Biz Şuşaya qayıdacağıq

May ayının 8-də Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsinin 20-ci ildönümü ilə bağlı İsmayıllı şəhərində silsilə tədbirlər keçirilmişdir.
Həmin gün tezdən İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun iştirakı ilə icra aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatlar, eləcə də ictimaiyyət nümayəndələri ilə bərabər rayonun Şəhidlər xiyabanı ziyarət olunmuşdur.
Bu günəşli yaz səhərində ziyarətçilər Şəhidlər kompleksində, xatirələri yaşadan abidələr önünə tər qızılgül və qərənfillər düzmüşlər.
Ziyarət başa çatdıqdan sonra əmək kollektivlərində, “Biz Şuşaya qayıdacağıq”, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” və digər mövzularda silsilə tədbirlər keçirilmişdir.
Keçirilən tədbirlərdə çıxış edənlər erməni qəsbkarlarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən danışmış, işğal edilmiş Dağlıq Qarabağın, gözəl Şuşamızın düşmən tapdağından tezliklə azad ediləcəyinə və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına əmin olduqlarını bildirmişlər.
İdarə və təşkilatlarda anma mərasimləri, dəyirmi masalar keçirilmiş, təhsil ocaqlarında Şuşanın işğalı ilə bağlı xüsusi dərslər təşkil olunmuşdur.
“İsmayıllı xəbərləri”

Şərh Yaz