Sevincin rənglər dünyası

Hər bir rəssamın çəkdiyi rəsm onun daxili aləmini əks etdirir, xasiyyət və dünyagörüşünü xarakterizə edir. Sənətə marağı olan balaca rəssam Sevincin rəsmlərində də bunu görmək olur.
Sevinc Oqtay qızı Əlağalı 1995-ci ildə İsmayıllı kəndində dünyaya göz açıb. O hazırda N.Behdiyev adına İsmayıllı kənd tam orta məktəbinin X b sinif şagirdidir. Rəsm çəkməyə lap kiçik yaşlarından başlayıb. Sevinc fitri istedadı, yüksək tərbiyəsi və fərqli mövzularda çəkdiyi gözəl rəsmləri ilə yaşıdlarından fərqlənir. May ayının ilk həftəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar məktəbimizdə təşkil edilmiş sərgidə Sevincin əl işləri tamaşaçılarda böyük maraq oyatmışdır. Tamaşaçılar balaca rəssamın rənglər dünyasına heyranlıqla baxmışlar.
Sevincin 100-dən artıq müxtəlif janrlarda çəkdiyi rəsm əsərləri vardır. Sərgidə onun çəkdiyi Dövlətimizin gerb və bayrağı, Ulu öndərin həyatını əks etdirən natura, mənzərə, portret, qrafika və digər əsərləri nümayiş etdirilmişdir. O, çəkdiyi rəsmlərə görə dəfələrlə RTŞ-nin, rayon gənclər və idman, habelə, müxtəlif təşkilatların diplom və Fəxri fərmanlarına layiq görülmüşdür.
Biz də bu gənc və istedadlı rəssama yeni-yeni uğurlar arzulayırıq.
Gülçöhrə Fərəcova,
məktəbin müəllimi

Şərh Yaz