Canavar və gənc xilasedicilər

Komandamız səhər saat 8-00 da N. Behdiyev adına İsmayıllı kənd tam orta məktəbinə toplandı.
Toplaşmağımızın səbəbi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyı ilə 15-17 yaş qrupunda olan şagirdlər arasında “Gənc xilasedici və yanğınsöndürən“ komandaları arasında təşkil olunmuş yarışda iştirak etmək idi. 4 mərhələdə keçirilən birincilikdə komandamız yüksək nəticələr göstərmiş, finalda iştirak etmək hüququ qazanmışdı.
“Gənc xilasedici və yanğınsöndürən“lərlə avtomobillərə əyləşdik. Qəbələ rayonuna tərəf istiqamət götürdük. Yarışlar burada keçiriləcəkdi.
Böyük şair Səməd Burğunun bir vaxtlar vəsf etdiyi Topçu meşəsindən keçib Buynuz kəndi görünən yerə çatmışdıq. Birdən uşaqların diqqətini çəkən mənzərə onların həyəcan dolu qışqırıqlarına səbəb oldu. Canavar! Canavar! -deyə, uşaqlar yoldan bir az aralıda otlayan inəklərə hücum çəkən heyvanı göstərdilər. Maşınları saxladıb boz canavarın bir neçə iri buynuzlu ev heyvanlarına həmlə etdiyini açıq-aydın gördük.
Azğınlaşmış canavar avtomobillərin siqnallarına da məhəl qoymur, öz “işini” başa çatdırmaq istəyirdi. Biz komanda şəklində avtomobillərdən endik . Səs-küy salaraq canavarı daşqalaq etdik. Canavar komandanın “hücumunu” görərək meşəyə qaçdı. Mal-qaranı yola yaxın məsafəyə ötürdük. Fikirləşdik ki, belədə təhlükə tam aradan qalxar.
Düzdü, komandamız Qəbələ rayonunda keçirilən zona yarışına bir neçə dəqiqə gecikdi, lakin, biz heç sahiblərinin kim olduğunu da bilmədiyimiz, kəndlilərin böyük əziyyətlə saxladığı heyvanları xilas etdik. Sanki Ulu Tanrı bizi sınaq öncəsi sınağa çəkmişdi.
Bu əhvalatı biz komandanın divar qəzetimizdə dərc etdik. Şimal-Qərb Regional Mərkəzində bizim “ Gənc xilasedici və yanğınsöndürən“ lərin bu şücaəti alqışlandı.
Əsgər Manafov
N.Behdiyev adına İsmayıllı kənd
tam orta məktəbin GÇH fənn müəllimi

Şərh Yaz