Nümunə məktəbi olan ziyalı ömrü

Nümunə məktəbi olan ziyalı ömrüSənətkarlar və dağlar diyarı kimi tanınan qədim və gözəl Lahıc qəsəbəsi dəniz səviyyəsində 1500 metr yüksəklikdə qərar tutur. Qəsəbə Girdiman çayının sahilində, füsunkar gözəlliklər toplusunu xatırladan Niyal dağının ətəyində yerləşir. Bu yaşayış məntəqəsində yüzlərlə alimin, sənət adamının təhsil aldığı, 125 yaşlı tam orta məktəb fəaliyyət göstərir. Özümə fəxr bilirəm ki, bu sətirlərin müəllifi kimi mən də bu məktəbin məzunu olmuşam.
Danılmaz həqiqətdir ki, insanın şəxsiyyət kimi formalaşmasında məktəbin və müəllimin böyük rolu vardır. Məktəbdə istər təlimin, istərsə də tərbiyənin məqsədyönlü şəkildə aparılması, pedaqoji prosesin düzgün qurulması hər bir müəllimdən, xüsusilə də məktəb rəhbərliyindən çox asılıdır. Eyni bir ərazidə yerləşən məktəblərdə müxtəlif dərəcədə uğur və nəticələrin qazanılması dediklərimizə nümunə ola biləcək həqiqətdir. Bunun kökündə isə pedaqoji kollektivi düzgün istiqamətləndirə bilmək, direktorun vahid məqsəd uğrunda qüvvələri səfərbər edə bilmək bacarığı durur. Səmimi və özünə qarşı tələbkar, məsuliyyət hissi güclü, mənəviyyatı zəngin, biliyi hərtərəfli olan müəllimin məktəbə rəhbərlik etməsi həmin təhsil ocağının inkişaf edib tanınması üçün başlıca amillərdəndir.
Məktəblərimizdə ömrünü gənc nəslin təlim tərbiyəsinə həsr etmiş müəllimlərdən, məktəb direktorlarından söz düşəndə Haqverdili Hikmət Ağaməmməd oğlunun da adı fəxrlə çəkilir. O, məktəbşünaslığın incəliklərini bilən pedaqoqdur, yoldaşlığa hörmətlə yanaşan, dostluğa yüksək dəyər verən insandır.
Bu günlərdə Hikmət müəllimin 60 yaşı, pedaqoji fəaliyyətinin 40 illiyi tamam oldu. Bu yazını qələmə almaqla onu yaxşı tanıyan, onunla səmimi dostluq, yoldaşlıq münasibətində olanlardan biri kimi, ən xoş arzularımı, ürək sözlərimi ona çatdırmaq istədim.
Hikmət müəllim pedaqoji kollektivə bacarıqla və peşəkarcasına rəhbərlik edən direktordur. Onun rəhbərlik etdiyi kollektivdə sağlam psixoloji atmosfer hökm sürür. Kollektivdəki müəllimlər arasında formalaşmış səmimiyyət, qarşılıqlı hörmət və hər bir pedaqoq üçün vacib olan əxlaqi keyfiyyətlərin cəmi bu kollektivin monolitliyini ortaya qoyur. Belə gözəl kollektivi formalaşdırmaq isə bilavasitə Hikmət müəllimin bacarıqlı idarəçiliyinin nəticəsidir. Təsadüfi deyildir ki, onun rəhbərlik etdiyi məktəb həmişə olduğu kini, bu gün də respublikamızın sayılıb-seçilən qabaqcıl təhsil müəssisələrindən biridir.
Riyaziyyat müəllimi olmaq arzusu orta məktəbi müvəffəqiyyətlə bitirmiş gənc Hikməti 1969-cu ildə Bakı Dövlət Pedaqoji İnstitutuna gətirdi. Bu ziya ocağını 1973-cü ildə bitirən Hikmət Haqverdiyev rayonun Həftəsov kəndində pedaqoji fəaliyyətə başladı. Dərs dediyi şagirdləri ilk növbədə şəxsiyyət kimi yetişdirmək onun başlıca məqsədi oldu. Özünün təbirincə desək, əsil vətəndaş savadlı olmaqla bərabər, həm də şəxsiyyət kimi formalaşmalıdır.
Bir il sonra Hikmət müəllim əmək fəaliyyətini təhsil aldığı Lahıc qəsəbə tam orta məktəbində davam etdirməyə başladı. Burada məktəb böyüdü, şagirdlərin sayı ilə bərabər iş və işə məsuliyyət artdı. Hikmət müəllim 1982-1988-ci illərdə şagirdlərə riyaziyyat elminin sirlərini öyrətməklə yanaşı, təlim-tərbiyə işləri üzrə direktor müavini kimi çalışdı. Bu bir neçə ildə təcrübəli həmkarlarından çox şey öyrəndi, yaxşı müəllim kimi sevildi və tanındı.
H.Haqverdili Lahıc qəsəbə tam orta məktəbinə direktor təyin olunmasından 24 il keçir. Sözün həqiqi mənasında bu müddət bir igidin ömrünə bərabərdir. Məktəb direktoru işinə yenilikçi kimi başlamasından ilk illərdə müəyyən məsələlərdə çətinliklərlə üzləşsə də, sonradan bütün işlər istənilən istiqamətə artan uğurlarla getməkdə davam etdi. Çəkilən zəhmətlər bəhrəsini verməkdə idi. Hikmət müəllimin rəhbərliyi altında məktəb “İlin ən yaxşı ümumtəhsil müəssisəsi” adına layiq görüldü. Məktəbin uğurları artdıqca, direktorun da hörmət və nüfuzu artmaqda idi. Hikmət müəllimin məhsuldar pedaqoji fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İsmayıllı rayon İcra Hakimiyyəti, RTŞ-i tərəfindən dəfələrlə vaxtında və yetərincə dəyərləndirilmişdir. Onun bu təşkilatlardan aldığı çoxsaylı Fəxri fərmanlar, təşəkkürlər dediklərimizi bir daha təsdiqləyir.
Hikmət müəllim 1984-cü ildə “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunub. O, Azərbaycan müəllimlərinin X, XI və XIII qurultaylarına nümayəndə seçilib.
Təcrübəli məktəb direktoru öyrənməyin bütün yaş hədlərində faydalı olduğunu gözəl bilir. Odur ki, fəal təlim metodlarının tətbiqi ilə əlaqədar 2006-ci ildə Litva Respublikasının Vilnus şəhərində, 2008-ci ildə Türkiyə Respublikasının Bilkənd Universitetində olmuş, qabaqcıl təcrübəni öyrənərək məktəb işinə tətbiq etməyə səy göstərmişdir. “SPARE” beynəlxalq təşkilatının xətti ilə 2011-ci ildə Gürcüstan Respublikasının Batumi şəhərində, bu il isə həmin ölkənin Telavi şəhərində “Alternativ və bərpa olunan enerji” məsələləri ilə əlaqədar seminarlarda iştirak etmişdir.
H.Haqverdili təhsil islahatı vəzifələrinin həyata keçirilməsi işini daim diqqət mərkəzində saxlayır. Şagirdlərə vətənpərvərlik hisslərinin aşılanmasına, dövlət atributlarının mənimsədilməsi və öyrədilməsinə xüsusi önəm verir. Görülmüş işlərlə kifayətlənmir, tədris prosesinin və tərbiyə işinin daha da təkmilləşdirilməsi və bu işlərin islahat tələbləri səviyyəsində qurulması sahəsində mühüm fəaliyyət göstərir. O, müəllim nüfuzunun qorunması, müəllim əməyinin düzgün qiymətləndirilməsinə xüsusi diqqət yetirir. Onun tələbkarlığı sayəsində məktəbdə təhsilin keyfiyyəti son illərdə bütün komponentlər üzrə yüksələn xətlə inkişaf etməkdədir. Məktəbin məzunları imtahanlarda 500-600 və daha yuxarı bal toplayaraq nüfuzlu ali məktəblərə daxil olurlar.
Məktəbin 2 müəllimi “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir. Bu təhsil ocağında ayrı-ayrı fənlərin tədrisini yaxşılaşdırmaq məqsədi ilə fənn birləşmələrində ardıcıl iş aparılır. Tədris zamanı daha çox yeni metodlardan istifadəyə, fənn kurikulumlarının öyrənilməsinə, İKT-nin tədrisə tətbiqinə diqqət yetirilir. Xüsusi istedada malik şagirdlərin aşkarlanması və qabiliyyətlərinin inkişaf etdirilməsi bu məktəbdə başlıca vəzifə kimi hər bir müəllimin, ümumilikdə kollektivin qarşısında duran məsələdir.
Hikmət müəllim insanlığı hər şeyin fövqündə görən ziyalılardandır. İnsanlıq amili onun üçün ən uca zirvə, ən ali məqsəddir. Bu da onun qəlbinin saflığından, təmizliyindən, mənəvi aləminin zənginliyindən irəli gəlir.
3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Haqverdili Hikmət Ağaməmməd oğlu Respublikanın Əməkdar müəllimi adına layiq görülüb. Bu, əslində onun mənalı, şərəfli yaşanmış müəllim ömrünün mükafatıdır. Tanrının ona bəxş etdiyi böyük mükafat isə onun ailəsi, övladlarıdır. Bu qayğıkeş ata üç qız, iki oğulun tərbiyəsində də əsil əzmkarlıq nümayiş etdirib. Müəllimin böyük oğlu Abbas hərbiçi, Milli Ordumuzun zabitidir. Məhəmməd isə neft şirkətində çalışır. Qızlarından Sima bağça müdiri, Xanım tibb işçisidir. Atanın yolu ilə getmək, onunla bir kollektivdə çalışmaq Şölənin payına düşüb. Ziyalıları ilə tanınan Lahıc qəsəbəsində Hikmət müəllimin ailəsi də əsil ziyalı ailəsidir.
Hörmətli Hikmət müəllim, Tanrının verdiyi ömrün 60 ilini halal zəhmət hesabına şərəflə yaşamısınız. Haqqınızda bu kiçik yazını qələmə almaq fürsətindən istifadə edib Sizi öz adımdan, Sizə hörmət və ehtiramı olan hər kəsin adından təbrik edirəm. Arzu edirəm ki, doğmalarınızın, əzizlərinizin, elin, camaatın yanında həmişə seçilən, sevilən olasınız. İllər ötməkdə davam edəcək. Lahıc qəsəbə tam orta məktəbi öz ənənələrini davam etdirəcək. İş təcrübəniz neçə-neçə davamçınızın əlindən tutacaq, işinə yarayacaqdır. Sevindirici odur ki, yaşadığınız bir ziyalı ömrü həm də bir nümunə məktəbi kimi dəyərləndiriləcəkdir.
Hacıməmməd Məmmədov,
“Qızıl qələm” mükafatı laureatı

Şərh Yaz