Şeiri ürəklərə yazılan mənəm

Məmməd MirzəŞeiri ürəklərə yazılan mənəm

Araz sahilində, gözü o tayda,
Məzarı bu tayda qazılan mənəm.
Süleyman Rüstəm.
Deyirlər, Süleyman Rüstəm köçdü dünyadan… Doğrudanmı köçdü? Müşfiq də, Vurğun, Rahim, Rəsul Rza, Nazim Hikmət də köçüb bu dünyadan. Doğrudanmı köçüblər? Əbəs sözdür. Nəsil-nəsil insanlar köçər bu dünyadan, ancaq həyatını xalqına xidmətə həsr edən, onun qanına, iliyinə işləyən sənətkar əbədi yaşayır. Süleyman Rüstəm də belə şairlərdəndir. Onun axıcı və oynaq misraları ürəklərə işləmiş, yaddaşlarda iz salmışdır.
Şeiri ürəklərə yazılan mənəmVə bir də deyirlər ki, Azərbaycan xalqı şair xalqdır. Buna bir də onu əlavə etmək olar ki, Azərbaycan xalqı poeziyanın müqəddəsliyinə inanan (amma bu qeyd-şərtsiz inam bəzən arzuolunmaz nəticələr də doğurur) və onu elə o cür də yüksək tutan bir xalqdır. Axı dahi Füzulinin Məcnun və Leylisinin dilindən söylədiyi odlu qəzəllərin həzinliyində uyumuş, Vaqifin şirin qoşmalarının qanadlarında pərvazlanıb-böyümüşük biz.
Bəli, şeirləri xalqın qanı ilə birgə çağlayan şairlər xoşbəxtdir. Lakin onların təzadlı, ziddiyyətli illərdə yaşayıb-yaratdıqlarını və hansı faciələrin yükünü öz kövrək ürəklərində daşıdıqlarını da bilirik. Bu səbəbdən də həmin “xoşbəxtliyin” içində onları sağlıqlarında addımbaşı izləyən və dünyalarını dəyişəndən sonra da (onlardan bir çoxunu) – ta əbədiyyətə qədər izləyəcək bir giley-güzarın olacağı sirr deyildir. Vaxtilə zamanın hay-küyünə uyub “…istəmir proletar tarda çalınsın Qatar…” deyən Süleyman, bu musiqi alətinin qadağan olunacağı barədə şayiələr yayılanda yazacaqdı:
Yox, yox… tarı səsə qoymaq olmaz,
Onun doğma ahəngindən doymaq
olmaz, doymaq olmaz…
Buna bənzər daxili əzablar o dövrün şairlərinin hər birinin ürəyində düyünlənib qalmışdı. Ulu şairimiz (o, bütün dünyanın şairi idi) Nazim Hikmətin dili ilə desək:
Kiminin fikri gəzir, özü dustaqdır,
Kiminin fikri dustaqdır, özü gəzir…
Necə də sərrast deyilib! Yazarlarımızın əzablı düşüncələrin pəncəsində qıvrıldığı zamanlarda fikri azad olanlar “içəri”də idilər (əslində, məhv edilmişdilər), fikri dustaq olanlar çöldə qalmışdı. Amma fikir dustaqlığını yaşamaq da bəlkə həqiqi dustaqlıqdan daha dəhşətli, daha əzablıdır. Belə bir faciəli zamanda yazıb-yaradırdı bizim şairlər. Həmin illərdə “içəri”yə düşməyənləri indi – XXI əsrin zirvəsindən seyr edib qaralamaq, hətta az qala çıxdaş etməyə cəhd göstərmək, zənnimcə, yaramaz bir işdir. Universitetdə bizə sovet ədəbiyyatından dərs deyən böyük müəllimimiz Bəxtiyar Vahabzadənin mövqeyi belə idi. Bəxtiyar müəllim həmin şairlərin yaradıcılığındakı bütün təzadlı məqamları obyektiv təhlil etməklə yanaşı, onları “ustadımız” adlandırırdı.
Süleyman Rüstəmin vəfatı münasibətilə “bir şey” yazmaq barədə redaktorumuzun (Musa Yaqub) təklifini eşidəndə çox düşünməli oldum. Söhbət həyatını və yaradıcılığını, demək olar ki, əzbər bildiyim bir şairdən getsə də, bu mövzuda yazmaq o qədər də asan deyildi. Yazdıqları (4 cilddə) göz qabağındadır. Onun əsərləri və şəxsiyyəti barədə ümumi sözlər söyləməklə heç kəsi aldatmaq olmaz. Hələ bundan başqa, onun haqqında nə qədər əsli olmayan uydurmalar quraşdırıb yaymışlar. “Qızıl qələmlər”ə rəhbərlik etdiyi üçün bir çox günahları ayağına yazmiş, az qala onu bütün faciələrin səbəbkarına çevirmişlər. (“Yazılmış” sözünü məcazi mənada başa düşmək lazımdır, çünki bu deyilənlərin əksəriyyəti şifahi söz-söhbətdən başqa bir şey deyildir). Elə bu çətin sual qarşısında qaldığım anlarda müəllimimizin universitet auditoriyasındakı mühazirələrini xatırladım, fikirlərim qismən aydınlaşdı.
Şeiri ürəklərə yazılan mənəmŞeiri ürəklərə yazılan mənəmŞeiri ürəklərə yazılan mənəmŞeiri ürəklərə yazılan mənəmŞeiri ürəklərə yazılan mənəmŞeiri ürəklərə yazılan mənəmŞeiri ürəklərə yazılan mənəmŞeiri ürəklərə yazılan mənəmSüleyman Rüstəmin kitablarını vərəqlədikcə, məndə belə təəssürat yaranır ki, Azərbaycanın milli istiqlal mübarizəsi, habelə 18-20-ci və ondan əvvəlki illərin hadisələri barədə şairin, eləcə də onunla yaşıd olan qələm yoldaşlarının məlumatı elə bizim nəslin 40-cı illərin sonu-50-ci illərin əvvəllərində ibtidai sinif partası arxasında olduğumuz zaman bildiklərimizdən artıq deyilmiş. Bəlkə də onlar bu barədəki həqiqətlərin cüzi bir qismi ilə tanış olsaydılar, Azərbaycan Demokratik Cümhuriyyətinə, onun qurucularına və üçrəngli bayrağımıza bu qədər sərt münasibət göstərməzdilər? Amma bəzən də düşüncələrim haçalanır, bu dolaşıq, əzablı fikirlər labirintindən ha çalışıram bir yana çıxa bilmirəm. Axı Süleyman Rüstəm, Səməd Vurğun, Məmməd Rahim kimi gələcəyin xalq şairləri həmin təlatümlü illərdə 13-14 yaşlarında idilər və çox şeyləri öz gözləri ilə gördükləri üçün ondan nə isə bir nəticə çıxara bilərdilər… Bizə isə “Əlifba” və “Ana dili” kitablarında görüb-oxuduqlarımızdan savayı bir şey bəlli deyildi. Amma Süleyman:”… O üçrəngli bayrağı görməyəcək gözləriniz… Firqənizlə bayrağınız torpaqlara gömülmüşdür…”, Vurğun: “Mən nə Saniliyəm, nə də Cavadam, onlara düşmənəm, onlara yadam…”, Rahim isə Sergey Kirova müraciətlə: “Neft yurdunda ən erkən yox etməyə başladın imansız müsavatı…” misralarını yazanda artıq yeniyetmə deyildilər və onlara çox şey məlum olmalı idi… Maraqlıdır ki, “mülayimləşmə” dövrü başlayanda şəhid-şair Əhməd Cavadın şeirlərini ilk dəfə toplayıb kitab halında çap etdirən də Məmməd Rahim oldu…
Bolşevik hökuməti öz təbliğatını yeritmək üçün hər kəsdən əvvəl şairləri səfərbər edirdi. Onlara sehrli cızıqla əhatələnmiş «dairədən» çıxmağa imkan verməyərək, quruluşun (eləcə də xalqın) bir nömrəli düşməni elan edilən müsavatı tənqid və “ifşa” etməyi tələb edirdi. Müşfiq də bu səfərbərlikdən kənar qalmamışdı. 11-ci ordu Bakını işğal edəndə onun cəmi 12 yaşı vardı. Ədəbiyyatda hökmranlıq edən proletar hay-küyünün təsiri altında yaradıcılığa başlayan Müşfiq də “Qızıl qələmlər”in ən istedadlı üzvü kimi əsərlərinin əksəriyyətini bu ruhda yazmış, sosializmi tərənnüm etmişdir. (Lakin onun hamıdan fərqlənən tərənnüm üslubunun özünəməxsusluğu xüsusi bir mövzudur).
Müsavatla daşnak gəldi, alıb-satdı xalqımızı,
Həpsi qırıq kaman kimi sızıldatdı xalqımızı… -yazan Müşfiq, bu quruluşun onu tezliklə bir “xalq düşməni” kimi məhv edəcəyini bəlkə də xəyalına gətirməzdi…
Hələ XIX əsrin ortalarından, Marks və Engelsin təbirincə desək, Avropada dolaşmaqda olan “kommunizm kabusu” XX əsrin əvvəllərində az qala bütün dünyanı ağuşuna alan “inqilab” eyforiyasına çevrilmişdi. Hər cür istibdaddan bezikib-doymuş, azadlıq arzusu ilə alışıb-yanan xalqların-millətlərin hər hansı bir ümidverici işarəyə uyub, qarşısıalınmaz axına çevrilərək hayqırması təsadüfi deyildi. Bu təlatümlərin dalğasında Azərbaycan imperiya əsarətindən xilas olaraq müsəlman Şərqində ilk olaraq öz müstəqil demokratik dövlətini qurmuşdu və burada dayanıb-dura bilərdi (məsələn, Finlandiya kimi). Lakin bu baş vermədi. Sonrakı mərhələdə – Bolşevik hakimiyyətinin ilk anlarında “proletar beynəlmiləlçiliyi” demaqoqiyasına uymuş təcrübəli siyasətçi Nəriman Nərimanova da elə gəlirdi ki, Azərbaycan artıq azaddır. O, respublikanın rəhbəri kimi müstəqil siyasət yeridəcək, dünya ölkələri ilə sərbəst diplomatik münasibətlər quracaq, hətta öz ölkəsinin sərvətləri ilə istədiyi şəkildə alış-veriş edəcək… Rusiyaya isə neft lazım idi – hava və su kimi. O, Azərbaycanın müstəqilliyinə razı ola bilməzdi, necə ki olmadı da… (Sibir nefti tapılmasaydı, lap elə indiki dönəmdə də, çox güman ki, istiqlaliyyət və müstəqilliyimiz arzu olaraq qala bilərdi…).
Hətta “qırmızı” təbliğatın islaholunmaz kommunizm “fanatına” çevirdiyi dünya şöhrətli türk şairi Nazim Hikmət də Bakı deyəndə təkcə neftdən söz açır, Sibir kəndlərini də işıqlandıra biləcək bu tükənməz sərvət “dəryasını” -Sovet imperiyasının inkişaf və əmin-amanlığının əsas təminatçısı olan Azərbaycan neftini tərənnüm edirdi:
Düşünən beyni Moskva isə ölkəmizin,
Təzə qan dağıdan qəlbidir Bakı!..
Yaxud:
Bakının müqəddəs torpağına üzü üstə düşüb,
Ovuclayıb nefti qara şərab kimi içmək istəyirəm.
…İstərik ki, uzaq Sibir köylərinin işıqlarını
Zülmətli gecələrdə qızıl lalələr kimi yaxsın qanın… ..
.İstərik ki, biz eşidək sülhün musiqisini
Yerin altından fışqıran fantanlarında!..
Bolşevik inqilabının ilk illərində geniş miqyasda təbliğ olunan milli-mədəni irsə nihilist münasibət həmin illərdə yaradıcılığa başlayan gənc yazarların mənəvi faciəsinə çevrildi. Misralarından “qurşun yağan” bu inqilabi pafosun qarşısında duruş gətirib-dayanmaq çətin idi. İlk çağlarda gənc yazarlara yuxarıdan təzyiq və məcburiyyətin mövcudluğu da o qədər hiss olunmur. (Lakin çox keçməmiş, bütün bunlar olacaqdı, hətta birbaşa göstəriş şəklində). Onlar həvəslə ümumi axına qoşulub “inqilabi xorun” zərrəciklərinə çevrilirdilər. Ümumi xorda fərdilik yox olur, bir-birinə bənzəyən, bir-birini təkrarlayan şeirə bənzər ütülü-biçimli söz yığınları baş alıb gedirdi.
Bu proseslər Rusiyada başlayıb 28 apreldən sonra Azərbaycana keçəndə yuxarıda haqqında bəhs etdiyimiz bizim gənc yazarlar –
-S.Rüstəm, S.Vurğun, M.Rahim, M.Müşfiq və b. yeniyetməlik dövrünü yaşayırdılar. (R.Rzanın isə 10 yaşı vardı, o, hələ poeziya üçün hazır deyildi). Lakin bu “yeniyetmələr” şair olmasalar da, təbii ki, onların hər birinin qəlbində potensial bir işıq, poeziya qığılcımları vardı. Və bu qığılcımın hər hansı bir istiqamətdə közərib alovlanması üçün zamanın küləyi ilə bərabər, müntəzəm olaraq oxuyub-izlədikləri adlı-sanlı şairlərin təsiri də öz işini görməkdəydi. S.Vurğunun “şairlərin komandanı” adlandırdığı V.Mayakovskinin “Alın a, yana-yana qalın a!..” – deyə dünyaya meydan oxuması qarşısıalınmaz gurultulu ovqat yaradırdı. Həmin illərdə artıq poeziya üfüqlərində nüfuz sahibinə çevrilmiş Nazim Hikmət isə yazırdı:
Mənə bax!
Ey!
Axmaq!
Çaldığın o zarıltını kəssənə!
Sənə,
Üç telində üç sısqa bülbül ötən
Üçtelli saz
Yaramaz! …
Üç telində üç sısqa bülbül ötən
üçtelli saz
dağlarla, dalğalarla kütlələri
irəli
aparammaz!
Və nəhayət:
… başlandı orkestro!
Ona
Kommuna
Maestro! –
“üçtelli sazın ağacından isə dəli tiryəkçilərə içi əfyunlu bir çubuq qayırdılar…”.
Sırf “proletkult” üslubunda olan bu məşhur misralar yazılanda (1922-ci il) haqqında bəhs etdiyimiz gələcəyin şairləri artıq 15-16 yaşlarında idilər… və yeni yaranmaqda olan “proletar ədəbiyyatı”nın təsiri altında – “… mis, dəmir, taxta, sümük və tirlərdə çalınan Bethoven sonatları…” (N. Hikmət) ruhunda böyüyüb boy atırdılar. Onların ilk qələm təcrübələri də, məşhur mahnıda deyildiyi kimi, “ruhunu burdan alırdı…”. Və tezliklə bunun əks-sədası olaraq:
… mən nə gülləri, çiçəkləri sayrışan
tər cünalı yazların,
nə sarı simləri
sarılıq gətirən
ağ sədəfli sazların,
nə də ki,
zurnalı düyünlər şairiyəm.
Mən
günəşi yarışa çağıran
böyük günlər şairiyəm… (S.Vurğun) –
misraları yaranacaqdı.
Həm də mənə elə gəlir ki, şairlərin “siyasi cəngavərlərə” çevrilməsində onların qanına-iliyinə işləmiş “qırmızı əqidə mikrobları” ilə yanaşı, ədəbiyyat “nadzorlarə” da mənhus rol oynamışdır. (Amma bu “nadzorların” təzyiqinə zərrə qədər məhəl qoymayan Cavidlərin varlığını da unutmaq olmaz).
Kolxozların yaranması isə şairlər üçün əsl musibətə çevrilmişdi. Kolxoz mövzusunda əsərlər yazmaq ən yuxarıda oturanların, daha doğrusu, “partiyanın göstərişi” idi. (21 yaşlı gənc Rəsul Rzanın yarı kinayəli, yarıciddi şəkildə dediyi kimi: “Bu səs mənə əmr edir: Rza, durma, Rza yaz! … faraş qoza, bol pambıqlı yaza yaz!). Cibində partiya, komsomol bileti gəzdirib (lap elə gəzdirməsən də), bu göstərişə əməl etməməyin nə demək olduğu aydın idi. Bu çağırışa hamıdan əvvəl qoşulan Cəfər Cabbarlı özünün “Almaz”ını (və “Yaşar”ı) yazdı və dahiyanə istedadının, möcüzələr yaradan şirin dilinin bütün imkanlarından istifadə edərək, bu əsərə təkrarolunmaz naxışlar vurdu. Lakin tezliklə (yenə də hamıdan əvvəl) “inqilabi romantika”nın (yaxud “sosializm realizmi”nin) aldadıcı ilğımına uyduğunu başa düşdü. Və bir səhər ayılıb gördulər ki, yanağında bir damcı göz yaşı gilələnmiş 34 yaşlı Cəfər artıq yoxdur… Bu bircə damcı göz yaşı sanki dahi şair-dramaturqun həmin günədək yazmadıqlarının (yaxud yaza bilmədiklərinin) ifadəsi, məcmusu idi…
“Partiyanın göstərişinə Süleyman Rüstəm “Yaxşı yoldaş”, S.Vurğun isə “Bəsti” poemaları ilə cavab verdilər. Bu əsərlərin hər ikisi dövrün ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib hadisəyə çevrildi. Bəli, kəndə getmək, kolxozdan yazmaq lazım idi. Bu, zamanına görə yaranmış şəraitin və “partiyanın” tələbi idi. Şair demişkən, “baxıram Leninin kitablarına, dəstədən geridə qalmamaq üçün”. Bəli, başqa bir şeyə görə yox, məhz “dəstədən geridə qalmamaq üçün”… Başının üstünü qara buludlar almış Müşfiq isə hələ də məhəbbət şeirləri yazmaqda idi:
Mən şeir yazmazdım sevgiyə dair,
Neyliyim, ürəyim dinc oturmayır!..
Bəlkə də bu təhlükəni öz gənc şair dostundan sovuşdurmaq üçün idi ki, S.Vurğun (Yazıçılar İttifaqı idarə heyətinin məsul katibi) “Böyük Oktyabr revolyusiyasının XX ildönümünə hazırlıq haqqında” məruzəsində Müşfiqin tezliklə kəndə gedəcəyini və kolxoz mövzusunda əsər yazacağını vəd edirdi: “Süleyman Rüstəm kolxoz quruluşundan poema yazmaq fikrindədir və bunu yazacaqdır. Yoldaş Müşfiq canlı insan temasından yazmaq istəyir. Əvvəl o, ziyalılar haqqında yazmaq istəyirdi, mən buna razı olmadım. Odur ki, elə qərara gəlmişik ki, Müşfiq gedib bir neçə ay kolxozda oturub kolxoza dair bir şey yazsın…”.
Lakin kolxoza getmək, habelə, “Böyük Oktyabr revolyusionunun” XX ildönümünü azadlıqda qarşılamaq Müşfiqə qismət deyilmiş. Onu tezliklə başqa yerə göndərdilər. Kolxoza gedəcəyi barədəki “xoş” xəbər də onu xilas edə bilmədi…
Ədəbiyyat «nadzorları»nın dəmiryumruğunu başqa sənət dostları kimi, Süleyman Rüstəm də həmişə başının üstündə hiss edirdi. Bu xoşagəlməz təzyiqə qarşı Səməd Vurğun da, Rəsul Rza da və başqa şairlər də yeri gəldikcə öz şeirlərində münasibət bildirmişlər.
Onun kinli gözlərində min tikanlı hiylə var,
Hayla girər hər iclasa, ağızlardan söz qapar…
Nahaq yerə tələ qurar insanların başına,
Bu minvalla keçmək istər bir vəzifə başına.
(S.Vurğun).
Bir tənqidçi aramsız deyirdi: -yoldaş, gərək
Biz həyatı öyrənək! Biz həyatı öyrənək!
Həyatdır nöyüt, taxıl, barama, yun, tərəvəz.
Nə vaxt öyrənəcəkdir yazıçı həyatı bəs?!
… Dilim dinc oturmadı, dedim: – yoldaş filankəs,
Hər şeydən danışdınız, insan necə oldu bəs?
(Rəsul Rza).
Mən necə ayrılım rəna qəzəldən,
İşvəli dilbərdən, nazlı gözəldən?
İnsan ki, bir şeyə uydu əzəldən,
Ölüncə başında o adət olur. …
Əlli bir yaşımda bu insaf deyil,
Hər yerdən üstumə məzzəmmət olur.
(Ə.Vahid).
Bu misraları oxuyanda, bir az sadə dillə desək, adamın ürəyi sökülür, binəva şairin halına yanmamaq olmur… Qəzəlxandan kolxoz mövzusunda yazmağı tələb edənlər hansı ağlın, düşüncənin sahibi imişlər görəsən?!..
Süleyman Rüstəm isə “Tənqidçi və bülbüllər” şeirində yazırdı:
Tənqidçi dostum məni danlamışdı bir zaman:
“Bizim zəmanəmizdə bülbül nədir, gül nədir?
Çıxart bu qızılgülü, bu bülbülü yadından,
İnsanların istəyi yaxşı öyrən, bil nədir…”.
Sonra şair həmin tənqidçi ilə Lənkərana səfərindən söz açır. Səhərə yaxın bülbüllər «ilk məhəbbət dərsini məşq edəndə»:
Mən yatağa girmədim, dinlədim bülbülləri,
Xatırladım ömrümdən ötürdüyüm illəri.
Bu vaxt şair fikir verib görür ki, tənqidçi yorğanı başına çəksə də, xəlvətcə bülbüllərin səsinə qulaq asırmış… Başqa bir şeirində isə (“Tənqidçi dostuma açıq məktub”) yazırdı:
Yazmısan ki, “filankəs qalıb həyatdan geri,
Şair bizim həyatı dərindən öyrənməyib,
Hələ şeirlərində göydən yerə enməyib…”.
Maraqlıdır ki, əsrin əvvəllərində incə ruhlu gözəl şairimiz Abbas Səhhət də şeir pərisinin dilindən söylədiyi:
Şairim! Seyr elə ətrafı, təbiət nə gözəl,
Bax mənim hüsnümə inşad elə bir dadlı qəzəl…
Öp şirin ləblərimi, guşeyi-əbrulərimi…
Gəl bərabər uçalım, göylərə pərvaz edəlim… –
misralarına görə, ölümündən sonra da varsa (Azərbaycanda bolşeviklərin hakimiyyətə gəlməsindən iki il əvvəl dünyasını dəyişmişdi), otuzuncu illərin “döyüşkən” tənqidinin hücumlarına məruz qalmışdı…
Bu həmin vaxtlar idi ki, Süleyman Rüstəm “ələmdən nəşəyə” keçməyə, Səməd Vurğun isə “bir də gözəllərdən ilham almayacağına” and içməyə məcbur olurdu və “siniflər döyüşünün əsgəri kimi… şeirlərimi şüara döndərirəm” deyə bəyan edirdi.
Süleyman Rüstəmi bir şair kimi müxtəlif janrlarda yazdığı bədii əsərlər tanıdırsa, onu bir insan, bir şəxsiyyət kimi tanımaq üçün xatirələrini oxumaq kifayətdir. Bu baxımdan, şairin C.Cabbarlı, S.S.Axundov, M.Müşfiq, Seyid Hüseyn, Nazim Hikmət və Mikayıl Rəfili haqqında yazdığı xatirələr daha çox maraq doğurur. Həmin yazıları oxuduqca şairin canlı obrazı göz önünə gəlir. Sadə, səmimi, zarafatcıl, tənhalığı sevməyən, həmişə dostların əhatəsində olmağı xoşlayan bir insan obrazı.
Mikayıl Müşfiq haqqında:
“Onun ürəyindəki dilindəydi, dilinə yalan söz gəlməzdi. Yalan danışanlarla dostluq etməzdi… Bir haqsızlıq gördümü, tez coşub özündən çıxardı. Şair dostlarının sevincinə sevinər, dərdinə ürəkdən şərik olardı… Mikayıl Müşfiq kiçik yaşlarından yetim qalmışdı. Hamımız çalışırdıq ki, o, bunu hiss etməsin. Bizim analarımız ona analıq edirdilər. Onu öz övladları qədər sevirdilər. Müşfiq isə analarımızın dilini bizdən yaxşı bilirdi… Analarımız “qoy Müşfiq bizə tez-tez gəlsin” deyərdilər… Bir dəfə 1935-ci ildə Rəsul Rza, Müşfiq və mən Novxanıdakı bağımıza getməli idik. (Qazalaq tapmadıqları üçün, “şalbandan qayırılmış, dəmir, daş daşıyan” bir arabayla getməli olurlar – M.M). Bütün yol boyu Müşfiq bizə şeir oxudu. Yolun əziyyətini hiss etmədik…”.
Mikayıl Rəfili haqqındakı xatirələrində isə şairin daha çox səmimiyyəti və zarafatcıllığı nəzərə çarpır. Mikayıl Rəfilinin özü də həddindən artıq nikbin və zarafatcıl bir insan imiş.
Nazim Hikmətin M.Rəfilinin ölümünə həsr etdiyi “Nəslimin yarpaq tökümü başlandı…” məşhur misrası ilə başlanan şeirdən bu obraz oxuculara qismən tanış idi:
Moskvada – bizdə yeni il gecəsi,
Bəzəkli şam ağacının altında bir süfrə.
Yekəcə bir oyuncaq kimi atılıb-düşürdün.
Gözlərin par-par
parıldayırdı
daz başın kimi,
Qarın da namxuda…
Köhnə şərab çəlləyi kimi nəşəli həzrət,
Köhnə şərab çəlləyi kimi sağlam…
Düşünürəm, məndən çox sonra öləcək,
Dalımca bir məqalə də yazacaq…
Şeiri oxuyanda “yekəcə bir oyuncaq kimi atılıb-düşən”, “köhnə şərab çəlləyi kimi nəşəli” professorun şən və zarafatcıl obrazı bir az mücərrəd şəkildə xəyalımızda canlanır. Lakin “nəşəli” (həmişə şən) görünən və qərəzli tənqidlərə hamıdan çox məruz qalan bu uğursuz şairin – tanınmış professorun da içində əzablarla yoğurulmuş bir qubar varmış ki, nəticədə, o, “nəslin yarpaq tökümündə” budağından qoparaq torpağa çevrilən ilk yarpaqlardan biri oldu… “Xatirələr”də həm də o illər ədəbi mühitinin ziddiyyətli və təlatümlərlə dolu ab-havası da öz əksini tapmışdır.
Şeirlə, müqəddəs poeziya ilə nəfəs alan bir xalq bu cür söz sahiblərini unuda bilərmi? Nə qədər təzadlı və ziddiyyətli görünsə də, həmin dövr ədəbiyyatını S.Vurğunsuz, M.Rahimsiz, R.Rzasız, o cümlədən də, Süleyman Rüstəmsiz təsəvvür etmək mümkün deyil. Aralarındakı şəxsi münasibətlər nə şəkildə olursa-olsun, bu dördlük həmişə birlikdə xatırlanıb, birlikdə yad edilib – məqalələrdə də, xatirələrdə də, ədəbi müzakirələrdə də, hətta (yaxşı mənada) lətifələrdə də. El arasında geniş yayılmış həmin lətifələrdə gah onlar birlikdə yeyib-içməkdən gələndə ciblərində qalan pulun hamısını küçədə rastlaşdıqları bir dilənçiyə verir, gah məvacib günü aldıqları maaşı (əliaçıqlığı və səxavəti ilə məşhur olan S.Vurğunun ağır sözlər altında qoyduğu şərtə görə) son qəpiyinədək kasıb bir gözətçiyə bağışlayır, gah son moda üzrə geyinmiş bir qadına hərəsi bədahətən bir bənd şeir həsr edir, gah haqsız “danlaqdan” bezdikləri üçün hansısa tənqidçinin ünvanına senzuraya sığmayan bəndlər və beytlər söyləyir, gah da müğənni Şövkət Ələkbərovaya həsr etdiyi:
Deməsə “Kəsmə şikəstə” hələ də Fatma kimi,
Onu da var deməyə qüdrəti Şövkət xanımın –
qəzəlinə görə Əlağa Vahidə sataşıb onunla məzələnirlər və qəzəlxanın tutarlı bir cavabını aldıqdan sonra susmalı olurlar və s. və i.a.. (Həmin qəzəlin özü də bəlkə elə “xalq yaradıcılığı” məhsulu imiş?). Onu da deyək ki, lətifələrin arasında Vahidlə bağlı olanı daha çoxdur və bu söz güləşdirmələrinin hamısında son kəlməni Vahid deyir. Onların bu şən zarafatları şıltaq və dəcəl uşaqların davranışını xatırladır. Həmin rəvayət və lətifələrin həqiqətə uyğun olub-olmaması ilə işimiz yoxdur, ancaq bunların hamısının xalqın öz şairlərinə bəslədiyi hörmət və sevgidən yarandığı şübhəsizdir.
Bəlkə də heç çoxları Süleyman Rüstəmin şeirlərini əzbərləməyi qarşılarına məqsəd qoymayıb və bu barədə düşünməyib də. Ancaq onun saysız-hesabsız şeirlərinin elə bircə misrasının yarısını xatırlamaq kifayətdir ki, həmin anda ardını əzbərdən söyləsinlər. Soruşsan ki, bəs bu şeirləri nə vaxt əzbərlədin? Yəqin ki, izah etməkdə çətinlik çəkərlər. Çünki o şeirlər şirin bir musiqi ilə, vətənin havası, suyu, ananın südü ilə hopub qanımıza. Hər hal-da bir neçəsini xatırlayaq:
“Sənə üz versə kədər…”
“Qurban adına, bir sal yadına…”
“Sevgisiz gül-çiçək bitməz, eykönül…”
“İlk bahar çağında çıxıb qarşıma…”
“Gözəl Qarabağda cavan yaşımda…”
“De görüm, vəfalı sənsən…”
“Bu eşqi pünhanı tanımadınmı?..”
“Təbrizim, Təbrizim, aman Təbrizim…”
“Dörd aydır ki, ananın gözləri yol çəkirdi…”
XX əsr Azərbaycan şairlərindən eləsi tapılmaz ki, ikiyə bölünmüş Vətənin ağrısı onun şeirlərində öz əksini tapmasın. Süleyman Rüstəmdə isə “Cənub həsrəti” xüsusi bir mövzudur. Bu mövzuda bəlkə də onun qədər yazan ikinci bir şair olmayıb. Onun şeirlərini oxuyanda hiss edirsən ki, bu həsrət yükü bitib-tükənməyən bir mövzu imiş. Mübaliğə etmədən demək olar ki, Süleyman Rüstəm heç nə yazmasaydı da, təkcə “Cənub şeirləri” onu xalqın ürəyində əbədi yaşadacaqdı. Bu şeirlərdəki məhəbbət, həsrət, hicran, yanğı bütöv bir şairlər nəslinə bəs edər. Onun Təbrizdən ayrılarkən yazdığı “Amandır ‘getmə” seirindəki harayı duyub, buna dözməyə ürək gərəkdir: Məni yalqız qoyub hara gedirsən?
Getsən, yerim yenə zindandır, getmə!..
İllər ötdükdən sonra inandıq ki, şairin bu harayı nə qədər haqlı imiş. Və bu acı həsrətin zamandan-zamana uzandığını görüb, “kitabımı Arazdakı körpü üstdən assınlar…” deyə vəsiyyət edən şair axırda yazacaq:
Vəslinə mən yol tapmadığımçün deyirəm:
Millətimdən də, özümdən də xəcalət çəkirəm…
Süleyman Rüstəm üçün Vətənin hər bir guşəsi eyni dərəcədə doğma və əzizdir. Şair Azərbaycanı qarış-qarış gəzib, onun gözəlliklərini vəsf edib. O, yurdumuzun ən gözəl guşələrindən biri olan İsmayıllıda da bir neçə dəfə olub. 1948-ci ildə rayon mərkəzində yeni tikilmiş kitabxananın açılışında S.Vurğun, Ə.Məmmədxanlı və Süleyman Rəhimovla birlikdə iştirak edib.
Süleyman Rüstəmin İsmayıllı haqqındakı təəssüratı uzun illər keçəndən sonra şeirə çevrildi. O, hansı səbəbdənsə dağlar qoynundan ayrılaraq paytaxta köçməyə məcbur olmuş cavan şair dostuna (Musa Yaquba) ithaf etdiyi şeirində bu torpağın gözəlliklərindən məhəbbətlə söz açır:
Zəmilərdə torpağa baş əyən sünbülləri,
Çəməndə şənlik edən xanəndə bülbülləri,
Şairə gəl-gəl deyən çiçəkləri-gülləri,
Dağların laləsini kimə tapşırıb gəldin?
Şeirin sonunda isə yana-yana əlavə edirdi:
… Kaş mənə tapşıraydın,
kaş mənə tapşıraydın!..
İllər keçəcək, xalq şairi Süleyman Rüstəmin vətənpərvərlik hissləri ilə yoğurulmuş şeirləri gələcək nəsillərin tərbiyəsində yenə də öz rolunu oynayacaqdır.
Nədənsə mənə elə gəlir ki, “Məni üzü Təbrizə sarı basdırın” deyən şair gözlərini axırıncı dəfə həyata yumanda da ürəyinin son döyüntülərində aşağıdakı misralar səslənirmiş:
Ömrümün dünəndə qaldı baharı,
Mənim xoş günümdə gəlmədin, barı
Qırıb məftilləri, udub yolları,
Məni son məzara ötürməyə gəl!
1989-2012
QEYD: Yuxarıdakı başlıq altında yazı “Zəhmətkeş” qəzetinin 15 iyun 1989-cu il nömrəsində dərc olunmuşdur. Məqalə müəllif tərəfindən “İsmayıllı xəbərləri” üçün yənidən işlənmişdir.

Şərh Yaz