İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı N.H.Ələkbərovun məruzəsi

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı N.H.Ələkbərovun məruzəsi11 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Prezident İlham Əliyev giriş nitqində bildirmişdir ki, altı ayda ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ümumi daxili məhsul 1,5 faiz artmışdır. İqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir.
Qeyri-neft iqtisadiyyatımız 11,3 faiz artmışdır. Bu da Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir. Makroiqtisadi vəziyyət sabitdir. İnflyasiya cəmi 2,2 faizdir. Əhalinin pul gəlirləri isə 14,2 faiz artmışdır. Yəni, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 12 faiz fərq vardır. Bu da real gəlirlərin nə qədər yüksək templərlə artmasına dəlalət edir.“2012-ci ilin 6 ayında rayonun sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı N.H.Ələkbərovun məruzəsi

Kənd təsərrüfatının inkişafına göstərilən diqqət, qoyulan investisiyalar, aparılan islahatların məntiqi nəticəsi olaraq altı ayda kənd təsərrüfatı son illər üçün rekord səviyyədə, 10,4 faiz artmışdır. Özəl sektora diqqət yüksək səviyyədədir. Hər il sahibkarlarla və yerli icra orqanlarının nümayəndələri ilə geniş müşavirə keçirilir, sahibkarlara həm siyasi, həm də iqtisadi dəstək verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə yüz milyonlarla ölçülən kreditlər verilir.
Ölkənin strateji valyuta ehtiyatları artır, hazırda strateji valyuta ehtiyatlarımız 44 milyard dollardan çoxdur. Xarici dövlət borcu aşağı səviyyədədir və ümumi daxili məhsulun 7 faizini təşkil edir. Bu, dünya miqyasında ən müsbət göstəricilərdən biridir. Bizim valyuta ehtiyatlarımız borcumuzdan 10 dəfə çoxdur.
Ölkədə investisiya proqramları və sosial proqramlar, bölgələrdə böyük infrastruktur layihələri daxili imkanlar hesabına icra edilir. Regionlarda gedən quruculuq-abadlıq işləri artıq ənənəvi xarakter daşıyır. Yollar, su-kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsinə daha böyük diqqət yetirilir.
İşsizliklə bağlı Azərbaycanda çox böyük işlər görülmüş, 6 ayda 46 min yeni iş yeri açılmışdır ki, onlardan 37 mini daimi iş yeridir. Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5,4 faizdir. Ancaq bu işsizlik reallığı əks etdirmir, çünki qeydiyyata düşməyən, amma müəyyən işlərdə işləyənlər və heç yerdə qeydiyyatı aparılmayanlar da vardır.
Altı ayda sosial məsələlərin həlli daim diqqət mərkəzində olmuşdur. Bu ilin yaddaqalan əlamətlərindən biri də sovet dövründən qalmış, yəni batmış əmanətlərin kompensasiyasıdır. Artıq proses başlanmışdır. Minlərlə insan öz əmanətlərini almışdır və bu proses 2013-cü ilin sonuna qədər başa çatdırılacaqdır.
Bəzi hallarda bazar iqtisadiyyatı prinsipləri sosial ədalət prinsipləri ilə üst-üstə düşmür. Amma Azərbaycanda hər iki vacib amil daim diqqət mərkəzindədir və görülən tədbirlər bunun məntiqi nəticəsidir. Ünvanlı sosial yardım proqramı icra edilir, 143 min ailə ünvanlı sosial yardım alır və hər bir ailəyə verilən məbləğ 109 manat səviyyəsindədir.
Cənab Prezident iclasda qeyd etmişdir ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə yaxşı nəticələr vardır. İctimaiyyət də görülən işlər haqqında mütəmadi qaydada məlumatlandırılır. Bu mübarizə davam etdiriləcəkdir. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır. Bu, bizim şüurlu seçimimizdir. Elə etməliyik ki, bu böyük bəlanı Azərbaycandan çıxaraq, buna son qoyulsun. Bu sahədəki işlər daha da sürətlə getməlidir.
İclasda qarşıda duran vəzifələr barədə aidiyyəti təşkilatlar qarşısında konkret vəzifələr qoyulmuşdur. Cənab Prezident qeyd etmişdir ki, „Azərbaycanda aparılan köklü iqtisadi islahatlar bugünkü reallıqları mümkün etmişdir, biz iqtisadi islahatları daha da sürətləndirməliyik. Biz 20 il ərzində həm siyasi, həm iqtisadi sahədə köklü islahatlar aparmaqla ölkəmizi yeni müstəviyə gətirib çıxarmışıq.“
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqların icra edilməsi istiqamətində 2012-ci ilin altı ayında rayonda tikinti və abadlıq işləri davam etdirilmişdir. Respublika və yerli əhəmiyyətli yollarda xeyli iş görülmüşdür. 10 saylı Yol İstismar idarəsi tərəfindən 641 min manat dəyərində təmir işləri görülmüşdür. İsmayıllı-Lahıc avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Artıq yolun 10 km-ə qədər hissəsinə asfalt örtük vurulmuşdur. Qalınçaq kəndinin giriş yolunda 38 metr uzunluğunda və Göyçay çayının İstisu kəndindən keçən hissəsində, Qalaçıq, Çayqovuşan, İstisu kəndlərinə gedən yolda 68 metr uzunluğunda 4 aşırımlı dəmir-beton konstruksiyalı körpülər tikilib istifadəyə verilmişdir. Kənd yollarının tikintisinə diqqət artırılmışdır.
Cənab Prezident iclasda qeyd etmişdir ki, kənd yollarının tikintisi ilə bağlı əsas məsələlər həll olunacaq, gələn ilin sonuna qədər kənd yerlərində əhalinin yaşadığı məntəqələrin 85 faizində yeni kənd yolları istismara veriləcəkdir. Hazırda cənab Prezidentin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun yenidən qurulmasına başlanmışdır. Bildiyiniz kimi bu yol kəndlərə gediş-gəlişi yaxşılaşdırmaqla bərabər həmin ərazilərdə istehsal edilən kənd təsərrüfatı məhsullarının daşınmasını da asanlaşdıracaqdır.
Şəhərin şaxtalı qışın təsirinə məruz qalmış daxili yollarında əsaslı və cari təmir işləri aparılmış, bəzi küçələrə yeni asfalt örtüyü vurulmuşdur.
Sumağallı kəndində su-elektrik stansiyasında, “Cavanşir Qala” otelində, İvanovka çörək zavodunda tikinti işləri davam etdirilmişdir. Şəhərin Nizami küçəsində irimiqyaslı abadlıq işlərinə start verilmişdir. Ə.Mahmudov küçəsində piyadaların təhlükəsiz hərəkət etməsi üçün səkilər yenidən qurulmuş, Cavanşir küçəsində abadlıq işləri, Qala divarlarının tikintisi davam etdirilmişdir. H.Əliyev prospektində avtomobillərin yolun hərəkət hissəsində saxlanılmaması üçün dayanacaq yaradılmışdır.
İsmayıllı şəhəri ilə bərabər iri yaşayış məntəqələrində də sosial problemlərin həlli istiqamətində işlər davam etdirilmişdir.
Qalınçaq kəndinə gedən avtomobil yolu təmir edilmiş, İvanovka kəndində 34 min kvadratmetrdən çox asfalt örtük salınmışdır.
İlin sonunadək Yaponiya Səfirliyi və Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə əməkdaşlıqla daha bir neçə kəndin sosial problemlərinin həlli istiqamətində layihələr icra ediləcəkdir.
2012-ci ilin altı ayında rayonda faktiki qiymətlərlə ümumi məhsul buraxılışı 42 milyon 140 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 408 min manat çoxdur. Altı ayda keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul 4,7 faiz, sənayedə 16,2 faiz artım əldə olunmuşdur. Müqayisə olunan dövrdə pərakəndə əmtəə dövriyyəsi 7,2 faiz, əhaliyə göstərilən pullu xidmətlər 5,5 faiz, bir işçiyə hesablanan nominal orta əmək haqqı 8,2 faiz artmışdır.
Rayon büdcəsinin gəlirlər hissəsi ümumilikdə 8 milyon 297 min manata qarşı 9 milyon 510 min manat və ya 114,6 faiz, xərclər bölməsi 8 milyon 297 min manata qarşı 8 milyon 981 min manat və ya 108 faiz icra olunmuşdur.
İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən 2012-ci ilin 6 ayında istehlakçılara 24 milyon 99 min kilovat-saat enerji verilmiş, ödəniş 81,2 faiz icra olmuşdur. 6 ayda 108 ədəd elektron tipli sayğac quraşdırılmış, yararsız dayaqlar dəyişdirilmiş, 18 ədəd müxtəlif güclü transformator təmir edilmiş və transformator yarımstansiyalarında cari təmir işləri görülmüşdür. 2,55 km hava xətti SİP kabellə əvəz olunmuşdur. Amma enerji sistemindəki köhnəlik, rayonun ən aktual problemlərindəndir. Hələ də rayon ərazisində dayanıqlı və təminatlı enerjinin verilməsinə nail olmamışıq. Bunun da əsas səbəbi enerji təsərrüfatının köhnələrək istismar müddətini bitirməsidir. Yeni qurulmuş enerji sisteminin uğurlarını isə Qalacıq zonasının timsalında aydın şəkildə görə bilərik.
İsmayıllı Qaz İstismar Sahəsi 10904 abonentə xidmət göstərməklə altı ayda istehlakçılara 14,2 milyon kub metr təbii qaz yanacağı verilmişdir. İstifadə olunmuş qazın dəyəri abonentlərdən 93,8 faiz yığılmışdır. 2012-ci ildə bir sıra yaşayış məntəqələrinin daşıyıcı və paylayıcı qaz kəmərlərində təmir-bərpa işləri aparılmış, abonentlər üçün 960 ədəd məişət-qaz sayğacı quraşdırılmışdır. May ayında Topçu kəndinə qaz yanacağının verilməsi bərpa olunmuşdur.
Görülən işlərlə bərabər qaz təchizatı sahəsində bizi ən çox narahat edən bir məsələni diqqətə çatdırmaq istərdim. 2010-cu ilin sonunda şəhərin Axundov küçəsində Qarabağ müharibəsi əlilləri və Şəhid ailələri üçün inşa edilmiş 27 mənzilli yaşayış binasına “Azəristiliktəchizat” ASC tərəfindən modul tipli qazanxana quraşdırılmış, rayon İcra Hakimiyyəti tərəfindən isə binanın daxili istilik xətləri bərpa edilmişdir. Lakin qazın təzyiqinin az olması səbəbindən hələ də qazanxananı istifadəyə vermək mümkün olmamışdır. Ümidvaram ki, yaxın vaxtlara qədər məsələ öz həllini tapacaqdır.
Hesabat dövründə əhalinin içməli su təminatının yaxşılaşdırılmasına diqqət artırılmışdır, Xanagah-İsmayıllı su xəttində, şəhərdaxili su və kanalizasiya xətlərinin bəzi yerlərində təmir işləri aparılmışdır.
“Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə” çərçivəsində Dünya Bankının vəsaiti hesabına İsmayıllı şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir. Artıq 22 km kanalizasiya xətti çəkilmişdir.
Şəhərin küçələrində görülən işlər bəzən əhalinin narazılığı ilə qarşılanır. Odur ki, bütün dövlət qurumlarını əhali arasında maarifləndirmə işlərinin aparılmasında yardımçı olmağa çağırıram. Nəzərə almalıyıq ki, bu işlər İsmayıllı şəhərinin tarixində birinci dəfədir ki, bu miqyasda icra edilir, şəhər infrastrukturunun təkmilləşməsi və insanların sağlamlığı üçün olduqca vacibdir.
6 ay ərzində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilmişdir. Hazırda 8348 nəfər üzvü olan 1843 ailə ünvanlı sosial yardım alır.
Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsinin uçotunda 13602 nəfər pensiyaçı vardır. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün 6 ayda ödəniş müəssisələrinə 11 milyon 497 min manat məbləğində vəsait köçürülmüşdür. Vəsaitin 9 milyon 771 min manatı Respublika DSMF-dən daxil olmuşdur ki, bu da ödənilmiş pensiya və müavinət məbləğinin 85 faizini təşkil edir. 2012-ci ilin altı ayında DSMF tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanması vəziyyəti qənaətbəxş olmuş, proqnoz tapşırıq 107 faiz icra olunmuşdur.
Hesabat dövründə İsmayıllı rayon Məşğulluq Mərkəzinə 207 nəfər qeyri-məşğul vətəndaş iş axtarmaq məqsədi ilə müraciət etmişdir. Onların 98 nəfəri və ya müraciət edənlərin 47 faizi işlə təmin olunmuşdur. 6 ay ərzində rayon üzrə 116 yeni iş yeri açılmışdır.
Əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin və digər yaşayış məntəqələrinin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariyaya qarşı mübarizə aparılması üçün rayon Kommunal Müəssisələri Kombinatının və Mənzil İstismar Sahəsi tərəfindən tədbirlər davam etdirilmişdir.
2012-ci ilin altı ayında əhaliyə göstərilən rabitə və poçt xidmətlərinin səviyyəsi də müəyyən qədər yaxşılaşmışdır. Müasir texnologiyalardan və yeniliklərdən istifadə etməklə xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq üçün tədbirlər davam etdirilməlidir.
Rayonumuzda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən tədbirlər öz nəticəsini verir. Bundan sonra da artım dinamikasını saxlamaq üçün bu sahəyə diqqəti daha da artırmalıyıq. Cənab Prezident müşavirədə qeyd etmişdir ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir və məşğulluğun təmin edilməsi üçün demək olar ki, əsas sahədir. Çünki əhalimizin təxminən yarısı bölgələrdə, yəni, kənd yerlərində yaşayır. Burada həm yeni təşəbbüslərin icra edilməsi, eyni zamanda, təkmilləşmə proseslərinin sürətlə getməsi daha da gözəl nəticələr verəcəkdir.
2012-ci ilin məhsulu üçün əkilmiş 28417 ha taxıl sahələrində aqrotexniki tədbirlər, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri vaxtında aparılmışdır. Havaların əlverişsiz keçməsi ilə əlaqədar biçin kampaniyası hələ başa çatmamışdır, hal-hazıra kimi 4711 ha buğda sahəsindən 9186 ton məhsul istehsal edilmişdir, hektarın məhsuldarlığı 19,5 sentner təşkil edir. 2408 ha sahədən isə arpa biçilmiş, məhsuldarlıq 18,0 sentner olmaqla 4503 ton məhsul istehsal edilmişdir.
Kənd təsərrüfatının texnika, eləcə də mineral gübrələrlə təminatında “Aqrolizinq” ASC-nin xüsusi rolu vardır. 2012-ci ilin birinci yarısından rayona 847 ton azotlu gübrə gətirilərək istehsalçılara satılmışdır. Bu istiqamətdə tədbirlər davam etdirilir. İsmayıllı rayon “Aqroservis” filialının balansında olan mövcud texnika müxtəlif aqrotexniki əməliyyatların optimal müddətlərdə və aqrotexnikanın tələb etdiyi səviyyədə həyata keçirilməsinə şərait yaradır. Filial tərəfindən 3139 hektar sahədə biçin aparılmışdır.
2012-ci ilin 6 ayı ərzində İsmayıllı rayon Bitki Mühafizə Mərkəzi tərəfindən 24500 ha payızlıq əkin sahələrində bitki xəstəlikləri, zərərvericiləri, alaq otları, gəmiriciləri üzərilərində müşahidələr aparılmışdır. Müşahidələr zamanı aşkar edilən xəstəlik, ziyanverici, alaq otları ilə sirayətlənmiş sahələr barədə fermerlərə məlumat və tövsiyələr verilmişdir. Bundan başqa 850 ha üzüm bağlarında xəstəlik və ziyanvericilərə qarşı mübarizə işlərində tələb olunan kimyəvi preparatların əldə olunması üçün fermerlərə müvafiq köməklik göstərilmişdir.
Hesabat dövründə rayon üzrə 3292 ha sahədə yazlıq bitkilərin səpini aparılmışdır ki, bunun da 787 hektarı tərəvəz, 758 hektarı kartof, 402 hektarı günəbaxan, 597 hektarı paxlalı bitkilərdən ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2012-ci ilin iyun ayında 7008 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 29810 hektar əkin sahəsinə görə bir milyon 192 min manat yardım hesablanmış və müvafiq sənədlər hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir.
Kənd təsərrüfatının ənənəvi və ən gəlirli sahəsi olan üzümçülük və meyvəçilik inkişaf etdirilir. Hazırda üzüm bağlarının sahəsi 848 hektar, meyvə bağlarının sahəsi isə 962 hektar təşkil edir.
Rayonda iri buynuzlu heyvanların baş sayı 51054 baş, o cümlədən inək-camışlar 23604 baş, xırda buynuzlu heyvanlar 177452 baş, donuzlar 691 baş təşkil etmişdir.
Hesabat dövründə ət istehsalı 2318 tona, süd istehsalı 16242 tona, yun istehsalı 386 tona, yumurta istehsalı 4 milyon 143 min ədədə çatdırılmışdır.
İri buynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması və xəstəliklərdən qorunması ilə əlaqədar tədbirlər davam etdirilir. Hesabat ili ərzində İsmayıllı rayon Baytarlıq idarəsi tərəfindən epizootiya əleyhinə müalicə profilaktika tədbirləri planına uyğun olaraq rayon ərazisində mal-qara arasında profilaktiki, seroloji və diaqnostik müayinələr aparılmışdır.
Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması ilə əlaqədar Mican və Qalınçaq kəndlərində 800 ha sahədə kompleks tədbirlərin aparılması işləri davam etdirilmişdir. 2012-ci ilin 6 ayı ərzində daşqın və sel sularına qarşı mübarizə məqsədilə çay məcrasının təmizlənməsi işində 143 min kub metr ekskovator işi, 206 min kub metr buldozer işi və 77 min kub metr sahilbərkitmə işləri görülmüşdür.
Hesabat dövründə Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin meşəbəyiliklərində 40 hektar meşə-bərpa işləri aparılmışdır ki, bunun da 23,5 hektarı meşə əkini, 16,5 hektarı isə meşə səpinindən ibarətdir.
2012-ci ilin 6 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tərəfindən bu sahələr üzrə Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi fərman, sərəncam və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı xeyli iş görülmüş, ümumtəhsil məktəblərində təhsilin səviyyəsinin yüksəldilməsinə, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə diqqət artırılmışdır.
Cari ildə Kürdeldarbəyli kənd tam orta, Talış və Sərdahar ümumi orta məktəblərinin hər biri üçün 80 şagird yerlik yeni məktəb binalarının tikintisində işlər davam etdirilmiş, məktəblərin inventar-avadanlıqlarla təminatı yaxşılaşdırılmışdır. Qəzalı vəziyyətdə olan daha 4 məktəb, Mücü, Müdrü , Yeniyol və Pirəbilqasım kənd məktəbləri üçün yeni binaların tikilməsi üçün hazırlıq işləri başa çatdırılmışdır.
“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, şagirdlərin fənn olimpiadalarında və digər müsabiqələrdə iştirakı təmin olunmuşdur. Bu ilin mart ayında keçirilən fənn olimpiadalarının respublika mərhələsində rayonun 9 nəfər şagirdi uğurlu nəticələr əldə etmiş və respublika rayonları arasında ən yaxşı nəticəyə nail olmuşlar.
Məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsi və idmanın inkişafı diqqət mərkəzində saxlanılmış, “Cəsurlar” hərbi-idman və turizm yarışlarının respublika mərhələsində Təzəkənd tam orta məktəbinin komandası, “Şahin” hərbi-idman yarışlarında isə Diyallı kənd tam orta məktəbinin komandası II yerə layiq bilinmişlər.
Rayonun tam orta və ümumtəhsil məktəbləri üzrə cari ilin iyun ayında keçirilmiş buraxılış imtahanları uğurla başa çatmış, təhsildə qazandığı uğurlara görə şəhər 5 saylı tam orta məktəbin məzunu Bədəlova Badam Ənvər qızı, Təzəkənd kənd tam orta məktəbinin məzunu Şahlarlı Mənsur Elxan oğlu Qızıl medala, dörd nəfər IX sinif şagirdi isə Fərqlənmə şəhadətnaməsinə layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində şəhər 2 saylı, Qubaxəlilli və Tircan kənd tam orta məktəbləri “Ən yaxşı ümumtəhsil müəssisəsi”, şəhər 1 saylı tam orta məktəbin müəllimi Pərvanə Piriyeva, Cülyan kənd tam orta məktəbinin müəllimi Tahir Abdullayev və Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Samir Ağabalayev isə “Ən yaxşı müəllim” adına layiq bilinmişlər.
2012-ci ilin ötən dövrü ərzində rayonda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və əhaliyə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılması üçün müəyyən tədbirlər görülmüş, Lahıc qəsəbəsində və İvanovka kəndində 15 çarpayılıq yeni xəstəxana binalarında, həmçinin Tircan və Topçu kəndlərində yeni həkim məntəqələrində tikinti işləri davam etdirilmişdir. Xəstəxananın Poliklinika şöbəsində cari təmir işləri aparılır. 2012-ci ilin 6 ayı ərzində rayon Mərkəzi Xəstəxanası cərrahi əməliyyatlar aparmaq üçün cərrahi alət dəsti, 4 ədəd soyuducu, 6 ədəd kompüter dəsti, 1 ədəd rentgen aparatı, 1 ədəd avtoklav, tibbi mebel dəsti və digər müasir avadanlıqlarla təmin olunmuşdur.
Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə sanitar-epidemioloji briqadalar yaradılmış, vaxtaşırı kəndlərə göndərilməsi təmin edilmiş və infeksiya ehtimalı olan yaşayış məntəqələrində dezinfeksiya işləri həyata keçirilmişdir. Görülmüş işlərin nəticəsidir ki, 2012-ci ildə yoluxucu xəstəliklərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli azalmışdır.
Əvvəlki illərlə müqayisədə mədəni-maarif müəssisələrinin fəaliyyətində də əməli dönüş yaradılmışdır. Aparılan islahatlar nəticəsində kitabxanaların sayı 60-dan 49-a endirilmiş, rayon Mədəniyyət evinin bazasında Mədəniyyət Mərkəzi, həmçinin şöbənin daxili imkanları hesabına Turizm İnformasiya Mərkəzi yaradılmış, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, mədəniyyət evləri və klubların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülmüşdür. Diyallı kənd mədəniyyət evində, İvanovka kənd kitabxanasında, Uşaq İncəsənət məktəbində, muzeylərdə cari təmir işləri aparılmışdır.
2012-ci ildə İsmayıllı Tarix və Mədəniyyət abidələri ilə bağlı Pilot rayonu seçilmiş, “2011-2015-ci illərdə daşınmaz tarix və mədəniyyət abidlərinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində rayonun ərazisində olan bir neçə tarix və mədəniyyət abidəsinin bərpası və konservasiyası nəzərdə tutulmuşdur.
Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən mədəni-kütləvi tədbirlərin keçirilməsinə diqqət artırılmış, tarixi günlərin və bayramların yüksək səviyyədə qeyd olunması təmin edilmiş, şöbənin əməkdaşları, folklor qrupları ölkə miqyaslı tədbirlərdə fəal iştirak etmişlər.
Hesabat dövründə şəhərimiz iki böyük tədbirə, “Ailə bayramına” və ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə keçirilən veloyürüşün III mərhələsinə ev sahibliyi etmiş, hər iki tədbir yüksək təşkilatçılıqla keçirilmişdir.
Bütün bunlarla yanaşı təhsil, səhiyyə, mədəni-maarif müəssisələri daha əzmlə çalışmalı, öz fəaliyyətlərini müasir tələblər səviyyəsində qurmalı, daha yüksək nəticələr uğrunda mübarizə aparmalıdır.
Azərbaycan dinamik, sürətli inkişaf yolundadır. İsmayıllı rayonu da bu inkişafa öz töhfəsini verməlidir. Rayonumuzda görüləsi işlər hələ də çoxdur. Bu işlərin görülməsi, qarşımıza qoyulan bütün vəzifələrin uğurlu həlli üçün Sizə müvəffəqiyyətlər arzulayıram.

Ş.Soltanov

Şərh Yaz