Bayrağımız həmişə uca olsun

Bayrağımız həmişə uca olsunÖlkənin hər yerində olduğu kimi, İsmayıllı rayonunda da Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri, xüsusilə də gənclər iştirak etmişlər.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər. Sonra ictimaiyyət nümayəndələri şəhərin mərkəzində yerləşən Bayraq meydanı ətrafında toplaşmışlar.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Ə.Vahabova açmış, Bayraq Gününün ölkəmizdə ilk dəfə qeyd olunduğuna baxmayaraq ölkə ictimaiyyəti arasında böyük sevinc və fərəh hissləri ilə qarşılandığını qeyd etmişdir. Natiq bunun başlıca səbəbi kimi, dövlət bayrağının hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunduğunu vurğulamış, millətin azadlıq rəmzi, vətənin simvolu, hər zaman qürur və inam yeri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Bayrağımız həmişə uca olsun O, Dövlət Bayrağı Gününün ölkəmizdə belə təmtəraqla qeyd olunmasının ümummilli liderimiz Heydər Əliyevin böyük siyasi iradəsi hesabına mümkün olduğunu xüsusi vurğulamışdır. Qeyd edilmişdir ki, məhz ulu öndərimizin siyasi cəsarəti hesabına üç rəngli bayrağımız dövlətimizin rəmzi elan edilmiş və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu almışdır.
Rayonumuzu müxtəlif hərbi idman oyunlarında yüksək nəticələr qazanmaqla şəhər 1 və 6 saylı, eləcə Diyallı kənd tam orta məktəblərini təmsil edən məktəblilərin tədbirdə Dövlət Bayrağı önündən təntənəli parad-keçidi olmuşdur.
Bayram tədbirində “Niyal” xalq çalğı alətləri ansamblının ifasında Vətəni tərənnüm edən musiqi nömrələri biri-birini əvəzləmişdir. Oynaq musiqi sədaları altında rəqs edənlər bayram tədbirini daha da canlandırmışlar.
Bayrağımız həmişə uca olsun, əziz həmvətənlər!
“İsmayıllı xəbərləri”

Şərh Yaz