Press "Enter" to skip to content

Hüquqşünasın tribunası

Sual:
Sualım daşınmaz əmlakın bağışlanması ilə bağlıdır. Daşınmaz əmlakı iki qardaşıma bağışlamaq istəyirəm. İstəyirəm ki, hər ikisinə daşınmaz əmlakın mülkiyyət hüququnu (birgə mülkiyyətçilər olsunlar) təsdiq edən sənəd (çıxarış) verilsin. Bir daşınmaz əmlaka birgə mülkiyyət hüququ olarmı? Notariusda hər biri ilə bağışlama müqaviləsi bağlaya bilərəmmi, yoxsa bir müqavilə ilə ikisinə bağışlamaq olar? Bir evə birgə mülkiyyət hüququ ola bilərmi?
Hüquqşünasın tribunası
Cavab:
Sizin sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Sizin sualınızda da söhbət məhz paylı mülkiyyətdən gedir.
Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.
Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 167 saylı, 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 52-ci maddəsinə əsasən daşınmaz əmlakın müəyyən hissəsinin özgəninkiləşdirilməsi haqqında əqdlər təsdiq edilərkən müqavilənin mətnində tərəflərin arzusu ilə həm əmlakın konkret hissələri, həm riyazi paylar (1/2; 1/3 və sairə), həmçinin konkret hissələr göstərilə bilər.
Eyni zamanda, mülki qanunvericiliyimizdə bir əmlakın bir müqavilə ilə bir neçə şəxsə bağışlanmasını məhdudlaşdıran hər hansı norma yoxdur.
Göründüyü kimi, Siz tam mülkiyyət hüququ üzrə Sizə məxsus daşınmaz əmlakınızı bağışlama müqaviləsində riyazi paylar (½ hissəsini “A”–ya, ½ hissəsini isə “B”-yə) müəyyən edilməklə qardaşlarınıza bağışlaya və onların hər ikisinin paylı mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ala bilərsiniz.
Sual Remedium Hüquq Klinikası tərəfindən Femida.az saytı ilə əməkdaşlıq çərçivəsində cavablandırılıb

Be First to Comment

Şərh Yaz

Mission News Theme by Compete Themes.