Yaddas kitabcasi

“Yoxsa, bu həyat aləminə olma bir əngəl”

Adam olub adamlara qarışmaz,
Dil dönüb əsla xeyrə danışmaz,
Qismət ilə razılaşıb, barışmaz,
İdbarlığı gen dünyaya sığışmaz.
Dana gözləri tək bərələr gözü,
Acı olur ağu kimi hər sözü,
Adam formasında heyvandır, düzü,
Tamamlanmış gönə bənzəyir üzü.
Çıxmayıbdı xoş söz əsla dilindən,
Çoxları bezibdi fitnə-felindən.
Baş yekəlib, boyun yoğun, beyin küt,
Boşdur içi, fikir dayaz, ağıl lüt.
Gicitkən tək kimi gəldi dalayır,
Kişi deyil, tüpürdüyün yalayır.
Qanad taxmış dəvə kimi, dingildər,
Beləsi qoy düşsün eldən dərbədər.
Ağlı gödək, dili uzun bu varlıq,
Saf mühit eyləyir ona çox darlıq.
Saçlarına sığal verib, darayıb,
Onun-bunun cibindəkin sanayıb,
Səsinə güc verir, təhqir şakəri,
Dönər beləsinin təkəri geri.
Böyələk götürüb, sanki danadı,
Baxışları əyri, çəpdi, yanadı.
Düşünməyə ağlı çatan deyildi,
Müdir kimi avaradı, veyildi.
Dindir, qapazı qoy ağzının üstə,
Sağalsın zərbəndən bu köhnə xəstə.
Çalış, aralı gəz zibil kanından,
Ötmə namərd körpüsünün yanından.
Tikandır, dalayır əl-ayağını,
Şit oğlu şit çıxarıb lap ağını.
Puldan yana zəlil olub dilənir,
Axşamlarsa kafelərdə sülənir.
Dəstəmazı gödək, ağlı dayazdı,
Hamı bilir, dərin getmiş qanmazdı.
Niqabını borca alıb tülküdən,
Tanıdır özünü yaman bərk gedən.
Kal armud tək pərçim olub boğaza,
Genəlib udlağı, sanki darvaza.
Hər nə yazsam cəmdəyinə yapışır,
Onun-bunun işlərinə qarışır.
İtə vermə, qurda vermə, buna ver,
Qoy aparsın beləsini qara yer.
Böyük deyən yola sayğısı azdı,
Öz xeyrinə ayıq, elə bil qazdı.
Halal yolla getsə, hörməti olar,
Ürəyi sevinclə, fərəhlə dolar.
Qanundan kənara addım çıxmasa,
Vəzifədə ömrü olarmı qısa?
Səmimi, mehriban olsa hamı tək,
Onu oynadammaz yerindən fələk.
Yoxdu səbri oxumağa, yazmağa,
Vaxtı gedir ayaq altı qazmağa.
Bir balaca tərif desən qudurur,
Goreşən yetənə badalaq vurur.
Bir gün kandar söküb, qapı pusmasa,
Ölər, canı çıxar tələ qurmasa.
Dəymə, qurdalama, qoy getsin hələ,
Qurular onunçün tezliklə “tələ”.
Bizim amalımız dövlətə xidmət,
Pislərin, biclərin qazancı nifrət.
Qanun qarşısında hamı bərabər,
Qanun da salacaq onu dərbədər.
(İndi sənədir sözüm)
Ətrafa bax, hamı qurub-yaradır,
Səninsə, varlığın özü saxtadır,
Hissiyyatdan məhrum, qəlbin taxtadır,
Çöldə isti, sənin için şaxtadır.
Yaza-yaza çox acıdım halına,
Qurdlar niyə daraşıbdı canına?
İdbarlığa son qoy, insanlığa gəl,
“Yoxsa, bu həyat aləminə olma bir əngəl”
S.Valeh,
(Kim özünü bu mənzumədə tapıb mənə gizlincə zəng etsə, ona veteran jurnalistlərin mükafatı veriləcək).

Şərh Yaz