Bir küçənin hekayəti

Salam, əziz və hörmətli “İsmayıllı xəbərləri!” Səni narahat eləyən küçədir. Sadə, adi bir küçə. Düzünü bilmək istəsən, heç adımı da düz-əməlli bilmirəm. Bəziləri Ş.Ağayev deyir, bəziləri də M.Ə.Sabir dalan 2. Amma mənimçün fərqi yoxdu, ikisi də əzizdi. Birincisi şəhidimizin adıdı, o biri də sevilən satirik şairimizin. Bəlkə də elə bunda bəxtim gətirib ki, həm şəhidimiz kimi ölməz və qüdrətliyəm, həm də şairimiz Sabir kimi söz deməyi bacarıram. Açığını mənim sakinlərim də pis deyillər. Məni təmiz və səliqəli saxlayırlar, heç səs-küy də salmırlar. Vallahi, bu adamlardan incisəm, Allah məni cığıra döndərər. Lakin mənim dərdim başqadı, qardaş. Düzünü bilmək istəsən, iki adı olan mən küçənin lap kənd küçələrinə paxıllığım tutur. Soruş ki, niyə? Mən də ərz edim ki, əzizim, mən yazıq çox utanıram, hələ lap xəcalət də çəkirəm. Çox qorxuram. Birdən yağmadı yağış, bitmədi qamış. Aha, yağış dedim gör yadıma nə düşdü? Vay o günə ki, qar ola, yağış ola, hələ bir külək əsə, vay mənim halıma. Hamı işıqda yol gedər, məndən keçən insanlar qaranlıq olduğuna görə mən tərəfə heç baxmazlar da. Saatlarla qalıram işıqsız. Mən bir yana, sakinlərim də zülm çəkir. Gah xətt qırılır, gah da ki , nə bilim nə…
Yenə yaz gəlib, təbiət oyanıb. Şair demişkən:
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?
Heç mənim sularım da təmiz deyil. Niyə ki, mənim qəlbimdən keçən su boruları partlayıb, su axıb mənim kürəyimi isladır və həm də palçıq edir. Bu dəliklərdən borulara dolan lil suyu bulandırır. Bircə təsəllim odu ki, su axıb çuxurun tapır. Məhəllənin qazları gəlib əməlli-başlı çimib, sərinlənirlər.
Qaz dedim, yadıma qaz düşdü. Özü də qırmızı qaz. Bilirəm, deyəcəksən: niyə qırmızı, heç qaz da qırmızı olar? Gəl, mən sənə göstərim, sən də bil ki, o qaz niyə qırmızıdır. Yazıq o qədər zəifləyib ki, utandığından qızarıb. Heç adam içinə çıxmağa üzü də yoxdur. Əslində, bu da bir yenilikdir. Mavi yanacaq olmasın, qırmızı yanacaq olsun. Yəqin bu qırmızı, incə, zəif təzyiqli qazdan heç kimin xəbəri yoxdur. Xəbər tutan kimi, “Qırmızı kitab”a salacaqlar.
Bu yaxınlarda çox şad və sevindirici bir xəbər aldım. Eşitdim, yaman quruculuq və yenilənmə, təmir işləri başlayıb. Düzü, çox sevindim. Nə gözəl! Mənim elə dostlarım, tay-tuşlarım var ki, elə mənim günümdədir. Sevindim ki, biz də inşallah, bir gün görərik. Amma buna baxmayaraq, hələ mənim üzümə baxan yoxdu, o ki, qaldı kimsə gəlib məni yeniləyə. Neynək? Yeməkdən ümid yaxşıdır deyiblər, – məndən keçən insanlar . Yəqin mənim də üzümə gün doğar. Məndə yaşayan, məndən keçən insanlar da rahat olar. Hər halda səbirsizliklə gözləyirəm…
Gözüm yoldadı, qulağım səsdə,
Hər addım səsi məni aldadır.

Bu mahnını arada sakinim Rövşən oxuyur.

Şərh Yaz