“Qala”da iftar süfrəsi açıldı

İyul ayının 26-da İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov tərəfindən “Qala” şadlıq sarayında iftar süfrəsi açıldı.
Tədbiri giriş sözü ilə açan RİH-nin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Valeh Salehov iftar süfrəsi ətrafında əyləşənləri salamladı, Ramazan ayının müqəddəsliyindən, oruc tutmağın fəzilətindən, Azərbaycanda, xüsusilə də rayonumuzda tolerantlığın müsbət mənada inkişafından, bu sahəyə dövlət tərəfindən göstərilən diqqətdən geniş söhbət açdı. Tolerantlığın bariz nümunəsi kimi, İvanovka kəndinin dini icma üzvlərinin də tədbirdə iştirakını qeyd etdi.
Rayonun tanınmış dini icma rəhbərləri Qurani-Kərimdən ayələr oxudular, tədbir iştirakçılarına, xalqımıza əmin-amanlıq, ölkəmizdə yaşayan hər kəsə bolluq, firavanlıq arzuladılar.
İftarda iştirak edən ağsaqqallar rayonda son bir neçə ildə formalaşmış xoş və vacib ənənələrdən doğan tədbirlərin keçirilməsinə görə rayon rəhbərliyinə razılıq və minnətdarlıq etdilər.
Həmin gün millət vəkili Novruzəli Aslanov da orucunu iftar süfrəsinə dəvət olunmuş seçiciləri ilə bərabər açmışdır.

“İsmayıllı xəbərləri”

Şərh Yaz