Narahatlıqlar aradan qaldırılır

Narahatlıqlar aradan qaldırılırDekabr ayının 19-da İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, eləcə də xidməti idarə və müəssisələrin rəhbərlərinin iştirakı ilə Peşə Tədris Mərkəzinin binasında vətəndaşları qəbul etdi.
Payız və qış fəsillərində sosial infrastrukturda əhalinin üzləşdiyi bəzi problemlər qəbula gələnlərin sayında özünü göstərirdi. Bununla bərabər, rayonun ayrı-ayrı yaşayış məntəqələrindən ailə vəziyyəti, mənzil və torpaq məsələləri ilə bağlı qəbula gələnlər də vardı.
Millət vəkili Novruzəli Aslanovun qəbulda iştirakı qəbula gələnlər tərəfindən fikirlərini daha geniş açıqlamaq üçün imkan kimi dəyərləndirildi.
Çox maraqlı haldır ki, qəbula gələnlərin əksəriyyəti ölkədə, eləcə də rayonumuzda gedən inkişafdan, insan faktoruna verilən yüksək qiymətdən razılıq etdikdən sonra onları narahat edən məsələlərə toxundular.
Qubaxəlilli kəndindən gəlmiş müəllim Gündüz Əliyev işdən azad olunmasından şikayətləndi və işinə bərpa olunmasını, Bizlan kənd sakini Babakərim Qədirov yanmış evinə görə ona maddi yardım göstərilməsini xahiş etdi. Şəhər sakini Rövşən Şirəliyev qəbulun keçirilməsindən razılıq edərək, açıqlayacağı fikirləri yazılı şəkildə N.Ələkbərova təqdim etdı.
Şəhərin Qəzli yaşayış massivindən olan Cavanşir Sadıqov ərazidə sosial infrastrukturda əsaslı dəyişikliklər aparılmasının vacibliyindən söz açdı, yol, işıq, körpü sarıdan çətinlikləri olduğunu, ailəsindəki mənzil və torpaq sahəsində problemlərinin həllində onə köməklik olunmasını xahiş etdi.
Qəbulda şəhər sakini Vəsilə Allahverdiyeva ailə və mənzil şəraitində problemlərdən danışdı. M.F.Axundov küçəsindəki 27 mənzilli binada yaşayan II qrup Qarabağ müharibəsi əlili Əlişir Məcidov aparılan təmirə görə binada yaşayanların təşəkkürünü əlaqədar təşkilatlara çatdırdı. Lakin mənzilləri isidəcək qazanxananın hələ də fəaliyyət göstərməməsini təəssüflə qeyd etdi. Həmin binanın sakini Sübhan Hüseynov isə fərdi ev tikmək üçün ona torpaq sahəsi verilməsini xahiş etdi.
Təzəkənd kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Vaqif Bağıyev yaşadığı evin zirzəmisinə qrunt sularının dolması səbəbindən evinin yaşamaq üçün təhlükəli vəziyyətə düşdüyünü söylədi. Ailəsi üçün tikilməsi nəzərdə tutulmuş fərdi evin tikintisinə başlanmasının ləngiməsindən narahat olduğunu bildirdi.
Şəhərin Q.Aslanov küçəsində yaşayan Sona Nəcəfova mənzil şəraitinin darısqallığından, həmin küçənin digər sakini Çingiz Abbasov küçənin işıqlandırılmamasından, Abdulla Abdullayev isə N.Nərimanov küçəsində işıqların zəifliyindən, istifadə etdikləri təbii qazın artıb azalmasından söz açdı.
Ağdam rayonundan olan məcburi köçkün Dilqəm Əliyev Qaz İstismar Sahəsinin inzibati binasında yerləşdiyini bildirdi və şəhərdə qaçqın ailələri üçün tikilən fərdi evlərdən birinin də onun ailəsi üçün tikilməsini xahiş etdi.Narahatlıqlar aradan qaldırılır
Təqaüddə olan müəllim Bəylər Ağayev eyni mənzildə iki yetkin oğlu və bir qızı ilə bərabər yaşamasını, oğlanlarına fərdi ev timək üçün torpaq sahəsi almaq istədiyini bildirdi. O həmçinin qeyd etdi ki, yaşla əlaqədar təqaüdə çıxarılan ziyalıların böyük əksəriyyəti hələ də özlərini işəqadir sayırlar. Onların məşğulluğu məsələsini diqqətdə saxlamaq faydalı olardı.
Şəhər sakini Rafiq Abbasov yaşadığı ərazidə qrunt sularının həyətinə dolmasından və telefon xəttində problem olmasından, Abidə Əliyarova şəhid həyat yoldaşı Vaqif Əliyarovun qəbirüstü daşının bərpaya ehtiyacından söz açdı.
Xanagah kəndindən gəlmiş Feyzulla Camalov yaşadığı evin zəlzələdən yaşamaq üçün təhlükəli olan zədələr almasından danışdı və evinin sığortalandığını da diqqətə çatdırdı.
Qəbul iştirakçılarını diqqətlə dinləyən başçı N.Ələkbərov qaldırılan məsələlərlə bağlı əlaqədar idarələrin rəhbərləri ilə görüləcək işlər barəsində söhbət apardı. Elə buradaca, narahatlıqların aradan qaldırılması üçün tapşırıq və göstərişlər verdi.
Millət vəkili N.Aslanov isə maddi köməkliyə ehtiyacı olanlara mümkün yardımların ediləcəyini bildirdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz