Qalib əsgər adı ilə qayıdın

Səhər olmasına baxmayaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin qarşısında qələbəlikdir. İyul ayının 1-dən başlanan çağırış kompaniyası mütəşəkkil təşkil olunub. Hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi vəzifəsini icra edən kapitan Famil Əliyevlə görüşüb söhbətləşirik. Çağırışın gedişi ilə maraqlanırıq. Kapitan deyir:
– Hazırda işimizin ən qızğın vaxtıdır. İyul ayında hərbi xidmətə xeyli çağırışçı yola salınmalıdır. Bir faktı xüsusilə qeyd etmək xoşdur ki, gənclərimiz böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşürlər. Çağırışdan yayınma halları ildən-ilə azalmaqdadır. Hərbiyə yola salınanların demək olar ki, hamısı orta təhsillidir. Bir qismi isə ali təhsillilərdən ibarətdir. Onların arasında ailəlilər də var. Bir qisminin sənət sahibi olması da bizi sevindirir. Axı sənət sahiblərinə orduda da ehtiyac var. İndiki əsgər müasir silahları və digər texnikanı mükəmməl bilməlidir. Bilik olmadan isə hərbin sirlərinə yiyələnmək çox çətindir. Fəxrlə deyə bilərik ki, orduya yola saldığımız gənclərin xoş sorağını alırıq. Bu, bizi sevindirməyə bilməz. Arzu edirəm ki, belə xoş xəbərləri tez-tez alaq. Bu gün yola düşən gənclərimiz əvvəlki illərdəkilərdən yaxşı təhsil almaları ilə fərqlənirlər. Onların böyük əksəriyyəti kompyuterlə davranmağı bacarır. Bu, böyük üstünlükdür. Gənclərimizdə ruh yüksəkliyi var. Valideynlər də fəxrlə oğullarını xidmətə yola salırlar. Bütün bunlar ölkədə yaranmış sabit şəraitin nəticəsidir.
Bu gün müharibə şəraitində olan ölkəmizə güclü, müasir texnika ilə təchiz olunmuş ordu lazımdır. Hər bir əsgərin, zabitin qəlbi torpaqlarımızı erməni işğalından azad etmək istiqamətində döyünməlidir. Gənclərdə yüksək vətənpərvərlik ruhu ailədə, məktəbdə formalaşmalıdır. Fəxrlə deyə bilərik ki, belə gənclərimiz var. Onlar hər an torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün döyüşə atılmağa hazırdırlar.
Döyüşə atılmağa hazırlaşan əsgər oğullardan bir qrupu da bu gün yola salınacaqdır. Şirin-şirin söhbət edən, zarafatlaşan bir dəstə adama yaxınlaşıram. Köhnə tanışımız – “İsmayıllı xəbərləri” qəzeti ilə yaxından əməkdaşlıq etmiş Vüsal Hüseynov da onların arasındadır. Onun qohumları, dostları da buradadırlar. Vüsal deyir:
– Bu günü çoxdan gözləyirdim. Nəhayət, bu gün orduda xidmətə yola düşürəm. Həmyaşıdlarımla Vətən qarşısındakı borcumuzu verməyə gedirik. Nümunəvi əsgər kimi xidmət edib, valideynlərimin, bütün həmyerlilərimin yanına üzü ağ, alnı açıq qayıdacağam. Axı yaxşı xidmət etmək bizim övladlıq borcumuzdur.
Bəli, bir qrup gənc də hərbi xidmətə yola düşdü. Oğlanlar əsgər getdi, avtobuslara minib yola düşənlərə xoş arzular dilədilər: Allahın nəzəri üstünüzdə olsun, qalib əsgər adı ilə qayıdın! -dedilər.
B.Babayev

Şərh Yaz