Qazdan istifadə edərkən təhlükəsizlik qaydalarına riayət edin!

Qazdan istifadə edərkən təhlükəsizlik qaydalarına riayət edin!Qaz cihazlarından təlimata uyğun istifadə edilməməsi səbəbindən insan itkisi və xəsarət alması ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələr baş verir. Bu cür fövqəladə halların baş verməməsi üçün aşağıdakı təhlükəsizlik qaydalarına əməl etmək vacibdir:
– Yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi fövqəladə halların baş verməməsi üçün obyektlərdə və yaşayış sahələrində standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək qadağandır!
– Hər bir məişət qaz cihazının təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və onlardan istifadə zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir!
– Müəyyən məqsədlər üçün qaz cihazlarından qurğu və aqreqatların, hissələrin çıxarılmasına yol vermək olmaz. Qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri yalnız qaz təsərrüfatı müəssisəsi tərəfindən həyata keçirilməlidir!
– Mənzildə adam olmayanda içəri daxil olarkən qazın sızmasına tam əmin olmamış işığı yandırmaq, elektrik cihazlarını işə salmaq, siqaret çəkmək, açıq alovdan istifadə etmək olmaz!
– Qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, bütün sobaların tüstü bacaları təmizlənməlidir!
– Qaz cihazlarını işlək vəziyyətdə qoyub yatmaq, uşaqlara, xəstələrə etibar edib evdən çıxmaq olmaz!
– Qaz cihazlarına qazın nəql edilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır!
– Qaz kəmərlərindən və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq alovdan istifadə etmək olmaz. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir!
– Qaz cihazlarından istifadə edərkən pəncərənin nəfəsliyi açıq vəziyyətdə olmalıdır. Mənzili tərk edərkən qaz cihazları mütləq söndürülməli, qaz borularının ventilləri bağlanmalıdır!
– İşlək qaz cihazlarını nəzarətsiz qoymaq, sobaların həddən artıq qızmasına yol vermək olmaz!
– Mətbəxdə məişət qaz sobalarının üzərinə qazan, çaydan və sair qoyarkən suyun səviyyəsi elə olmalıdır ki, su qaynayanda daşmasın. Belə ki, qaynayan su daşıb odluğu söndürə bilər. Bu isə qaz sızması ilə nəticələnər və partlayış baş verər!
– Vanna otağında nəfəslik, təbii işıq mənbəyi, ventilyasiya kanalı olmalıdır. Qapı bayır tərəfə açılmalı və qapının aşağısında hava daxil olması üçün dəliklər olmalıdır!
– Qaz cihazları olan otaqlarda tezalışan məhsulların yerləşdirilməsi və saxlanması təhlükəlidir!
– Mətbəxdə, mənzildə, vanna otağında, pilləkən qəfəsində, zirzəmidə qaz iyi hiss edildikdə açıq alovdan, elektrik cihazlarından istifadə etməməli, dərhal 104 nömrəli telefonla qaz idarəsinin Qəza Xidmətinə xəbər verilməlidir!
Mehman Məhərrəmov,
Şimal-Qərb Regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru daxili xidmət mayoru

Şərh Yaz