Qırx ildən sonra görüş

Məktəblilərin yay tətili günləri olsa da Lahıc qəsəbə tam orta məktəbində canlanma vardı. Bu canlanmaya səbəb isə 1972-ci ildə həmin məktəbi bitirmiş məzunların bir araya gəlməsi idi. Arxada qalmış 40 illik bir ömür, necə deyərlər, bir igidin ömrü. Bu zaman kəsiyində nə qədər sular axmış, neçə-neçə insan həyatdan köçmüşdür. Elə götürək bu gün buraya toplaşanları. O, zaman 54 nəfər məzun idiksə, indi 49 nəfərik. Beş nəfər dünyasını dəyişmişdir. Qırx ildən sonra görüşMüəllimlərimizdən də üç nəfəri yaşayır, qalanları haqq dünyasına qovuşmuşdur. O vaxt yeniyetmə olanlar, indi 60 yaşı haqlayan nənə, babadırlar. Aramızda son dərs günündən bəri, düz qırx il bir-birini görməyənlər də vardı. Belə bir görüşdə gör nə qədər danışılası xatirələr yaşayır ürəklərdə?!
Həmin gün Lahıc qəsəbə tam orta məktəbinin qocaman müəllimi Ənvər Balayevin başına toplaşdıq. Görüşümüzün aparıcısı olan bu qocaman müəllim sabiq şagirdlərini gördükdə nə qədər fərəh keçirdiyini təsəvvür etmək heç də çətin deyil, sanki özü də bir qədər cavanlaşdı. Ənvər müəllim Lahıc məktəbinin necə müqəddəs təhsil ocağının olması barədə çox həvəslə söhbət açdı. O qeyd etdi ki, bu məktəbin məzunlarının sorağı indi respublikanın müxtəlif sahələrindən gəlir, onlar həkim, mühəndis, müəllim, alim və şair kimi xalqa xidmət göstərirlər. Biz həmişə onlarla fəxr edirik. Fərəhləndirici haldır ki, məzunlarımız doğma məktəbin, el-obanın başını həmişə uca tuturlar. Bu, biz müəllimlər üçün ən yüksək mükafatdır.
Məzunlar sinfə keçdilər. Ənvər müəllim həmişəki kimi “dərs”ə başladı. Dəqiq mövzu olmasa da, söhbət ümumi idi. Hərə növbə ilə bu qırx il ərzində keçdiyi ömür yolundan, qazandığı uğurlardan, həyatından, məişətindən və sairdən söhbət açırdı. Sanki 40 illik ayrılığın hesabatına yığışmışdıq. Bu görüşdə həm Ənvər müəllim, həm də məzunlar kimin nə işlə məşğul olması barədə xeyli məlumat əldə edə bildi. Məlum oldu ki, buraya toplaşan məzunların hərəsi bir sahənin mütəxəssisidir.
Qırx ildən sonra görüşArxada qalan qırx il ərzində nə qədər hadisələr baş vermiş, tarix kökündən dəyişmişdir. Heç kəsin təsəvvürünə gətirə bilməyəcəyi Sovetlər İttifaqı dağılmış, o vaxt müttəfiq respublikalar adlanan ölkələrin hərəsi dünya xəritəsində bir müstəqil dövlətdir. Bu illər ərzində Azərbaycanın başı nələr çəkməmişdir. 1990-cı ilin 20 yanvar faciəsi, Ermənistanın Azərbaycana torpaq iddiaları nəticəsində ərazimizin 20 faizini zəbt etməsi, bu döyüşlərdə verdiyimiz şəhidlər, dünya ictimaiyyətinin bu haqsızlığa göz yumması və sair hadisələr baş vermişdir.
Bu qırx ildə Azərbaycanın sürətlə inkişafı göz qabağındadır. Azərbaycan müstəqillik qazanandan sonra ölkədə neft istehsalı, tikinti-abadlıq, yolların, körpülərin, müasir məktəblərin inşası, aqrar sahənin inkişafı və sair hamının qəlbində fərəh hissi oyadır. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasında addımlayır. Ənvər müəllim qeyd etdi ki, siz xoşbəxt adamlarsınız ki, müstəqil ölkədə yaşayırsınız.
Məktəbin direktoru, Əməkdar müəllim Hikmət Haqverdili də bu görüşdə iştirak etdi və məzunlara tədris ocağının bu günündən, uğurlarından söz açdı. Məzunlardan Rəsul Babayev, Əlişir Əhmədov, Ramiz Babayev və başqaları öz təəssüratlarını bölüşdürdülər, məktəbdə çalışan müəllimlərə, təhsil alan şagirdlərə yeni-yeni uğurlar arzuladılar.
Məktəbdəki görüşdən sonra sinif yoldaşımız, keçmiş məzun Dünyaxanım hamımızı evinə, çay süfrəsinə dəvət etdi. Burada da söhbət unudulmaz xatirələrə çevrilmiş məktəb illərindən, məktəbin özü, buradakı təlim-tərbiyə ətrafında getdi.
Bəli, biz toplaşdıq, keçmişi bir daha yad etdik və bu görüş bizi bir neçə anlığa gəncliyimizə qaytardı. Bundan sonra belə görüşlərin müntəzəm keçirilməsini qərara aldıq. Sonda xatirə şəkli çəkdirdik. Fotolarda qırx il əvvəl və bugünkü məzunlar.
Q. Məmmədov,
keçmiş məzun

Şərh Yaz