Vaxtsız ölüm

Vaxtsız ölümOnun arzuları səmada azad, ağ göyərçinlər kimi uçur, təmiz duyğuları baharın ilk açan gülləri kimi ətir saçırdı. Günəş sanki gözlərində gecələyirdi bu qızcığazın…
İtki… Ağır, qəlbləri ağrıdan, sızladan, yarası uzun zaman sağalmayan, xatirələrdə daim qalacaq, unudulmayan mələksimalı bir qızın itkisi. Çox ağırdır. Doğmaları və onu tanıyanlar üçün isə daha ağırdır.
Şagird adının şərəflə daşıdığı bir vaxtda, gələcəyin alimini, filoloqunu, həkimini, müəllimini, Vətən üçün gərəkli şəxsiyyət ola biləcək bir insanı, vətəndaşı itirdik.
Oturub-durmağı, danışığı, düşüncə və rəftarı ilə seçilən, eləcə də sevilən o məsumə indi aramızda yoxdu. Xoş xatirələrə dönən təmiz səmimiyyətini, bəli, xeyir cavablarını, şirin təbəssümünü, zəkalı söhbətlərini bitirmədən tərk etdi o bizi. Onun dünyagörmüş insanlara xas olan təmkini, səbri, dinləmə bacarığı, sual dolu baxışları bizləri hələ çox dindirəcək. Bu qızın maraq dünyası bəlkə də dünyanın özündən böyük idi. Həyat eşqi dalğaları şahə qalxan dənizə bənzəyirdi. Gizli saxlayacaq heç bir sirri yox idi onun, çünki qəlbini təmiz aynanı xatırladan gözlərindən oxumaq olurdu. Zirək və çalışqan, hərtərəfli savada malik olduğundan hazırcavab idi. Əhatəsində olan mühiti – valideynlərini, müəllimlərini, sinif yoldaşlarını sevən, onlara məhəbbətlə, hörmətlə yanaşan, zərif, kövrək qəlbli məktəbli idi, köməyə ehtiyacı olan hər kəsə yardımçı olmaq keçirdi ürəyindən…
Lakin bu ürək onun özünə – İsmayıllı şəhər 5 saylı tam orta məktəbinin X A sinif şagirdi İlahə Allahverdiyevaya dönük çıxdı, döyünməyinə son verdi…
Müsbət xüsusiyyətləri ilə yaşıdlarına nümunə olan İlahə vaxtsız ölümü ilə qəlbləri sızlatdı, göynətdi. Ölümün amansızlığı, həyatın vəfasızlığı ifadələrini təkrar-təkrar söylətdi bizlərə.
Tanrı ona qısa, amma elə mənəvi, zəngin ömür, dünya vermişdi ki, bəzən uzun ömürlü insanların çoxu yaşının ahıllıq çağında da bu aləmə sahib ola bilmirlər.
İlahənin ibtidai sinif müəllimi Elmira Məmmədova o kiçik qəlbin böyüklüyü haqqında belə söyləyir:
– Bu hisslər, duyğular, ümumilikdə, bu qabiliyyət ona İlahi tərəfindən bəxş olunmuşdu.
Tanrı bəxş etdiyi bu gözəlliklər sahibini öz dərgahına apardı. Hədsiz məhəbbətlə sevdiyi Vətən torpağı onu ağuşuna çəkdi.
İnanıram kı, İlahəni tanıyan hər kəs onu mənən öz qəlbində yaşadacaq, onun əziz xatirəsini təravətli saxlayacaq, ehtiramla xatırlayacaq!
Allah rəhmət etsin!
Allah səbir versin!
İlhamə Əsədova,
İsmayıllı şəhər 5 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz