Çox düşüb

Gülər ƏmirqızıÇox düşüb
Babayeva Gülər Əmir qızı 1977-ci ildə İsmayıllı rayonunun Topçu kəndində anadan olub. Topçu kənd tam orta məktəbini bitirərək, təhsilini Azərbaycan Dövlət Pedaqoji Kollecində davam etdirib.
Hazırda rayonun Mücü kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləyir.
Gülər ilk şeirlərini orta məktəbdə oxuduğu illərdə yazıb. Ona yaradıcılıq uğurları arzulayıb, iki şeirini oxuculara təqdim edirik.

Çox düşüb
Dünya sahibinin dağılıb varı,
Zəncinin payına qara çox düşüb.
Sarısı Günəşə, mavisi göyə,
Yanağın allığı nara çox düşüb.

Qış kimi ötürdüm gələn hər ili,
Yoxdu dərdlərimin sonu, sahili.
Mənimdi bu eşqin dərdi, nisgili,
Amma səadəti yara çox düşüb.

Vəfası düz olan doymaz elindən,
Oxunmaz yetənin içi çölündən.
Naxələf əlindən, namərd əlindən,
Vətən də mənim tək, dara çox düşüb.

Yorsa da Güləri bu fikir, xəyal,
Susmağa haqqı yox, doğulmayıb lal.
Halal zəhmət ilə arınındı bal,
Dünyanın ağusu mara çox düşüb.

Etiraf
Niyə mənim dərdlərimi,
Eşidən kar, görən kordu?
Göz yaşlarım bulaq kimi,
Səssiz axdı, məni yordu.

Çayır olub göyərir qəm,
Sevgi gedib, eşq itibdi.
Dərdimdən qala tikmişəm,
Cığırında kol bitibdi.

Tale hər an gülmür üzə,
İllər keçir, ömür yarı.
Ölüb gedən sevgimizə,
Özüm qazacam məzarı…

Şərh Yaz