Növbəti inkişaf mərhələsi müəyyənləşdirilməlidir

Növbəti inkişaf mərhələsi müəyyənləşdirilməlidirOktyabr ayının 18-də rayonun Heydər Əliyev Mərkəzində RİH başçısı Nizami Ələkbərovun “2012-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” mövzusunda hesabat məruzəsi dinlənilmişdir.
İlk öncə Respublikanın Dövlət himni səslənmişdir. Başçı Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir iştirakçılarını, onların timsalında rayon ictimaiyyətini təbrik etmişdir.
N.Ələkbərov qeyd etmişdir ki, Azərbaycan Respublikasının iqtisadiyyatı artan templə inkişaf edir, sosial həyatı insanların maraq və tələblərinə uyğun yeniləşir. Ölkənin iqtisadiyyatı 9 ayda 1,1 faiz artmışdır. Ancaq qeyri-neft sektorunda artım 10,3 faiz təşkil edir. Bu, onun göstəricisidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi strategiya əsasında Respublika iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir. Son nəticə ondan ibarət olacaqdır ki, Azərbaycan neft-qaz amilindən asılılığını əhəmiyyətli dərəcədə aşağı endirəcəkdir.
Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasındakı giriş nitqində Prezident İlham Əliyev qeyd etmişdir ki, bütün bölgələrdə quruculuq-abadlıq işləri aparılır, yeni sənaye müəssisələri yaradılır. Bu fikirlərə əsaslanıb deyə bilərik ki, İsmayıllı rayonunda da çox mühüm əhəmiyyətli layihələr həyata keçirilir. Yeniləşmə rayonumuzun əksər yaşayış məntəqələrini əhatə edir.
Üzümçülüyün bərpası kənd təsərrüfatı istehsalı sahəsində dönüş yaratmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar müəyyən olunmuş istiqamətlərdə əsaslı işlər görülmüşdür. Bugünkü iclas da məhz 9 ayda görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilmişdir.
Başçının “2012-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” məruzəsindən sonra çıxışlar olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Həsən Həsənov, 10 saylı Yol İstismar Sahəsinin rəisi Məhəmməd Musayev, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Çingiz Əliyev, İsmayıllı RPŞ-nin rəisi Nizami Qocayev məruzə ətrafında çıxış etmişlər.
Çıxışlara münasibət bildirən RİH başçısı demişdir:
-Sizin çoxunuzun iştirakı ilə yerlərdə qəbullar, görüşlər keçirilir, qaldırılan məsələlər, həlli xahiş edilən problemlər ümumiləşdirilir, icraçıları, icra müddəti müəyyənləşdirilir. Nəticələr barədə müntəzəm olaraq yerlərə məlumat verilir. Əhalini narahat edən məsələlər rayon İcra Hakimiyyəti rəhbərliyinin diqqətində saxlanılır. Bu cür yanaşmanın nəticəsidir ki, problemlər müvəffəqiyyətlə həll olunur, həyat səviyyəsi durmadan yüksəlir, təhsildə, mədəniyyət və turizm sahələrində xüsusilə yüksək nailiyyətlər qazanılır. Hüquq-mühafizə orqanlarının əlaqəli fəaliyyəti kriminogen vəziyyəti yaxşılaşdırır və cinayətkarlığın, qanundankənar hərəkətlərin qarşısı qətiyyətlə alınır.
Ancaq bəzi narahatedici halların hələ də qaldığını qeyd etmək istərdim.
Məlumdur ki, fərdi təsərrüfatçılıqla kənd təsərrüfatını müasir zamanın tələblərinə uyğun inkişaf etdirmək olmur. Dövlət səviyyəsində verilən tapşırıqdır ki, kooperativlər, kooperasiyalar formasında aqrar istehsal təşkil edilsin. Lakin bu sahədə rayonda əsaslı bir iş görüldüyünü deyə bilmərik.
Nəqliyyatın idarə olunmasında rayon ictimaiyyətinin təsiri hiss olunmur. Ölümlə nəticələnən qəzaların sayı kəskin surətdə artır. Valideynlər, pedaqoji kollektivlər, mədəniyyət işçiləri bu sahə ilə bağlı öz kəskin sözlərini deməli, təbliğat işini gücləndirməlidirlər.
Həyəcanlı bir fakt kimi qeyd etmək istərdim ki, milli-mənəvi, xüsusilə dini dəyərlərin qorunmasında zəiflik göstərilir. Qeyri-ənənəvi təriqət və radikal cərəyanların nümayəndələri mühit yaratmağa cəhd göstərirlər. Dindarlarımızı, bütün islama mənsublarımızı belə hallar narahat etməlidir.
Məlumdur ki, ideoloji işin gücləndirilməsində kütləvi informasiya vasitələri çox əhəmiyyətli rol oynayır. Təəssüf ki, “Azərmətbuatyayımı”nın rayon şöbəsi qəzet və jurnalları yerlərə çatdırmır, ümumiyyətlə, yayımla məşğul olmur. Abunəçilər rayon mərkəzinə gələn zaman köşkdən abunə olduqları qəzetləri götürürlər. Belədə, informasiya yerlərə çatanda artıq köhnəlmiş olur. Rayon şöbəsi bu vacib məsələnin həlli yolunu tapmalıdır.
Yol hərəkəti qaydalarının pozulması hallarından, ölümlə nəticələnən qəzalardan narahat olduğunu birmənalı şəkildə bildirən başçı məsələnin həlli istiqamətində ciddi tədbirlərin görülməsindən danışmış, məktəblərdə və əmək kollektivlərində yol hərəkəti qaydalarının öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar vermişdir.
Sonda başçı əminliklə qeyd etmişdir ki, bu tədbirdən sonra hər bir idarə, müəssisə və təşkilat özlüyündə təhlil aparacaq, növbəti inkişaf mərhələsi üçün tədbirlər müəyyənləşdirəcəkdir.
Ş.Soltanov

Şərh Yaz