“Yel qanadlı illər ömürdən keçir”

Bu yaxınlarda uzun illər mənimlə eyni təşkilatda çalışan Nizami Hüseynovla həmsöhbət oldum. Təqaüdə çıxmağa da bir şey qalmadı: – deyə, sezilən təəssüflə ötən illərdən söhbət açdı. Söhbətimizdən, daha doğrusu, onun əmək tarixçəsindən bir daha aydın oldu ki, həmkarımın təəssüflənməyi yersizdir. Çünki o, ömrünün bir gününü belə hədər yaşamayıb.Nizami Canəli oğlu Hüseynov 1952-ci ilin yazında gözəlliyi ilə dillər əzbəri olan Talıstan kəndində anadan olub. Burada həmyaşıdlarından fəallığı ilə seçilən şagird kimi orta məktəbi bitirib. Bakı şəhərində 22 saylı texniki peşə məktəbini bitirdikdən sonra hərbi xidmətdə olub. Hərbi xidmətini başa vuran Nizami bir müddət tikintilərdə fəhləlik edib. Bu da atası Canəli kişinin mükəmməl tikinti ustası olmasından qaynaqlanmışdı. Canəli kişi oğlunu evtikən, inşaatçı görmək istəyirdi. Amma bilmirdi ki, oğlu musiqiyə meyillidir, özünün məharətlə ifa etdiyi tütəkdə Nizami də biri-birindən gözəl mahnıları ifa edə bilir. Məsələnin üstü açılanda, atası xahişinə görə ona tar aldı. Bu tarla o bir neçə il Talıstan kənd mədəniyyət evindəki tar dərnəyinə gedib-gəldi. Dərnəyə rəhbərlik edən Nadir müəllimdən bu sehirli musiqi alətinin sirlərini öyrəndi. Musiqiyə, incəsənətə bağlılıqla 1975-ci ildə N.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunun tələbəsi olur. Təhsil aldığı illərdə simli alətlərin bacarıqlı ifaçısı kimi müxtəlif ansambllarda udda və tarda müşayiətçi olmuşdur. Bakı şəhərində təhsilini başa çatdıran N.Hüseynov təyinatla bir müddət İsmayıllı rayon mədəniyyət evində çalışır. Çox keçməmiş, işdəki bacarıq və işgüzarlığı Talıstan kənd mədəniyyət evinə direktor vəzifəsinə təyin olunmasına zəmanət verir.
Nizami 1986-cı ldə Çernobıl AES-də baş verən qəzanın nəticələrini aradan qaldırmaq üçün səfərbər olanların sırasında olub. O, bu tarixi faciənin fəsadlarını canında gəzdirən ikinci qrup əlil, Prezident təqaüdçüsüdür.
N.Hüseynov güclü məsuliyyət hissi olan, çalışqan işçilərdəndir. Bu keyfiyyətləri onu kollektiv arasında hörmət sahibi edib. Onun hamımız tərəfindən sevilməsinə səbəb ətrafındakılara qayğı ilə yanaşması, hörmət saxlaması, səmimiyyət və diqqət nümayiş etdirməsidir. Sanki cəmiyyət onun ailəsi, o isə bu ailənin üzvüdür.
O, mədəniyyət evinin direktoru kimi, kəndin ictimai-siyasi həyatında baş verən tədbirlərin keçirilməsində yaxından iştirak edir. Kənddə keçirilən ailə şənliklərində hamı onun məsləhətləri ilə razılaşır. Bu sahədə o həqiqətən mədəniyyət işçisi olduğunu ortaya qoyur.
Ömürdən gedən yel qanadlı illər həmkarımızı, dostumuzu Talıstan kənd mədəniyyət evinin direktoru Nizami Hüseynovu da 60 yaşa qovuşdurdu. Bu münasibətlə ona, özü arzuladığı qədər işləyə bilməsi üçün can sağlığı və gümrahlıq arzulayırıq.
Lətif Quliyev,
İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin aparıcı məsləhətçisi, rayon mədəniyyət işçiləri Həmkarlar Komitəsinin sədri

Şərh Yaz