Qadınlara qarşı zorakılıq – insan hüquqlarının pozulmasıdır

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin “Təmiz dünya” İctimai Birliyi ilə birgə bu mövzuda təşkil etdiyi tədbirdə qadınlar və İsmayıllı UADM-in könüllüləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə İsmayıllı UADM-in direktoru Lətifə Əliyeva açaraq qonaqları və tədbir iştirakçılarını salamladı, tədbirin məqsəd və məramını açıqladı. Təəssüf hissi ilə bildirdi ki, daha yüksək mədəniyyət, daha yüksək sivilizasiya gətirəcəyini güman etdiyimiz XXI əsrdə qadınlara qarşı zorakılıq, bu zorakılığın ən pis formaları olan şiddət, boşanmalar, erkən nikahlar daha da çoxalır.
“Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban xanım Zeynalova qadınlara qarşı zorakılığın artmasında qadınların öz hüquqlarını bilməməsinin və işsizliyin – ailələrin maddi çətinliklə daha çox üzləşməsinin dayandığını dedi və fikrini faktlarla əsaslandırdı. Mehriban xanımın fikrincə, qadın o zaman güclü olar, o zaman zorakılığa “yox” deyər ki, o hüquqlarını bilsin, özünü müstəqil bir “mən” olaraq görsün, duysun, onun maliyyə asılılığı olmasın. Zorakılıq hallarının qarşısını almaq üçün qadınlar arasında izahat, maarifləndirmə işlərini genişləndirmək, qadınlar üçün iş yerləri açmaq lazımdır. Nə qədər ki, evdar qadınların sayı işləyən qadınlarla müqayisədə çoxluq təşkil edir, zorakılıq halları azalmayacaq. İsmayıllı UADM-in könüllülərindən Lalə Məmmədova, Firuzə Şıxməmmədova Mehriban xanımın bu fikrinə şərik çıxdılar, bildirdilər ki, bu mənada İsmayıllıda qadınlar üçün yeni iş yerləri açılmasına böyük ehtiyac vardır.
“Təmiz dünya” İB-nin hüquqşünası, ictimai vəkil Gülayə Səfərova aliment, mənzil məsələsində problemlə rastlaşmış qadınlara hüquqi məsləhətlər verdi, lazım gələrsə, onların hüquqlarını məhkəmədə təmənnasız qoruyacağını bildirdi. Birliyin sosial işçisi Gülnar Nəzərovanın söhbətləri geniş mübahisə və müzakirələrə səbəb oldu.
Valideyn İntizar Süleymanovanın dedikləri isə hamıda maraq yaratdı. O dedi: ”Ağlım kəsəndən internatda döyülmüşəm, sonra ögey ana döyüb, sonra da ər. Elə bilmişəm ki, elə belə olmalıdır. Sonra ər məni xəstə uşaqla boşayıb evdən çıxarıb, küçələrdə, qohum – qardaş evində qalmışam. Yenə dinməmişəm, elə bilmişəm elə belə olmalıdır. Evə bənzəri olmayan bir gözətçi damında xəstə uşaqla yaşayıb küçə süpürmüşəm, dinməmişəm, yenə fikirləşmişəm ki, belə olmalıdır. Ta Ailələrə Dəstək Mərkəzini tanıyanadək. Bir gün o Mərkəzdən bir işçi gəldi bizə, sabahı yenə gəldi, üçüncü gün məni oğlumla birlikdə mərkəzə apardı və o gedişlə də həyatım dəyişdi… Bildim ki, mən də insanam, mənim də hüquqlarım var. İndi öz hüquqlarımı yaxşı bilirəm, daha heç kəs məni incidə bilməz, artıq öz evim də var, internatda olan balamı da geri gətirmişəm. Lazım gələndə hər yerdə öz sözümü deyə bilirəm, hətta başqa qadınları da başa salıram, bizim Mərkəzə gətirirəm, burada bizə güclü olmağı öyrədirlər, hüquqlarımızı başa salırlar”.
Tədbirin sonunda iştirakçılara “Məişət zorakılığı şəxsiyyətə qarşı cinayətdir” mövzusunda bukletlər, İsmayıllı UADM-in və “Təmiz dünya” İB-nin əlaqə telefonları paylandı.
Ülkər Məhərrəmova,
İsmayıllı UADM-in psixoloqu

Şərh Yaz