədə Azərbaycanın bütün guşələrində bayram tonqalları qalanır, bayram xonçaları tutulur, hər evdə şadlıq süfrələri açılır.
Məktəblərdə və bağçalarda, fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların yaşadığı tərbiyə müəssisələrində bu tədbirlərə böyük həvəslə qatılır, bu bayramın gəlişini səbirsizliklə gözləyirlər. Belə xoş günlərdən biri də bu günlərdə bizim məktəbimizdə yaşandı. Bir neçə ildir ki, məktəbimizdə bir ənənə şəkli almış, böyük sevinclə qeyd olunan bir şənlik yenidən hamının sevincinə səbəb oldu. Fiziki və əqli cəhətdən qüsurlu olan şagirdlərlə birlikdə keçirilən Novruz bayramı şənliyi hamının ürəyincə olan bir tədbirə çevrildi. Musiqi sədaları altında keçirilən bu bayramda uşaqlar şənləndilər, çalıb oynadılar, onlara verilən suallara, tapmacalara həvəslə cavab verdilər. Baharın gəlişi, Novruzun sevinci onların dilində belə səsləndi.
Bahar gəlir bizim azad ellərə,
Mahnı qonur dodaqlara, dillərə.
Parlaq günəş meydan açır güllərə,
Qaranquşun müjdəsisən, Novruzum.

Kosa və Keçəlin məzəli hərəkətlərinə ürəkdən gülüb sevinən uşaqları görəndə fikirləşirsən ki, insan kimisə sevindirə bilirsə, kiməsə xoş anlar bəxş edə bilirsə, demək, kiməsə lazımdır. Məncə, bundan böyük xoşbəxtlik ola bilməz insan üçün. Düşünürsən ki, belə uşaqların sevinməyə, xoş sözə, xoş söhbətə, qayğıya daha çox ehtiyacı var.
Tədbirdə həmin uşaqların valideynləri, onlara dərs deyən müəllimlər öz ürək sözlərini söylədilər. Bu bayram tədbirini hazırlayan müəllimlərə və şagirdlərə öz minnətdarlıqlarını bildirdilər. Tədbirdə məktəbin pedaqoji kollektivi, Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov iştirak etdi. Bayram şənliyində məktəbin tədris işləri üzrə direktor müavini Gülxar müəllimənin, məktəbin direktoru Ramil müəllimin söylədiyi xoş sözlər, onların uşaqlara bəslədiyi gözəl hisslər hamının ürəyincə oldu. Tədbirin həyata keçirilməsində İsmayıllı bələdiyyəsinin maddi yardımından istifadə olundu. Bələdiyyənin gətirdiyi hədiyyələr 57 şagirdi sevindirdi.
Tədbirdə iştirak edən şagirdlər üçün bayram süfrəsi açıldı, onlara bayram hədiyyələri verildi. Hamı bir-birinə möhkəm can sağlığı, təhsildə və həyatda uğurlar arzuladı. Tədbir şagirdlərin oynaq və şən rəqsləri ilə başa çatdı.
Gültəkin Abdulova,
şəhər 2 nömrəli tam orta məktəbinin psixoluqu

Şərh Yaz