65 yaşlı şair – qonağımız

Vaqif Soltan oğlu Əliyev 1947-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olub. 1970-ci ildə Bakıda Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca iqtisadçıdır. 2002-ci ildən İsrailin Təl-Əviv şəhərində yaşayır.
Tələbəlik illərində yaradıcılığa başlamış, şeirləri rayon qəzetlərində dərc olunmuşdur. Məsul vəzifələrdə çalışması ilə əlaqədar uzun müddət yazmağa ara vermişdir. İsrailə gəlişindən sonra o yenidən sözə, sənətə həvəs göstərmiş, burada ən sanballı şeirlərini yazmışdır.
Hazırda Vaqif Əliyev Qafqazlı yazarların İsraildəki Yazıçılar Birliyinin üzvüdür. Onun yazıları “Mirvori” adlı ədəbi-publisistik almanaxda dərc edilir.
Bu il ömrünün 65 illiyini İsmayıllıdakı doğmaları ilə bərabər qeyd etməyə gəlmiş Vaqif müəllim redaksiyamızın da qonağı olmuşdur.
Biz də şair dostumuzu bu gözəl yubiley münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxt və davamlı yaradıcılıq illəri arzulayırıq.
“İsmayıllı xəbərləri”

Al canımı
Sən Allahın bəlasısan,
Yoxsa, şeytan balasısan?
Xumar-xumar baxışınla
Bu canımı alasısan?

Bir gülüsən sanki yazın,
Cana yatır xoş avazın.
Vallah, məni öldürəcək
Bu gedişlə işvə-nazın.

Nə gecəm var, nə gündüzüm,
Daha yoxdur məndə dözüm.
Tər çiçəyi bu yaşımda
Heç vaxt əlim gəlməz üzüm.

Niyyətini sızdırma, gəl,
Düz yolumdan azdırma, gəl.
Məhəbbətin alovunda
Ürəyimi qızdırma, gəl.

Bu dünyada gözüm toxdu,
Oyunların hələ çoxdu?
Səni görcək oluram lal,
Danışmağa dilim yoxdu.

Girişmərəm müşkül işə,
Hədəf olmam mən gülüşə.
Məcnun kimi dəli edib,
Salma məni dilə-dişə.

Günəş qürbə batabatda,
Bəxt ulduzum yatayatda.
Nə salmısan oda məni
Ömür başa çataçatda?

Hansı yolu seçib gedim?
Yüz ölçüb, bir biçib gedim.
Qalıb çarə bir Allaha –
Qonşuluqdan köçüb gedim?

Allah, qoru bu nəfsimi,
O gözələ həvəsimi.
Qurtar məni bu sevdadan,
Al canımı, nəfəsimi!

Xoşbəxt olur
Bu dünyada odur baxan gözümüz.
Qurban olaq ona hər vaxt özümüz.
Ürəklərdə bu sevginin sonu yox,
Tanrı bizə görməsin heç onu çox.

Yumruq boyda ürəyi var bədənin,
Müqəddəsdir hər qarışı Vətənin.
Vətən bizim ayrılmayan canımız,
Bu istəklə hər vaxt qaynar qanımız.

Sinəmizi hər an sipər edərik,
Vətənə biz qurban deyib gedərik.
Xoşbəxt olar bu addımı atanlar,
Şəhidliyin zirvəsinə çatanlar.

Hünərlərə səsləyirdi
Böyük Vətən müharibəsində mərdliklə vuruşmuş, 7 dəfə yaralanmış, müharibə veteranı əmim Xatir Əliyevə
Səngərlərdən keçə-keçə,
Döyüşlərdə neçə-neçə,
Azğın faşist gülləsinə
O qorxmadan gərdi sinə.

Alovların ağuşunda,
O , ölümlə üz-üzəydi.
O cür güllə yağışında ,
Sağ qalmaq da möcüzəydi.

Hünərlərə səsləyirdi,
İgidləri ana torpaq.
Yeddi yerdən yara aldı,
O, cəbhələr keçdi ancaq.

Yeddi güllə, yeddi yara,
Hələ yeri qövr eləyir.
Amma mərdlik unudulmur,
Zaman keçir, dövr eləyir.

Hərənin də öz səsi var,
Bu gün zəfər nəğməsində.
O vüqarla addımlayır,
Veteranlar cərgəsində.

Həsrətim
İncə dodağında səhər şehi var,
Şeh qönçə gül üstə qonubmu görən?
O xoş nəfəsində axşam mehi var,
Meh yaz küləyindən qopubmu görən?
Odlu baxışımdan hey gilə-gilə,
Həsrətim qəlbinə hopubmu görən?

Şərh Yaz