Tolerantlıq diyarı – Azərbaycan

Tolerantlıq diyarı - Azərbaycan
Azərbaycan çox konfessiyalı bir ölkədir. Bu baxımdan, dünyada dinlərarası, mədəniyyətlərarası əlaqələrin genişlənməsi və möhkəmləndirilməsi işinə öz layiqli töhfəsini verəcəkdir.
Heydər Əliyev

Dünya mədəniyyətinə, türk-islam sivilizasiyasına böyük töhfələr vermiş ölkəmiz çoxmillətli və çox konfessiyalı cəmiyyətə malikdir. Əsrlər boyu ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri tarixən qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşamış və yaşayırlar. Dini tolerantlıq Azərbaycan üçün xarakterikdir.
Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, İslam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə yerinə yetirirlər. Ölkəmizdə dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün etnik-dini təbəqələrin milli-mənəvi dəyərlərinə sahib olması üçün hərtərəfli hüquqi və demokratik şərait təmin edilmişdir.
Ölkəmizdə tolerantlığın möhkəm və zəngin ənənələri, dərin tarixi keçmişi var. Azərbaycan xalqı bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına həmişə böyük diqqət göstərmiş, başqa konfessiyaların nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindən birinə çevrilmişdir.
Bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət daşıyır. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc və mehriban yaşamasının unikal nümunəsidir. Ölkəmizdə tolerantlıq ənənələrinin kökləri tarixin dərinliklərinə gedib çıxır: Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar.
Tədqiqatçıların verdiyi məlumata görə, eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil edir: “Dində məcburiyyət (zorakılıq) yoxdur…” (əl-Bəqərə, 256). Tarixçilərin dediklərinə görə, VII-VIII əsrlərdə müsəlmanlar Yəhudilik, Xristianlıq və Zərdüştlüyün tərəfdarlarına qarşı ehtiram və dözümlülük göstərmişlər.
Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik-dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında tarixin acı həqiqətlərinin də müəyyən rolu olmuşdur.
Azərbaycanlılarla qaynayıb qarışan müxtəlif etnik-dini qruplar imperiya dövlətlərinin təzyiqinə və fitnəsinə baxmayaraq, bir çox hallarda Azərbaycan xalqının tolerant düşüncəsinə etibar etmiş, rəğbət göstərərək, mehriban qonşuluq əlaqələri qurmuş və onu qoruyub saxlamağa səy göstərmişlər. Buna misal olaraq İsmayıllı rayonunu göstərmək olar. Belə ki, İvanovka kəndində azsaylı (malakanlar) xalqın nümayəndələrinin azərbaycanlılarla birgə kompakt halda yaşaması çox gözəl nümunədir. Həmçinin, kənddə malakanlarla yanaşı ləzgilər və azərbaycanlılar mehriban qonşuluq şəraitində yaşayırlar. Rayonun Qalacıq, Sumağallı, İstisu və Qurbanəfəndi kəndləri ləzgilərin sıx məskunlaşdığı məkanlardır. Rayonumuzun əksər kəndlərində bir neçə millətin nümayəndəsinə də rast gəlmək mümkündür. Qarışıq nikahlardan kifayət qədər nümunə gətirmək olar.
Sovetlər dövründə mərkəzi hakimiyyətin “qardaş millətlər”, “xalqlar dostluğu” adı altında həyata keçirdiyi milli siyasət süni beynəlmiləlçilik mahiyyəti daşıyırdı və “Allahsızlıq məzmunundan” da azad deyildi. Sovet rejimi hər vasitə ilə Azərbaycan xalqını milli-mənəvi dəyərlərdən, İslam dininə olan bağlılığından uzaqlaşdırmağa çalışırdı. Lakin xalq bu tarixi sınaqdan da uğurla çıxdı. Dini məzmunlu heç bir qarşıdurmaya yol vermədi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli koduna çevrilmiş tolerantlığın daha da inkişaf etdirilməsi üçün münbit şərait və hüquqi baza yaradılmışdır.
Müstəqilliyin ilk illərində ölkədəki müharibə şəraiti, siyasi gərginlik, məmur özbaşınalığı və iqtisadi böhran milli-mənəvi dəyərlərin qorunması işini zəiflədirdi. Lakin 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin qorunması, tolerant münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində də canlanma yarandı. Uzun illər istifadəsiz qalmış məscid və kilsələr əsaslı təmir edilərək xalqın istifadəsinə verildi. Bundan əlavə, yeni ibadətgahların inşasına başlandı. Bir sözlə, Azərbaycan xalqı öz soy-kökünə, adət-ənənələrinə və dini etiqadlarına qovuşmuş oldu.
Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yaşayan digər din mənsublarına da yüksək qayğı göstərir.
Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Prezident İlham Əliyev daim ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir.
Azərbaycanda antisemitizmə heç vaxt yer olmayıb və indi də yoxdur. Ümummilli lider Heydər Əliyev 15 noyabr 1998-ci ildə yəhudi icmaların rəhbərləri ilə keçirilən görüşdə qeyd etmişdir: “Respublikada belə hadisələr baş vermir və biz onların yaranmasına heç vaxt imkan verməyəcəyik”.
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici dövlətlər tərəfindən yüksək qiymətləndirilmişdir. 2002-ci ilin may ayında Azərbaycanda səfərdə olan Roma-katolik kilsəsinin sabiq başçısı Papa II Pavel ölkəmizdəki tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir.
Rum patriarxı I Varfolomey 2003-cü ilin aprelində Azərbaycanda rəsmi səfərdə olmuşdur. Ölkəmizdəki mövcud dini durumu, dövlətin dini konfessiyalara göstərdiyi qayğını yüksək dəyərləndirən I Varfolomey demişdir: “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”.
Ulu öndər Heydər Əliyevin alternativsiz siyasətini onun siyasi kursunun layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyev uğurla və uzaqgörənliklə davam etdirir. Ölkədəki tolerantlığın və dini etiqad azadlığının təminatçısı olan Prezidentin təşəbbüsü və qaygısı ilə müxtəlif konfessiyalara məxsus dini ibadət yerləri, tarixi-dini abidələr dövlət tərəfindən bərpa edilmiş, yeniləri tikilmişdir.
Bu sahədə YUNESCO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyilə Heydər Əliyev Fondunun ardıcıl və təqdirəlayiq fəaliyyətinin xüsusi rolu var. Milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Fondun məscid və ziyarətgahları bərpa etməklə yanaşı, bir-sıra qeyr-islam məbədlərinin bərpası və yenidən qurulması məqsədilə layihələrin hazırlaması və həyata keçirilməsi təqdirəlayiqdir.
Ölkəmizdə dəfələrlə dini dözümlülük, dinlərarası dialoq mövzularına dair beynəlxalq konfranslar, elmi simpoziumlar və s. tədbirlər keçirilmişdir.
Məhz ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dini dözümlülük, insan hüquq və azadlıqları ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunan vicdan azadlığı ilə bağlı müddəaları həyata keçirmək üçün münasib şərait yaradıldı, Dövlət-din münasibətlərini tənzimləmək, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət etmək məqsədilə 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bununla da dini sahədə yeni mərhələnin əsası qoyuldu. Dövlət Komitəsi ölkədə tolerantlığı, konfessiyalararası münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində bir sıra uğurlu tədbirlər həyata keçirməyə başladı.
Milli-mənəvi dəyərlərin, mövcud tolerantlığın qorunması və daha da inkişaf etdirilməsi istiqamətində bu gün də uğurlu işlər aparılır.
Tolerantlıq diyarı - AzərbaycanRəhim Rəhimli,
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şimal-Qərb Şöbəsinin aparıcı məsləhətçisi

Şərh Yaz