Bir ömür kitabından

Bir ömür kitabındanAğac barı, güllər, çiçəklər ətri ilə sevildiyi kimi, insan da İlahi tərəfindən ona bəxş edilmiş ömür yolundakı əməlləri ilə seçilib-sayılır. Taleyini hər hansı bir peşəyə bağlayıb, bu peşənin sirlərinə dərindən yiyələnib Vətəninə, xalqına xeyir verənlər arxada qoyduğu illərdən özlərinə məxsus bir tarix yaradırlar. Belə insanlardan biri, rayonumuzun ictimai mühitində yaxşı tanınan, Cülyan kənd tam orta məktəbində Gənclərin Çağırışaqədərki hazırlığı fənni müəllimi işləyən Abdullayev Tahir Şıxalı oğludur və onun başqalarına örnək, uğurlarla dolu maraqlı həyat yolundan söz açmaq niyyətindəyik.
Tahir müəllim haqqında nəsə yazmaq qərarına gələndə bir anlığa ötən illərin maraqlı xatirələri gözümdə yenidən canlandı. Uğurlu nailiyyətləri ilə ziyalılarımız arasında yaxşı tanınan Tahir müəllim haqqında xoş sözlər demək, yazmaq olardı. Fərqli bir yazı yazmaq məqsədi ilə telefon əlaqəsi yaratdım. Haqqında qəzet üçün material hazırlamaq istədiyimi bildirdim. Əvvəlcə təvazökarlıq etsə də, sonra razılaşdı. Razılaşmağı məni sevindirdi. Görüşəcəyimiz vaxtı müəyyən etdik. Səsi həmişəki kimi, gümrah və şən idi. Tələssəm də, işlərimi ancaq günün ikinci yarsına kimi qurtara bildim. Zəng edib asudə olduğumu ona bildirdim. Müəllimlə evlərində görüşdüm. Götürdüyüm dəftərə öncədən verəcəyim sualları qeyd etmişdim. Lakin Tahir müəllim söhbətə elə başladı ki, sual kimi səsləndirəcəyim fikirlərə demək olar ki, yer qalmadı.
Müəllimin sadə, səmimi və mehriban danışığından, özü və işi haqqında etdiyi açıqlamadan sonra onu sadəcə dinləmək qərarına üstünlük verdim. Söhbətə gənclik illərindən başlayacağını müəyyən etmişdim özlüyümdə. Belə də oldu. O, köhnə xatirələri yada saldı. İllər keçməsinə baxmayaraq, Tahir müəllim elə də dəyişməmişdi. Gümrah görkəmi, hərbiçilərin bir çoxuna nəsib olan gur səsi yerli-yerində idi. Təkcə, saçlarına dən düşmüş, sifətində insanı keçmişə boylandıran bəzi cizgilər yaranmışdı. Onun bu görkəmi ömrünün müdrik çağında olmasından xəbər verirdi.
Çay süfrəsi arxasında üz-üzə oturub şirin-şirin söhbətləşməkdə idik. Həmsöhbətim bu gün üçün keçmiş olan günlərini xatırlayır, ömürdən ötən illərin tarixə dönmüş həyat kitabının səhifələrini vərəqləyir, olub keçənləri xəyal süzgəcindən keçirirdi. Bəzən dərin düşüncələrə dalması, fikrə getməsi, bəzən də çöhrəsində sevinc, dodaqlarında təbəssüm sezilirdi. Bu görkəmi onun sifətində sanki keçdiyi ömür yolunun şirinli-acılı anlarının vəhdətini yaradırdı. Tahir müəllimlə söhbətimizdən yaddaşıma köçürdüyüm məqamları, vərəqlənən bir ömür kitabından bəzi səhifələri oxuculara təqdim edirəm.
Ömrün illəri…
Tahir Abdullayev 1965-ci ildə İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. 1982-ci ildə İsmayıllı şəhər 3 saylı orta məktəbi bitirib. 1983-85-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1988-ci ildə Ukrayna Respublikasının Nikolayev şəhəri Belincki adına Pedaqoji İnstitutunun hərbi hazırlıq və fiziki tərbiyə fakültəsinə qəbul olunub. 1990-cı il qanlı yanvar faciəsindən sonra, öz xahişiylə Nəsirəddin Tusi adına pedaqoji universitetin, hərbi bədən tərbiyəsi fakültəsinə köçürülüb. 1992-ci ildə universiteti bitirib.
1992 ilin martında tələbə batalyonu tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.
1992-ci ildən İsmayıllı rayonunun Cülyan kənd tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı fənni müəllimi işləyir
2001-ci ildə qabaqcıl iş təcrübəsinin öyrənilib-yayılması, İsmayıllı rayon Təhsil Şöbəsində rəsmiləşdirilmişdir. Yaxşı işlədiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə Fəxri fərmanla təltif edilib. Müxtəlif illərdə KHVTİC, rayon Gənclər və İdman İdarəsi, Hərbi Komissarlıq və Təhsil Şöbəsinin Fəxri fərmanları, diplomları və qiymətli hədiyyələri ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2004-2011-ci illərdə 52 saylı məntəqə seçki komissiyasının sədri işləyib. Azərbaycan Respublikası Kənd İnvestisiya İcma Layihəsi Komitəsində Cülyan kənd icmasının sədridir.
“Təhsil problemləri” qəzetinin ştatdankənar müxbiridir. Rayonda keçirilən hərbi vətənpərvərlik tədbirlərini və GÇH fənni ilə bağlı aktual məsələlər onun qələmi sayəsində mətbuatda işıqlandırılır. Ailəlidir dörd övladı var.
Təhsilə qayğı
– Respublikamızda müstəqillik əldə edildikdən sonra aparılan islahatlar nəticəsində demək olar ki, bu gün təhsilimiz dinamik inkişaf yolundadır. Ümummilli liderimizin layiqli davamçısı prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmiz özünün inkişaf dövrünü yaşayır. Avropa standartlarına tam cavab verən yeni məktəb binalarının tikilməsi və müasir avadanlıqla təmin edilməsi, müəllimlərin əmək haqlarının ilbəil artırılması, hər il keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində qalib gələnlərə birdəfəlik pul mükafatlarının verilməsi bunun bariz nümunəsidir.
Yola saldığım illərdən razıyam
– Bir müəllim kimi, məzunlarımla fəxr edirəm. Şagirdlərimə verdiyim hərbi biliklərin nəticəsi olaraq, müntəzəm şəkildə hərbi xidmətdə olan şagirdlərimin komandirləri tərəfindən həm məktəbimizin ünvanına, həm də məzunlarımızın valideynlərinə təşəkkür məktubları ünvanlanır. Onlardan hazırda respublikanın özündə və bir sıra Avropa ölkələrinin hərbi qurumlarında müvəffəqiyyətlə çalışanlar var. Şagirdim Əlizadə Elxan Okinava karate-do üzrə respublika və MDB çempionu olmuşdur. Sevindirici haldır ki, finalda Ermənistan idmançısı üzərində parlaq qələbə qazanmışdır.Bir ömür kitabından
Uğurlarımız
– Məktəbimizin “Cəsurlar” komandası ötən il Qobustan rayonunda keçirilən zona yarışlarında I yerə, respublika finalında isə II yerə layiq görülmüşdür. Güllə atıcılığı üzrə “Biz sənə inanırıq, əsgər” devizi altında keçirilən zona yarışında I yerə, respublika finalında isə II yerə layiq görülmüşdür.
– Məktəbimizin 20-dən çox məzunu hal-hazırda Milli Ordu, Daxili İşlər və Ədliyyə orqanlarında yüksək rütbəli vəzifələrdə çalışırlar.
– Məktəbimizin məzunlarından iki nəfər Bakı Polis Akademiyasının, bir nəfər Azərbaycan Respublikasının MTN Akademiyasının, üç nəfər FHN Akademiyasının müdavimləridir.
Üç nəfər şagirdimiz C.Naxçıvanski adına Hərbi liseyə, 2 nəfər şagirdimiz Heydər Əliyev adına Hərbi Akademiyaya sənədlərini təqdim ediblər.
Respublika səviyyəli kurs və treninqlərdə iştirak
– Təhsil Nazirliyi və “Mədəd” humanitar təşkilatında;
– Həyat Fəaliyyətinin Təhlükəsizliyi Problemləri üzrə;
-Mütəxəssislər “Fövqəl” Assosiasiyasında;
– Mülki Müdafiə Kursundan;
– Azərbaycan Respublikasının Prezidenti yanında “Qeyri -hökumət təşkilatlarına Dövlət dəstəyi ilə həyata keçirilən” region gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına və ictimai müzakirəsinə dəstək” layihəsində iştirak.
2011-2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibiBir ömür kitabından
– Müsabiqə başlayan gündən özümdə bir inam hiss etdim. Müsabiqənin şərt və güzəştsiz tələbləri ilə yaxından tanış oldum. Müsabiqə öncəsi güc və qüvvə toplayaraq bilik və bacarığımı, əldə etdiyim təcrübələrimi tam şəkildə nümayiş etdirəcəyimə söz verdim. Atacağım hər bir addımda uğur qazanacağıma inanırdım. Yarışmanın birinci mərhələsindən 3.7 bal toplayaraq ikinci mərhələyə qədəm qoydum.
Məni qarşıda gözləyən sınaqlara doğru, uğur əldə etmək üçün irəliləyirdim. İkinci mərhələdə yoldaşlardan fərqlənərək dərsin tədrisindən 9.7 bal topladım.
Növbə üçüncü və sonuncu mərhələnin idi. Bu mərhələ bilavasitə, Təhsil Naziri Misir Mərdanovun iştirakı ilə keçirilirdi. Əsas meyar kimi bu mərhələdə təqdimata üstünlük verilirdi. Məni zəfərə aparan bu mərhələdə 8.154 bal topladım və “ Ən yaxşı müəllimi” adına layiq görüldüm.
Mənim məktəbim
-Cülyan kənd tam orta məktəbi 2008-ci ildə dövlət vəsaiti hesabına 220 şagird yerlik birtipli layihə əsasında tikilib istifadəyə verilmişdir. 2009-2010-cu tədris ilində 50 “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin sırasında olmuşdur. Məktəbimizin ingilis dili müəllimi Şərafət Bayramov “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi , 2 nəfər məzunumuz Prezident təqaüdçüsüdür.
Salam, müəllim !
Hər gün eşitdiyim və məni işləməyə sövq edən bir kəlmə var: – Salam, müəllim!
Son söz əvəzi
Məktəb illərimdə gözəl və mənalı anlar yaşamışam. Tahir müəllimin əməyi unudulmazdır. Oxuduğum illər ərzində ondan öyrəndiklərim müstəqil həyatda hər addımda köməyimə yarayıb. Hər dəfə rastlaşanda səmimi bir görüşməmiz olur.
Hərbin ilk təlimatlarını Tahir müəllimdən öyrənməyim hərbi xidmət zamanı məni bacarıqlı əsgər kimi tanıdıb. Xidmət dövründə fərqlənənlər sırasında dəfələrlə tərifnamələrə və diploma layiq görülmüşəm.
Sonda qeyd edim ki, Tahir müəllimi qazandığı uğura görə təbrik etməyi, bu yazını qələmə almağı özümə borc və şərəf saydım.
Hüseyn İbadlı

Şərh Yaz