Müraciətlərə qanunun tələbləri çərçivəsində baxılacaq

Müraciətlərə qanunun tələbləri çərçivəsində baxılacaq
İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov fevral ayının 27-də “Gəncə” Uşaq kitabxanasının iclas zalında 150-ə yaxın sakini qəbul etdi.
Qəbula gələnlər rayonun müxtəlif yaşayış məntəqələrini təmsil etsələr də ümumilikdə işsizlikdən, sənədləşdirmə məsələlərində süründürməçilikdən, zəlzələ və yer sürüşməsindən zərər çəkmələrindən, şəhid ailələrinə diqqətin səviyyəsindən söhbət açdılar.
Ailə vəziyyətinin, mənzil şəraitinin, maddi durumunun aşağı olmasından gileylənənlər, imkansızlıqdan müayinə və müalicəyə ehtiyacı olduğunu söyləyənlər də vard
Qəbula gələnlərin bir hissəsi həyətyanı torpaq sahəsi, bəziləri isə ticarət köşkü tikmək üçün yer almaq istədiklərini bildirdilər.
Başçı qəbula yazılanları diqqətlə dinlədi. Qəbulun bu cür təşkilinə iradlarını bildirdi. M.Sadıqov qeyd etdi ki, rayonun əksər yaşayış məntəqələrində görüş-qəbullar həyata keçiriləcək. İnzibati ərazi dairələrində ümumilikdə və ayrı-ayrı vətəndaşların problemləri qeydiyyata alınmalıdır. Yerli icra nümayəndəlikləri, bələdiyyələr işlərini elə qurmalıdırlar ki, problemlərin həlli üçün vətəndaşların kütləvi halda rayon mərkəzinə gəlmələrinə ehtiyac qalmasın.
Başçı sahibkarlıq və aqrar sektorda çalışmaq istəyənlərə münasib, sərfəli şərtlərlə kreditlər veriləcəyini söylədi, kəndlərdən gələrək rayon mərkəzində həyətyanı torpaq sahəsi almaq istəyənlərə ata-baba torpaqlarına üz tutmağı məsləhət gördü. O, bu fikri nəzərə alanlara hər cür yardım və diqqət göstəriləcəyini də vurğuladı
M.Sadıqov edilən hər bir müraciətə qanunun tələbləri çərçivəsində baxılacağını söylədi.
Başçının xahişi ilə İsmayıllıya gəlmiş Bakı Tikiş Evinin rəhbərliyi rayonda 50 nəfəri işlə təmin edə biləcək sexin tezliklə qurulacağını və işə başlayacağını bildirdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz