El üçün çalışanlar unudulmurlar

O, bu günədək yaşamış olsaydı, 75 yaşını tamamlamış olardı. Dünyasını dəyişməsinə baxmayaraq xatirələrdə, yaddaşlarda yaşayır, yad edilir. O, rayonun əksər kəndlərində bir musiqiçi kimi yaxşı tanınırdı: neçə-neçə gəncin toyunu çalmış, onların səadətə qovuşmasında iştirak etmiş, belə əlamətdar günlərin şahidi olmuşdur. Xeyirxah peşəsi onu belə tanıtmışdır. Heç bir fəxri adı, titulu olmayan sadə bir musiqiçi idi – klarnet, zurna və balaban kimi nəfəs alətlərinin ifaçısı idı. Üzügülər, təvazökar, hər kəsə kömək əli uzatmağa hazır olan bu adam tanışlarının, dostlarının və həmkəndlilərinin qəlbində xeyirxah bir sənətkar kimi qalmışdır. El üçün çalışanlar unudulmurlarOnun xatirə gecəsinə toplaşmış qonaqlar, həmkəndliləri məhz Ramazan Hüseynovun bu keyfiyyətlərindən söhbət açmışlar. Bu xoş sözlər onun ünvanına nəzakət xatirinə deyilmirdi, bunu canlı şahidlər, onun köməyi sayəsində sənət aləminə gələnlər, az-çox bu sahədə nailiyyət qazananlar dilə gətirirdilər. Həmin xatirə gecəsinə toplaşanların çıxışları da bu simə köklənmişdir.
Haqqında söhbət açdığımız el sənətkarı, Qalınçaq kənd sakini, nəfəs alətləri ifaçısı Ramazan Ağalar oğlu Hüseynovdur. Uzun illər həmin kənd mədəniyyət evinin direktoru kimi çalışmışdır. Rayon mədəniyyət və turizm şöbəsinin rəhbərliyi bu el sənətkarının anadan olmasının 75 illiyi münasibətilə “Musiqili dünyam” adlı ədəbi-bədii musiqili xatirə gecəsi təşkil etməkdə çox xeyirxah bir iş görmüşdür. Axı mərhumun həyat yoldaşı Nübar Hüseynova da uzun illər həmin kəndin kitabxanaçısı işləmişdir. Həm də mərhumun kiçik oğlu Vahid indi vaxtilə atasının işlədiyi mədəniyyət evinin direktorudur. Tədbir Qalınçaq kənd mədəniyyət evində baş tutmuşdur. Şöbənin müdiri Azər Abbasov və rejissoru Nuru Xalıqov tədbiri keçirməklə xeyirxah bir iş görmüşlər.
El üçün çalışanlar unudulmurlarİlk öncə rayon mərkəzindən gələn qonaqlar, yubilyarın ailə üzvləri, yaxın qohumları onun qəbrini ziyarət etmiş və oraya əklil, təzə gül dəstələri qoymuşlar. Mərhumun ruhuna dua oxunmuşdur.
Tədbir kənd mədəniyyət evində davam etdirilmişdir. Burada yubilyarın fəaliyyətindən bəhs edən materiallar – lövhə, fotolar və digər sənədlər R.Hüseynovu xatırladırdı. Çıxış edənlərin böyük əksəriyyəti də bu fikri təkrarladı. Tədbirə böyük bir qrup gənc musiqiçi gəlmişdi.
Məşhur söz ustası Pünhan İsmayıllı tədbirin aparıcılıq missiyasını öz üzərinə götürmüşdür. O, xüsusilə qeyd etdi ki, bu zal, bu bina ona daha doğma, daha əzizdir. Çünki, o da sənət sahəsindəki ilk addımlarını məhz R.Hüseynovun rəhbərliyi altında bu binada atmışdır. Onun xeyirxahlığından, qayğıkeşliyindən söz açdı, ailə üzvlərinə can sağlığı, mərhuma rəhmət dilədi.
Söz qonaqlara verildi. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov ilk çıxış edərək R.Hüseynovun fəaliyyəti barədə xoş sözlər söylədi, onun həyat yoldaşı Nübar xanıma və ailə üzvlərinə möhkəm can sağlığı dilədi, tədbirin gənc nəslin tərbiyəsi üçün mühüm əhəmiyyət kəsb etməsindən danışdı.
Yubilyarla çoxlu toy məclislərində birgə çalıb-oxumuş tanınmış sənətkar Aşıq Yanvar Bədəlov həm sözlə, həm də sazla onu yad etdi.
Qalınçaq kənd tam orta məktəbinin direktoru Xalid Seyidov, rayonda yaxşı qarmonçalan sənətkar kimi tanınan Zabit Babayev (birlikdə çox toylarda olublar), tədbirin təşkilatçısı Nuru Xalıqov və başqaları çıxış etdilər. Tanınmış xanəndə Tahir Nəbiyev çıxışında xüsusilə vurğuladı ki, mənim sənətə gəlməyimin səbəbkarı məhz Ramazan dayı olub, özü də yetkin yaşımda gəlmişəm. Bəlkə də bu adam olmasaydı mən ümumiyyətlə, xanəndəlikdən kənarda qalardım. O, bir ifa ilə öz müəllimini yad etdi. Mahnıya ara verib qızı Kamiləni səhnəyə dəvət etdi. Muğam müsabiqəsinin qaliblərindən biri olan Kamilənin çıxışı zalı əməlli-başlı təlatümə gətirdi. Ən çox alqış da balaca Kamilənin payına düşdü.
Qocaman aşıq Cavid Əmiraslanovun balabançı Əlicavad Cavadovun müşaiyəti ilə ifa etdiyi mahnı alqışlarla qarşılandı. Özlərini R.Hüseynovun yetirmələri sayan gənc müğənnilər – İsmət Eyvazoğlu, Bəhruz, Fədai, Mansur və Toğrul yubilyarı öz ifaları ilə yad etdilər. Kənd mədəniyyət evinin xalq çalğı alətləri ansamblının və onlara qarmon ifası ilə qoşulan Teymur Manafov (uşaq yaradıcılıq mərkəzində dərnək rəhbəridir) da ifaları ilə öz alqış paylarını qazandılar.
Sonda yubilyarın ailə üzvlərinə söz verildi. Böyük oğlu Qalib müəllim ailəsi adından tədbirin təşkilatçılarına, bu işdə əməyi olan hər kəsə, tamaşaçılara minnətdarlığını bildirdi. Yubilyarın kiçik oğlu Vahid həmin mədəniyyət evinin direktorudur. Vahid atasından qalmış zurnada və klarnetdə bir neçə oyun havası çaldı. Qalibin oğlu – yubilyarın nəvəsi Ülvi sintezatorda Ü.Hacıbəyovun “Sənə də qalmaz” romansını ifa etdi.
El içində çalışanlar, el üçün çalışanlar heç zaman unudulmurlar. R.Hüseynovun xatirə gecəsi də bunu sübut etdi.
B.Babayev

Şərh Yaz