Gənc tarixçilər İsmayıllıda

Müasir dövrdə gənclərin qarşısında duran vəzifələrdən biri Azərbaycanın tarixini öyrənmək və onu layiqincə təbliğ etməkdən ibarətdir. Bu məqsədlə ölkəmizdə tarixi irsimizi öyrənən, tarixi araşdırmalarla məşğul olan, gənclərin bu sahədə fəallığını təmin edən təşkilatlar, araşdırma mərkəzləri yaradılmışdır. Belə mərkəzlərdən biri 2009-cu ildən fəaliyyət göstərən “İrəli Tarix” Mərkəzidir. Bu mərkəz Azərbaycanda, eləcə də, MDB məkanında ilk tarix portalı olan history.az saytının yaradıcısıdır. Gənc tarixçilər İsmayıllıdaAdı çəkilən tarix portalında Azərbaycan tarixinin müxtəlif dövrünə aid yazılmış kitablar (Azərbaycan, rus, ingilis, alman və s. dillərdə) sənədlər, məqalələr yerləşdirilib. Sevindirici haldır ki, history.az saytından təkcə bizim ölkənin deyil, digər ölkələrin tarixsevərləri də geniş istifadə edirlər. Mərkəzin qədim tariximizi öyrənmək istiqamətində gördüyü tədbirlərdən biri də Azərbaycanın müxtəlif bölgələrində arxeoloji düşərgələr təşkil etməkdir.
Arxeoloji düşərgələrdə məqsəd gənclərin, xüsusilə bu sahəyə marağı olanların bilgilərini artırmaq, tarixi araşdırmalarda onların iştirakını təmin etməkdir. Sentyabrın 1-də Tarix mərkəzinin bir qrup fəalı rayonumuzda oldu. Məqsəd İsmayıllının tarixi abidələri və tarixi yerləri ilə tanış olmaq idi. İlk növbədə gənclər İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyində oldular. İsmayıllı Azərbaycanın qədim yaşayış mərkəzlərindən biri, tarixi Girdiman dövlətinin varisi olduğu ərazidir. Ona görə də muzeydə tarixin müxtəlif mərhələlərinə aid eksponatlar, maddi-mədəniyyət nümunələri var. Amma istəyərdik ki, muzey tarixi eksponatlar baxımından daha da zənginləşdirilsin. Tarix muzeyindən mərkəzin fəalları xoş təəssüratlarla ayrıldılar və muzeyin qarşısında xatirə şəkli çəkdirdilər.
Diyarşünaslıq muzeyindən sonra gənclər İsmayıllı Rayon Uşaq Yaradıcılıq Mərkəzində oldular. Burada istedadlı uşaqların hazırladıqları əl işləri gənclərdə xüsusi maraq doğurdu. Fəallar Yaradıcılıq mərkəzində də xatirə şəkilləri çəkib, mərkəzi tərk etdilər. Əsas məram tarixi yerlərlə tanışlıq olduğundan gənclər Cavanşir qalasına, Sulut kəndindəki tarixi abidələrə, tarixi Lahıc qəsəbəsinə səfər etdilər. Tarix mərkəzinin üzvlərinin İsmayıllının tarixi ilə tanışlığı onlarda Girdiman dövlətinin bir parçası olan bu ərazinin qədimliyi, tarixi zənginliyi haqqında dolğun təsəvvür yaratdı. Tariximizi yaşatmaq istəyində olan və tutduğu yolda uğurla addımlayan tarixi mərkəzləri və tarixsevərləri ancaq dəstəkləmək lazımdır. Bu yolda “İrəli Tarix” mərkəzinə uğurlar, daha böyük müvəffəqiyyətlər arzulayırıq.
S.Əzimov

Şərh Yaz