Nüfuz qazana bilib

Uzun illər mətbuatda çalışmışam. Nə vaxtsa, özümü qəzetdən kənar təsəvvür etmirdim. Pensiyaçı kimi günümü keçirirdim: kitab mütaliə edir, nəvələrimlə əylənir, onların çoxsaylı niyə, nə üçün kimi suallarını cavablandırırdım. Bir sözlə, darıxdırıcı günləri bir təhər başa vururdum.
O, zaman İsmayıllıda “Girdiman” adlı qəzet nəşr edilirdi. Bu qəzetin işindən xəbərsizdim: nə yazır, nədən yazır. Günlərin birində “İsmayıllı xəbərləri” adlı 16 səhifəlik qəzet əlimə keçdi (2008-ci il), özü də rəngli. Doğrusu, təəccübləndim, həm də sevindim.Nüfuz qazana bilibTez son səhifəsini nəzərdən keçirdim, təsisçisi və redaktoru şair Şahməmməd Soltanov (Dağlaroğlu) imzasını oxudum. Köhnə, tanış imza idi. Çox sevindim, məndə bu yeni kollektivlə yaxından tanış olmaq arzusu oyandı və dostum, həmkarım Məmmədmirzə Rzayevlə redaksiyaya gəldik. Söhbətimiz qəzet mövzusunda – müasir mətbuatın bu günü, dili, tərtibatı və sair barədə oldu. Əslinə qalanda, redaksiya kollektivi təkcə şair Şahməmməddən ibarət idi. Çox zor bir işin altına girmişdi, şair dostumuz. Bu yükü çəkə biləcəkmi şair ? sualı maraqlandırırdı bizi. Axı qəzetin nə olduğunu çox gözəl bilirdik. Kənardan kömək edən bir-iki nəfər də vardı. Ştatlı bir nəfər də işçisi yoxdur. Bu gün də vəziyyət belə qalıb.
Redaksiyada söhbət zamanı şair dostum Şahməmməd də, Məmmədmirzə də məni qəzetə dəvət etdilər. Doğrusu, mən inadla edilən bu təklifdən imtina etdim. Ancaq peşəmə olan nostalji hisslərim və şair dostuma olan hörmətim qalib gəldi. Mən razılıq verdim. Həmin gündən bu qəzetə bağlandım və burada ilişib qaldım.
Bu gün “İsmayıllı xəbərləri” qəzetinin oxucuları ilə yüzüncü görüşüdür. Demək olar ki, qəzet rayonda özünə nüfuz qazana bilmişdir. Qəzetin dili, üslubu və tərtibatı oxucuları razı salır. Yəqin ki, qəzetimiz kiçik nöqsanlardan da xali deyil. Əlbəttə, iş olan yerdə nöqsan da olur. Əsas şərt də ondan ibarətdir ki, səhvlərdən düzgün nəticə çıxarasan, onun təkrarına yol verməyəsən. Biz də fəaliyyətimizdə işin bu cəhətinə diqqət yetiririk. Bu gün ölkədə mətbuat bolluğudur. Jurnalistikadan uzaq olanlar da qəzet nəşr edir. Ancaq bolluq olsa da, keyfiyyət xeyli aşağıdır. “İsmayıllı xəbərləri” qəzeti günün tələbləri səviyyəsində olmağa çalışır.
Qəzetin yüzüncü nömrəsi kollektiv üçün kiçik bir yubileydir. İnanıram ki, gələcək nəsillər “İsmayıllı xəbərləri”nin nəşrə başlamasının yüz illiyini də qeyd edəcəklər. Qəzetin daha yüksək uğurlar qazanacağına ümidvaram.
Bəybala Babayev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz