Zona mərhələsinin uğurlu nəticəsi

Zona mərhələsinin uğurlu nəticəsi5 mart 2013-cü il tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində ”Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji tərbiyəsini daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışının zona mərhələsi keçirildi.
Zona mərhələsində Qəbələ, İsmayıllı, Şəki, Zaqatala, Qax, Balakən, Oğuz, Göyçay, Ağsu, Şamaxı, Ucar, Zərdab, Qobustan rayonlarının komandaları iştirak edirdi. Gərgin və maraqlı keçən bilik yarışında münsiflər heyətinin qərarına əsasən İsmayıllı rayonunun komandası I yerə, Qobustan rayonunun komandası II yerə, Ucar rayonunun komandası III yerə, Şəki rayonunun komandası isə IV yerə layiq görüldü.
İsmayıllı rayonunu Təzəkənd kənd tam orta məktəbinin XI sinif şagirdləri Aydan Ağazadə, Murad Şahlarlı, Ramtiq Alızadə və IX sinif şagirdləri Ləman Ağalı, Nazpəri Əzizli təmsil edirdilər.
Yarışın yekununda RTŞ-nin müdir müavini Rahim Baxışov qalib komandaları təbrik etdi və onlara İsmayıllı RTŞ-nin Fəxri fərmanları, Diplomları, bütün iştirakçılara Sertifikatlar təqdim edildi.
Ekoloji breyn-rinq bilik yarışının zona mərhələsinin yekununda çıxış edən Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Lalə Dadaşova keçirilən belə bilik yarışlarının, müxtəlif ekoloji aksiyaların, tədbirlərin şagirdlərin ekoloji tərbiyəsində mühüm əhəmiyyəti olduğunu qeyd etdi.
Zümrüd Mirzəli,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin dərnək rəhbəri

Şərh Yaz