Beynəlxalq Müəllim Günü

Beynəlxalq Müəllim GünüUlu öndər Heydər Əliyev demişdir: “Mən dünyada müəllimdən yüksək ad tanımıram”. Bu yüksək adı daşımaq həm çətin, həm də çox məsuliyyətlidir. Sadə ömür sürən bu peşə sahibləri hər cür tərifə layiqdirlər. Onların əməkləri həmişə dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Elə müəllim gününün qeyd edilməsi də deyilənlərə gözəl nümunədir. Oktyabrın 5-i hər il Beynəlxalq Müəllim günü kimi qeyd olunur. Müəllim ömrü şərəflidir ona görə ki, millətin gələcəyi olan uşaqlarımızın təlim-tərbiyəsini onlara etibar etmişik. Sözün əsil mənasında ömründən şagirdlərinə pay verən müəllim hər cür hörmətə layiqdir. Müəllimlərin dövlət orden və medalları ilə təltif edilməsi, onlara fəxri adların verilməsi onlara olan hörmətin ifadəsidir.
Azərbaycanın müəllim ordusunun sıralarında İsmayıllı rayonunun da öz yeri var, onların da deməyə sözləri, ortaya qoyulası yüksək nəticələri var. Azərbaycan təhsilində qabaqcıllar sıralarında addımlayan İsmayıllı müəllimlərinin son illərdəki uğurları göz qabağındadır. Yüksək ballarla ali məktəblərə qəbul olan abituriyentlər, prezident təqaüdü alan tələbələr, yeni-yeni tikilərək istifadəyə verilmiş məktəblər, təhsildə müasir texnologiyaların tətbiqi və sair uğurların artmasına çox yaxşı təkandır. Buna görə də İsmayıllı pedaqoqları öz peşə bayramlarına alnı açıq, üzü ağ toplaşmışdılar.
Beynəlxalq Müəllim GünüPayız Günəşinin ətrafı qızdırdığı 5 oktyabr tarixində “Qala” şadlıq sarayında möhtəşəm bir məclis qurulmuşdu. Bu, Beynəlxalq Müəllim Gününə həsr edilmiş tədbir idi. Aparıcılar Elman Məmmədov və Gülmayə Bədəlova zala toplaşanları salamlayır:
– Əziz və hörmətli müəllimlər! Sizin hər birinizi bu bayram münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı, bu şərəfli işinizdə daha böyük uğurlar arzulayırıq. Bu gün böyük sevinc və fərəh içərisindəyik. Bu da səbəbsiz deyil. İsmayıllı təhsilində ilbəil qazanılan uğurlar, əldə olunan nailiyyətlər hər birimizdə qürur yaratmaqla, eyni zamanda məsuliyyətimizi artırır.
Çoxsaylı müəllim ordusu diqqət və qayğı ilə əhatə olunmuşdur. Buna görə müəllimlər ilk növbədə, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
İsmayıllı təhsilinin uğurlarında adlarını əbədiləşdirərək dünyasını dəyişmiş müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov çıxış edərək Beynəlxalq Müəllim günü münasibətilə məclisdəkiləri, onların simasında bütün rayon təhsil işçilərini təbrik etmişdir. R.Orucov qısaca da olsa, əldə edilmiş nailiyyətlərdən söhbət açmışdır. Bu il Tircan, şəhər 2 saylı və Qubaxəlilli kənd tam orta məktəbləri ilin “İlin ən yaxşı məktəbi” adını qazanmışdır. Şəhər 1 saylı tam orta məktəbinin müəllimi Pərvanə Baratova, Cülyan kənd tam orta məktəbinin müəllimi Tahir Abdullayev və Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Samir Ağabalayev “Ən yaxşı müəllim” adına layiq görülmüşlər. Onu da qeyd edək ki, bu il Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə bir qrup müəllimə “Qabaqcıl təhsil işçisi” adı verilmişdir.
Ayrı-ayrı məktəblərin şagirdləri müxtəlif olimpiada, inşa, rəsm və bilik yarışında mükafatlar almışlar. Ümummilli lider H.Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş, M.Ə.Sabirin anadan olmasının 150 illiyinə, ”Gələcək nəsillərlə üz-üzə” inşa, müxtəlif mövzulara həsr olunmuş rəsm və əl işləri müsabiqələrinin qaliblərinə RTŞ-nın və Azərbaycan TİAHİ RK-nin tərifnamələri, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilmişdir. Həmin mükafatları RTŞ-nın müdiri R.Orucov və RİH aparatının işçisi V.Salehov təqdim etmişlər. Həmin gün pensiyaya yola salınan və yubileyi olan bir qrup müəllimi də təbrik etdilər və onlara hədiyyələr verdilər.Beynəlxalq Müəllim Günü
RİH aparatının işçisi V.Salehov çıxışında bütün müəllimləri peşə bayramları münasibətilə təbrik etmiş, onlara möhkəm cansağlığı və yeni uğurlar arzulamışdır.
“Qala” şadlıq sarayının xalq instrumental ansamblının ifasında mahnılar, rəqslər tədbir iştirakçılarının ovqatını daha da qaldırdı. Ayrı-ayrı məktəblərdən tədbirə qatılmış şagirdlər öz müəllimlərini şeir, mahnı və rəqslə təbrik etmişlər. Aşıqbayramlı kənd tam orta məktəbinin yeddinci sinif şagirdi Aytac Ağayevanın ifasında hind rəqsi gurultulu alqışlarla qarşılandı. Diyallı kənd tam orta məktəbinin şagirdi Samirə Məmmədovanın oxuduğu mahnı, Talış kənd ümumi orta məktəbinin şagirdlərinin ifasında yumoristik səhnəcik tədbir iştirakçılarının ürəyincə oldu və alqışlarla mükafatlandırıldı.
Tədbirdə ən fəal iştirakçı, rəqs edən, mahnı ifaçısı və ən gülməli əhvalat danışanlara hədiyyələr təqdim edilmişdir. Üç nəfərdən ibarət münsiflər heyəti də təşkil edilmişdi.
Bayram davam etdikcə müəllimlərin ünvanına gəlmiş təbrik teleqramları oxundu. Teleqramlar rayonun ayrı-ayrı idarə və təşkilatlarından, ziyalılardan idi. Lahıc qəsəbə tam orta məktəbinin direktoru Hikmət Haqverdili çıxış edərək mükafat alanlar adından hamını – bütün həmkarlarını təbrik etmişdir. Hikmət müəllimin özü də 60 yaşını tamamlamışdır. Sahibə Abdullayeva isə mükafat alanları gözəl bir mahnı ilə salamlamışdır.
Həmin gün oradakıların hər biri tədbirin şən və maraqlı keçməsi üçün əlindən gələni edirdi. İştirakçılar yallı gedir, qızğın rəqslərlə bir-birlərini yarışa çağırır, şənlənirdilər.
Tədbirdə iştirak edən qonaqlar da müəllimləri peşə bayramları münasibətilə təbrik etmişlər. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İsmayıllı rayon şöbəsinin müdiri Vaqif Hüseynov müəllimləri təbrik etdi onlara yeni uğurlar arzuladı. Şəhər 3 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Çingiz Muradlı həmkarlarını şeirlə salamlamışdır.
Beynəlxalq Müəllim GünüMəktəblərin bədii özfəaliyyət kollektivlərinin üzvlərindən bir qrup da tədbirdə fəal iştirak etmişdir. Şagirdlərdən kimsə şeirlə, kimsə mahnı ilə, digərləri isə rəqsləri ilə öz müəllimlərinin bayramına xoş əhval-ruhiyyə qatdılar. Onların payına xeyli tamaşaçı alqışı düşdü.
Hər şeyin sonu olur. Məclis də yekunlaşmağa başlayır. Beləcə, sözlü, şeirli və nəğməli bir bayram da başa çatır. Hamıya möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayan aparıcılar tədbirin sona çatdığını elan edirlər.
B.Babayev

Şərh Yaz