Vətəndaş təşəbbüsü, həkim sözü

Bəşər övladının dünyaya gəldiyi gündən zehni, düşüncəsi və idrakı ilə bütün canlılardan fərqli inkişaf, təkamül prosesi keçməsidir. Təsadüfi deyil ki, böyük Yaradan insanı – yer üzünün əşrəfi saymışdır.
Bəli, digərlərindən fərqli, lakin vətəndaş təşəbbüsü ilə yazılan bir yazı mənim diqqətimi cəlb etdi (“İsmayıllı xəbərləri” qəzeti 30 yanvar 2013-cü il). Respublikanın Əməkdar həkimi, hamımızın hörmət etdiyimiz həkim Şahmurad Şirəliyevin yazısı. İlk diqqətimi çəkən hal isə məktubun (yazının) uzun müddət arxiv sənədi olması idi. Bunun adı birmənalı şəkildə biganəlik olsa da, yenə də şükürlər olsun ki, sözə, elmə dəyər verən “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Dağlaroğlu bu yazının yolunda yaşıl işıq yandırıb.
Yazıda uzun ömür, saflıq, sivil cəmiyyət məsələsi oxucunu düşündürür. Oxucu adekvat olaraq bu istiqamətdə yeni üsullar, yeni variantlar axtarır. Doğrudur, cəmiyyət inkişaf yolundadır, elmi-tərəqqi də göz qabağındadır.
Bəs sağlam dünya – sağlam insan faktoru necə? Bu sualdır. Birinci, onu şəxsi düşüncəmlə aydınlaşdırmaqla demək istərdim ki, bütün inkişafların müqabilində sağlamlıq istiqamətində də respublikamızda qlobal layihələr icra olunur. Lakin bir fakt diktə edir ki, müasir insan həddən ziyadə yüklənib. Məktəbin ilk sinfinə gedən uşağın çantasının çəkisindən tutmuş, təqaüd yaşına çatan şəxsin mənəvi və maddi, gərgin və əsəbi halına kimi.
İkinci faktor, cəmiyyətdəki kapitalizm quruluşuna xas təbəqələşmə. Üçüncü, insanların, xüsusi ilə gənclərin kitabdan və kütləvi idmandan üz döndərmələri. Dördüncü, ölkəyə daxil olan dərman pereparatlarının qismən saxtalığı.
Beşinci hal isə, maarifləndirmə işlərinin zəif aparılması. Bütün sadaladığım hallar mənim zənnimcə, sağlamlığa əks, sivil cəmiyyətin inkişafına məhdudiyyət yaradan gerçəkliklərdir.
Həkim Ş.Şirəliyevin ürək yanğısı ondan xəbər verir ki, inkişafı, müasirliyi, sağlamlığı prioritet sayan insanlar vardır. Düşünürəm ki, böyük qəlb sahibi olan həkimin bu yazısı təbliğat vasitəsidir və bu mövzu ətrafında düşünməyə dəyər.
Eldar Əliyev,
“Babadağ” Xeyriyyə Cəmiyyətinin sədri

Şərh Yaz