Gələn sabahlar uğurlu olacaq

Gələn sabahlar uğurlu olacaqMart ayının 15-də Diyallı kəndində RİH başçısı Mirdaməd Sadıqovun səyyar görüş-qəbulu olub. Görüş son 30 ildə təmirə ehtiyacı olan kənd mədəniyyət evində keçirilib. Tədbirə gələnləri salamlayan M.Sadıqov söhbətə kəndin, burada yaşayanların sosial durumunu binanın vəziyyəti ilə eynilik təşkil etdiyini qeyd etməklə başlayıb. Açıq söhbət zamanı kənddə işsizliyin başlıca problem olması səslənib. Görüşdə fərdi təsərrüfat sahiblərinin işsizlikdən gileylənmələri qəribə səslənsə də, kənd sakinlərinin imkan və bacarıqlarına uyğun yeni iş yerlərinin açılmasından söhbət gedib. Kənd ərazisində aqrar sahənin inkişafı ilə məşğul olmaq istəyənlərə biznes planların hazırlanmasında bu sahənin mütəxəssislərinə tapşırıqlar verilib.
Gələn sabahlar uğurlu olacaqSosial infrastrukturun son aşağı həddə olması kəndin uzun müddət diqqətdən kənarda qalmasından xəbər verir. Burada yol, işıq, qaz, içməli su problemi hələ də həllini gözləyir. Sosial, mədəni xidmət obyektlərində işləmək üçün normal şərait yoxdur. Diyallı kənd inzibati ərazi dairəsinə daxil olan Sədiyan və Güyüm kəndlərində də vəziyyət elə bu cürdür.
Söhbət zamanı torpaq sahələri üzrə aparılan islahatlardan gileylənənlər, fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi almaq istəyənlər, ailə vəziyyətinin ağır olmasından, maddi köməkliyə ehtiyac duyduğundan söz açanlar da oldu. Diyallı kəndində yer sürüşməsindən zərər çəkənlər onlara diqqət göstərilməməsindən şikayətləndilər.
Gələn sabahlar uğurlu olacaqYaxın keçmişdə Diyallı elm, zəhmət adamları ilə ölkəyə səs saldığı halda, bugünkü vəziyyət acınacaqlı və düşündürücüdür. Mövcud vəziyyətdən çıxmağın yolu isə qüvvələri səfərbər etməkdir.
Diyallı kəndində 332, Sədiyanda 62, Güyümdə isə 39 ev vardır. Əhalinin ümumi sayı 2107 nəfərdir. İƏD-in ərazisi 4022 hektardır və bu il əkinə yararlı sahələrin 750 hektarı əkilib.
Kənddə saxlanılan mal-qaranın, ev quşlarının sayı da ərazidə sosial durumun ağırlığından xəbər verir.
Hamı yaxşı dolanmaq istəyir. Buna hər kəsin haqqı və hüququ vardır. Amma hər kəs onu da bilməlidir ki, yaxşı işləmədən yaxşı yaşamaq ancaq arzu ola bilər. Elə buna görə də görüşdə əl-ələ verib faydalı iş birlikləri qurmaqdan, ərazidən turizm məqsədi ilə istifadə olunmasından da söhbət getdi. Tədbirdə səslənən münasib təkliflər istiqamətində iş aparılacağı qeyd olundu.
Kənd sakinləri tədbirə gələndə nə qədər qayğılı görünsələr də, evlərinə qayıdanda üzlərindən qarşıdan gələn sabahların uğurlu olacağına inam oxunurdu.
Ş.Soltanov

Şərh Yaz