Müəllim ömrü

Unutsaq unudularıq:

Nuriyev Sovqat Heydər oğlu 1922-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində, kəndli ailəsində dünyaya göz açmışdı. Hər tərəfdən yastı dağlarla əhatə olunan Kürdmaşı kəndi bol sulu, təmiz havası, zəngin təbiəti olan ərazidə yerləşir. İqlimi mülayim olduğu üçün təbiəti də zəngin və cəlbedicidir.
Hələ kiçik yaşlarından atasından torpağa, təbiətə qayğı görən Sovqat yeddinci sinifdə oxuyarkən atası qəflətən vəfat edir. Ailənin bütün qayğıları onun üzərinə düşür. Çətinliklərlə üzləşən 15 yaşlı Sovqat 1937-ci ildə Kürdmaşı kənd yeddi illik məktəbini bitirib Göyçay pedaqoji məktəbinə daxil olur. 1940-cı ildə təhsilini başa vurub rayonun Mollaisaqlı kənd yeddi illik məktəbində pedaqoji fəaliyyətə başlayır. 1942-ci ildən isə bütün ömrünün sonunadək doğma Kürdmaşı kənd orta məktəbində çalışır. Tədris işləri üzrə direktor müavini, müəllim işləyir.
Təbiətə vurğunluq, torpağa sevgi 1952-ci ildə onu N.Tusi adına APİ-nin kimya-biologiya fakültəsinə aparıb çıxarır.
Sovqat müəllim təbiətdə müşahidələr aparar, heyvanların və bitkilərin həyatında baş verən maraqlı əhvalatlardan, elmi yeniliklərdən şagirdlərə söhbət açardı. Ana torpağı, Ana vətəni onlara sevdirərdi.
Məktəbdə zəngin biologiya kabineti yaratmışdı. Məktəbin həyətyanı sahəsi Botanika bağını xatırladırdı.
Sovqat müəllim görkəmli Azərbaycan alimləri İmam Mustafayevin, Həsən Əliyevin, Cəlal Əliyevin, Həmid Qədirovun apardıqları elmi-tədqiqat işləri ilə tanış idi. Ona görə də şagirdlərinə tez-tez xalqımızın bu böyük elm xadimləri haqqında ətraflı məlumatlar verərdi.
Sovqat müəllimə kənd adamları həmişə böyük ehtiramla yanaşar, ağsaqqal kimi ondan məsləhət alardılar. Dəfələrlə Kənd Sovetinin deputatı seçilən Sovqat müəllim kəndin və rayonun ictimai həyatında yaxından iştirak etmişdi. Şəkli ömrünün sonuna kimi şərəf lövhəsində olub. Sovqat müəllim gözəl ailə başçısı və həm də qayğıkeş ata idi. Yeddi oğlunun ikisi – Yaşar və Yusif müəllimdir.
Böyük oğlu Yaşar Nuriyev biologiya müəllimidir. İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktorudur. Yusif isə Kürdmaşı kənd orta məktəbində kimya müəllimi işləmiş, hazırda təqaüdçüdür.
Sovqat müəllim 1968-ci ildə “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif edilib. Dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olub, gümüş və bürünc medallarla mükafatlandırılıb.
Təhsil şöbəsinin bölmə iclaslarında tez-tez çıxışlar edər, öz səmərəli təkliflərini verərdi. Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə sıx əlaqə yaratmışdı. Onun şagirdləri təbiətə aid əl işləri müsabiqələrində, qiyabi viktorinalarda, biologiya fənni üzrə olimpiadalarda dəfələrlə qalib gəlmişlər.
Sovqat müəllim nikbin, həssas, qayğıkeş, vətənini xalqını sevən bir insan idi. 1988-ci ildən başlayaraq baş verən məlum hadisələr onu məyus etmişdi. Xüsusilə Xocalı faciəsi, Xocalı soyqırımı onu sarsıtmışdı.
1994-cü ilin fevral ayının 26-da Kürdmaşı kənd məktəbində Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbirdən evə qayıtdı. Həyat yoldaşı Türfə xanım onun əhvalının pərişan görsə də, heç nə soruşmadı, çay gətirdi. Sən demə, Sovqat müəllim ömrünün son dəqiqələrini yaşayırmış. Heç kimə əziyyət vermədən nisgilini də özü ilə apardı. Köç etdi dünyadan nigaran kimi….
Onun ömrünü 20 nəfər nəvəsi, 31 nəfər nəticəsi davam etdirir. Yaşasaydı 90 yaşı olacaqdı.
Sovqat müəllimin xatirəsi onu tanıyanlar tərəfindən həmişə yad edilir.
Nəriman Qəniyev

Şərh Yaz