Eşitdiklərim və gördüklərim

Vəzifəsi balaca, özü yekə olan adamdan ziyan gələr hamıya, hər kəsə. İdarə var ki, müdiri insani baxımdan böyükdür, ucadır. Müraciət edənləri heç zaman qapı arxasında saxlamır. Danışanda ağzından dürr tökülür, müraciəti etik normada, davranışı, nitqi, adi baxışı belə mədənidir. Ümidlə qapısını döyəni heç zaman ümidsiz hala salmır.
İnanmazsınız, həmin idarədə şöbə müdiri var ki, “vaxtım yoxdur” deyə ştatsız katibəsi vasitəsilə qapısında növbə yaradır, təkəbbür dağarcığıdır, dala əyilməkdən qarnı burnuna çatır. Elə danışır, elə goplayır, küçədə elə yeriyir ki, sanki rayonda bundan böyük adam yoxdur. Bu bədbəxt dərk eləmir ki, bu xasiyyəti ilə o hamıdan balacadır, xırdadır, narındır. Allah bəndələrini xırda adamlardan qorusun (İnsan demirəm onlara. Çünki belələri heç də insan olmağa cəhd göstərmirlər).
*Görmüşəm ki, birisi sağlığında atasını və ya anasını döyür, gündəlik yavan çörəyə onları möhtac qoyur. Evdən çıxarıb toyuq damında yatmağa məcbur edir. Belələrindən yaşlı hala gələndə hətta mollalıq eşqinə düşənləri də olur. Valideynləri dünyadan köç edəndə hüzr məclisini zəngin toy məclisinə bənzədib, “Yaxşı övlad”, “Səxavətli oğlan” imicini qazanmaq istəyir. Lakin hamı bir-birini yaxşı tanıdığı üçün kələyi baş tutmur.
Belədə, hər kəs təqsiri özündə görməli və deməlidir: “Özüm elədim özümə, külü tökdün gözümə”
*Qışqıran, gücü boğazında olan, ədəbdən kənar danışan, söyüşməkdə yarışan, səlahiyyət həddini aşan, hər kəsin işinə qarışan adam sanır ki, qarşısındakı ondan qorxur, çəkinir. Şellənməyə lüzum yox. Beləsindən qorxan yox. Əgər cavab verilmirsə, bu hər kəsin özünə qoyduğu hörmətdən irəli gəlir. Tərbiyəsizdən tərbiyəli insan heç zaman qorxmaz. Qanmazdan qanan insan əsla çəkinməz. Nahaq haqlıya üstün gələ bilməz.
Anbaan yüksələn ölkəmizdə belələri olmasaydı, dünyamız bir daha gözəlləşərdi.
*Eşitdiyim yox, gördüyüm və görən tək oxuduğum bir şeiri yada salmaq istərdim. Xalq şairi Rəsul Rzanın şeirlərinin birində “Adam var ki….” deyə bəzilərini müsbət və ya mənfi baxımdan xarakterizə edir və sonda yazır: “Adam var ki, tut ayağından at dalına, ağzı hara düşə, düşə”
*Rəhmətlik Qəşəm Aslanov iclaslarda çox deyərdi: “Nə vaxta qədər qarın başdan yuxarı olacaq? Çalışın hər ikisini öz yerində saxlayın!” Eşitmək bir yana, çox görmüşəm ki, ətrafımızda qarnını başından yuxarıda görənlər, ölkədə, rayonda gedən proseslərə mədəsi ilə baxanlar, siyasi baxışları, ideoloji fəaliyyəti, amalı, arzusu, məqsədi, insanlara münasibəti mədəsindən qaynaqlananlar hələ də mövcuddurlar. Belələrini mən insan qismində yox, senaj, silos quyusu kimi görürəm.
*Bir də görürsən ki, yeni vəzifəyə sahiblənmiş bir cavan oğlan aramla, təkəbbürlə, ətrafındakılara sanki minnət qoya-qoya gəlir. Qaş, göz, burun, qulaq, dodaq-hamısı yerində. Lap bığı da, rənglənmiş kəkili də var. Kostyumu ütülü, qalstuku da al qırmızı. Və bütün bunlardan sonra oğlanla həmsöhbət olursan və hiss edirsən ki, boyuna təzə vəzifə biçilmiş qəşəng oğlanın içi çox eybəcər və boşdur. Çünki ürəyi yoxdur, duyğulardan məhrumdur, qarğıdan toxunma boş səbətdir. Uzaq dursun, gendə dayansın məndən, yoxdur aram boşlarla.
*Eşitdim ki, bir nəfər şalvarın balağını çatdırıb dizinə, saqqalını uzadıb sinə aşağı qurşağa qədər. Guya bu daha çox dindardır, daha çox inanandır. Hamıdan fərqli islamçıdır. Gödək ağıl, qısa şalvar, uzun saqqalla gözə girmək istəyən kəslər, bəli siz ağlınız, düşüncəniz, vətəndaş mövqeyiniz, vətənpərvərliyiniz, müasirliyiniz, insanpərvərliyinizlə fərqlənə bilərsiniz.
Ayrı tərkibdə, fərqli namaz qılırsansa, təriqətini dəyişirsənsə, sən heç şeyə yararlı deyilsən, heç kəsə gərəkli deyilsən. Təriqətini dəyişən kəslərdə Vətəni dəyişmək də asan olur.
Nə isə . . . mən belə görmüşəm, belə eşitmişəm.
*İşlədiyim şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq idarə, müəssisə və təşkilatlara gedir, foyeləri, iclas zallarını, müdirlərin kabinetini nəzərdən keçirirdim. Əksər yerlərdə siyasi həssaslığın şahidi olurdum. Sevinirdim ki, mənə də belə bir bölgədə işləmək qismət olub.
İdarələrin birində yumorlu bir halla rastlaşdım. Katibədən müdirin içəridə olduğunu soruşdum. O, da müsbət cavab verdi. İçəri keçmək istəyəndə dedi:
– Dayanın keçməyin. Baxım görüm içəridə adam var, yoxsa yox?
Xanım içəri gedib məlumat verib qayıdanadək fikirləşdim:
– Katibə içəridəkini adam hesab etmir? Başa düşdüm ki, katibənin fikri nədir. Ancaq fikrinin ifadə tərzini qəbul etmədim.
*Eşitdim ki, xəbərçilər, çərənçilər, pusquçular, saman altdan su yeridənlər, üzə duranlar, ara vuranlar, tələ quranlar, satqınlığa uyanlar fikirləşirlər: “Axx… keçən əyyam, olsan indilər” Yox, daha olmayacaq istədikləriniz, içinizdə boğulacaq arzularınız. İnformasiyalarınıza, “xəbərlər”inizə yiyə duran olmayacaq. Məsul kişilərin sizin kimi formaca adamlara əsla ehtiyacı yoxdur. Onlar öz işlərini yaxşı bilirlər və bizi özümüzdən yaxşı tanıyırlar.
Zəhmətiniz zaya gedəcək. Əlləşməyin, işlə məşğul olun. Sizin bazarınız çoxdan bağlanıb.
*Hə indi eşidir və görürəm ki, ara qatanların, xəbər satanların, pusquda yatanların, rəzilliyin son həddinə çatanların, tələ quranların, ara vuranların, ağlı dayaz, dili palaz olanların, qəlbi qara, mənliyi yara, məsləki para olanların, onun bunun pulunu sayanların, kişi formasında bayanların, nəfəsi yalanların, xislətcə ilanların, çayanların bazarı kasadlaşıb, alıcı yox matahına.
Qapı pusmaqla, marıqda yatmaqla toplanan informasiyalar çürüyüb içində qalır.
Bu əbləhin tüstü çıxır təpəsindən, şər-böhtan tökülür nəfəsindən, bəla görüb çoxu onun it nəfsindən. Düşmək istəmir hələ də çuğulluq həvəsindən.
Valeh Salehov

Şərh Yaz