Göstərilən qayğını doğruldacağıq

Göstərilən qayğını doğruldacağıqÇox sevinir, fəxr edirəm ki, hörmətli təhsil nazirinin, RİH başçısının, əziz müəllimlərimin və qonaqlarımızın iştirak etdiyi mötəbər bir məclisdə mənim də söz demək imkanım vardır. İsmayıllı təhsilində qazanılan uğurlar məni də sevindirir. Müvəffəqiyyətlər biz şagirdləri də məktəb fəaliyyətində müəllimlərimizlə birgə çiyin-çiyinə çalışmağa sövq edir. Müxtəlif klublarda, şuralarda sərbəst işləyir, sözümüzü deyir, təkliflərimizi verir, müzakirələrə qoşulur, layihələrdə, respublika tədbirlərində iştirak edirik.
İlin məktəbi adına layiq görülmüş 3 saylı tam orta məktəbin XI sinif şagirdi kimi, həmyaşıdlarımla birgə bu il də İsmayıllı təhsilinin uğurları ilə fəxr edirəm. Hər il təhsil bayramının keçirilməsi, istedadlara bu diqqət və qayğı daxilən məsuliyyət hissimi artırır. 600-dən yuxarı bal toplayan tələbələrin arasında olum deyə, ictimai və təhsil fəaliyyətimi artırıram. Bu gün biz gənclər çox fəal olmalıyıq. Çünki dövlətimizin fəal, işgüzar, elmli, təşəbbüskar gənclərə ehtiyacı vardır. Respublikamızda istedadlı gənclərlə bağlı çoxlu sayda əmr və sərəncamlar verilir. Bütün bunlar məndə çox böyük ruh yüksəkliyi yaradır, gələcəyə inam hissini artırır. Sevinirəm ki, bizim Azərbaycan kimi gözəl bir vətənimiz var və onun prezidenti gənclərə böyük etimad göstərən cənab İlham Əliyevdir. Ona rayonumuzun gəncləri adından dərin təşəkkürümü bildirirəm.
Bu gün məktəblərdə fəaliyyət göstərən şagird parlamentləri, məktəb kiçik akademiyalarının (MKA), “Natəvan” qızlar klublarının fəaliyyəti hər birimizə sərbəst çıxışlar hazırlamaq, müzakirələrə qoşularaq fikir yürütmək, tədqiqat apararaq məqsədə nail olmaq bacarığını aşılayır. Bu, istedadlı şagirdlərlə gördüyümüz işlərin bir tərəfidir.
Hər bir qız gələcəyin anasıdır. Bu ana sağlam fikirli övlad böyütməlidir. Məktəbimizdə fəaliyyət göstərən “Natəvan” qızlar klubu da məhz bu istiqamətdə iş aparır. Hər bir ailənin qızının maarifləndirilməsi, sağlamlıqlarının qorunması məqsədi ilə tibb, qabaqcıl təhsil işçiləri ilə birgə dəyirmi masalar, görüşlər, müzakirələr, sərgilər, bilik yarışları keçiririk.
“Xüsusi istedada malik gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramı”na uyğun olaraq MKA-nın yaradılması bir çox yaradıcı gənc kimi, mənim də ürəyimdən oldu. Biz şagird elmi cəmiyyətinin üzvü olaraq kiçik tədqiqat işləri aparıb, şuraya təqdim etmişik. Bu araşdırmaların təqdimatı zamanı irəli sürülən rəyləri, təklifləri nəzərə alaraq yeni araşdırmalara başlamışdıq.
Dövlətimiz təhsilə hər cür qayğı göstərir. Yeni məktəb binaları tikilir, köhnə məktəb binaları təmir olunur, kompyuterdən istifadə və internet yayımları üçün şərait yaradılır. Bunun nəticəsidir ki, mən təhsil aldığım məktəbdə həmyaşıdlarımla birgə müxtəlif layihələrə qoşulmaq imkanı əldə etmişəm. Belə ki, biz Yaponiya məktəbləri ilə mədəniyyət layihəsində birgə iştirak edib, onlara respublikamızın mədəniyyəti, tarixi keçmişi, işğal olunmuş əraziləri, bu günü haqqında geniş məlumat vermişik. Mən İREX təşkilatının Bakıda təşkil etdiyi 3 günlük İKT treninqində iştirak etdim. UNİCEF tərəfindən Qubada təşkil olunan yay məktəbində iştirak etdim, orada müxtəlif layihələrə qoşularaq diplom və sertifikat aldım.
Təhsil şöbəsinin bu istiqamətdə şagirdlərlə apardığı işlər hər birimizin müstəqil həyatda layiqli yer tutacağımıza böyük zəmanət verir.
Məqsədyönlü rəhbərliyə görə RTŞ-nin müdiri Rasim müəllimə, şöbənin əməkdaşlarına istedadlı gənclər, adından təşəkkürümü bildirirəm.
Fürsətdən istifadə edərək gənclərimizin arzusu olan bir məsələyə toxunmaq istərdim. Rayonumuz dağlıq rayon olduğu üçün kənd məktəbləri kadr çatışmazlığı ilə üzləşir. Bunun nəticəsində bir sıra istedadlı şagirdlərimiz lazımi qaydada təhsil ala bilmir. Rayonumuzda lisey, kollec tipli təhsil ocaqlarının tikilməsi hamımızın ürəyincə olardı.
Sonda hamınıza bir daha yeni təhsil ilində can sağlığı və bol-bol uğurlar arzu edirəm.
Gülmayə Bədəlova,
şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi

Şərh Yaz