Haqqımızda yazırlar

“İsmayıllı xəbərləri”nin həftəlik qəzet olmasını istərdim”
“İnformasiya əldə etməkdə problemimiz yoxdur, bu da qazandiğimiz etimaddan qaynaqlanir”
“İsmayıllı xəbərləri” qəzeti respublikanın eləcə də İsmayıllı rayonunun kütləvi informasiya vasitələri sırasına 2008-ci ildən daxil olub. Qəzetin ilk sayı həmin il, yanvar ayının 24-də çıxıb. Qəzetin təsisçisi və baş redaktoru Şahməmməd Soltanov (Dağlaroğlu) şairdir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, İsmayıllı bələdiyyəsinin üzvü və yerli Sosial Məsələlər daimi komissiyasının sədridir. Haqqımızda yazırlarŞ.Soltanov bildirir ki, “İsmayıllı xəbərləri” qəzeti ayda iki dəfə, 8 səhifə, 1000 tirajla çap olunur, abunəçilərə, rayonun ən ucqar kəndlərinə belə çatdırılır. Onun sözlərinə görə, qəzet 100-dən artıq rubrika altında rayonda həyata keçirilən, bütün sahələri əhatə edən xəbərləri dərc edir: “Qəzet rayonun sosial həyatını, iqtisadi inkişafını, əldə olunan nailiyyətləri izləyir və işıqlandırır. Eləcə də “İsmayıllı xəbərləri” öz səhifələrində İsmayıllının şəhər və kənd əhalisinin əmək fəaliyyətindən, tarixi günlərdən, ayrı-ayrı yaşayış məntəqələrinin tarixindən, ölkə iqtisadiyyatının və dövlətçiliyin möhkəmlənməsində xidməti olan şəxslərdən, mütəmadi olaraq yazılar dərc edir. Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələrində, bələdiyyələr tərəfindən həyata keçirilən yeniliklər, layihələr qəzetdə öz əksini tapır”.
Ş.Soltanovun dediyinə görə, qəzetdə İsmayıllı rayonunda təhsilin inkişafı və yeniliklər bir qayda olaraq hər nömrədə oxuculara çatdırlır. Baş redaktor deyir ki, 2010-2011-ci illərdə rayonda keçirilən təhsil bayramlarına aid “İsmayıllı təhsili: uğurlar və nəticələr” adlı jurnal dərc edilib, 2011-ci ildə Beynəlxalq Müəllim Gününə, 2012-ci ildə “Tərəqqi” medalına layiq görülən müğənni Sahibə Abdullayevaya həsr olunan xüsusi buraxılışlar çap olunub: “Qəzet bütün fəaliyyətini respublikada, eləcə də rayonda baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni-kütləvi hadisələrin, keçirilən tədbir və mərasimlərin işıqlandırılmasına istiqamətləndirilib. Bu mətbu orqan rayonumuzun aynası olmaqla ictimaiyyət arasında maarifləndirmə və təbliğat sahəsində məqsədyönlü iş görməkdədir. Nə qədər təvazökarlıqdan uzaq, mübaliğəli görünsə də, qəzetin ərsəyə gəlməsində əlimdən gələni edirəm. Eyni zamanda redaksiyaya göndərilən məqalələrdən qəzetdə istifadə olunur. İsmayıllı şəhərində yaşayan, təqaüddə olan təcrübəli jurnalist Bəybala Babayev qəzetimizin könüllü əməkdaşıdır.
Maliyyə imkanlarının məhdudluğu və aşağı olması əməkdaşların işə cəlb olunmasını mümkünsüz edir”.
Baş redaktorun dediyinə görə, mətbu orqanın abunəçiləri yerli idarə və təşkilatlar, eləcə də müəssisələrdir. Ş.Soltanov bildirib ki, hazırkı vaxtda abunənin sayı 300-ü keçə bilməyib: “Abunəçilərin sayından başqa, yerdə qalan qəzetlər rayonda keçirilən çoxsaylı tədbirlərin iştirakçılarına, ayrı-ayrı yaşayış məntəqələrində rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar görüş-qəbullarda əhaliyə pulsuz paylanır. Bundan başqa, fəaliyyətimiz dövründə bəzi lazımi texniki avadanlıqları əldə etsək də, sərbəst iş yerimiz yoxdur”.
Yerli dövlət qurumlarından informasiya əldə olunmasında heç bir problemin olmadığını bildirən Ş.Soltanovun dediyinə əsasən, rayon təşkilatlarının əksəriyyəti qəzetlə əməkdaşlıq edir, bir qayda olaraq keçirdikləri tədbirlərə dəvət edirlər: “Bir sözlə, informasiya əldə etməkdə heç bir problemimiz yoxdur, bu da qazandığımız etimaddan qaynaqlanır”.
Ş.Soltanov respublikanın əksər rayonlarında mətbəənin olmamasına diqqət çəkərək bu problemin bölgələrdə problem yaratdığını, buna görə də bölgə qəzetlərinin ayda bir və ya iki dəfə çıxmasına gətirib çıxarır. Abunə sayı 1000 və daha yüksək olan qəzetlər var ki, həftədə bir dəfə çıxa bilir. Maliyyə imkanları yol verərsə, “İsmayıllı xəbərləri”nin də həftəlik qəzet olmasını istərdim. Hamıya artıq məlum olan xəbərin qəzetdə dərc edilməsi məni heç də qane etmir”.
Baş redaktor bildirib ki, bölgələrdə “Mətbuat evi” adlı mərkəzlərin olmasını və ərazidə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin bir mərkəzdə, əlaqəli, məqsədyönlü şəkildə işləmələrini görmək yaxşı olardı. Onun sözlərinə görə, bu həm də “reket” jurnalistikanın qarşısını almaqda böyük rol oynayardı. Ş.Soltanov qəzetin fəaliyyəti dövründə hər il mətbuat günündə rayondakı jurnalistlərlə peşə bayramına həsr olunmuş tədbir və azı ildə bir dəfə fəal yazarların, aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı ilə problemlərin həllinə istiqamətləndirilmiş dəyirmi masaların keçirildiyini qeyd edib: “Qəzetimiz 2009-cu ilin aprel ayından Mətbuat Şurasının üzvüdür. İsmayıllı gerçəkliklərini rayonun hüdudlarından kənarda həmyerlilərimizə, İsmayıllını sevənlərə çatdırmaq üçün 2012-ci ilin ilk aylarından qəzetimizin saytını (ismayilli-xeberleri.info) yaratmışıq. Çox xoşdur ki, bizimlə dünyanın bir sıra ölkələrində maraqlananlar var. Bunu qəzetimizin saytındakı “oxucu sayğacı”ndan aydın görmək olur”.
Bəxtiyar Məmmədli
“525-ci qəzet”, 21 iyun 2012-ci il

Şərh Yaz