İctimaiyyətin gücünə ehtiyac duyulur

Yol nəqliyyat hadisələri, qəzalar, insan ölümləri həmişə günün aktual mövzusu olaraq qalır. Qəzetimiz bu mövzudan heç vaxt yan keçməyib, bəzən fasilə verilərsə də, təhlükəsiz hərəkət qaydalarına riayət edilməsi hər zaman diqqətdə saxlanılıb. Bu gün yenidən həmin mövzuya 2011-ci ilin IV rübünün yekunlarına qayıtmalı olduq. Onu da qeyd edək ki, yekunlar heç də ürəkaçan deyil. Aşağıda gətirəcəyimiz rəqəmlər də dediklərimizə yaxşı sübutdur.
İsmayıllı RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin verdiyi arayışa əsaslanıb bəzi faktları sizin diqqətinizə çatdırmaq istərdik. Kollektiv bu sahədə üzərinə düşən vəzifələrə lazımınca əməl etməyə çalışır. Ancaq bütün bu işlər qəzaların azalmasına, sürücülərin intizamsızlığına az təsir edir. Bölmənin əməkdaşları DİN-nin əmr və göstərişlərini rəhbər tutaraq nəqliyyatın və piyadaların normal hərəkətini tənzimləmək məqsədilə bir sıra işlər görmüşlər.
2011-ci ilin IV rübü ərzində yol patrul xidməti inspektorları tərəfindən 2125 nəfər sürücü saxlanılmış, 2937 qayda pozuntusu aşkar edilərək barələrində inzibati tədbir görülmüşdür. Bu sürücülərin 9 nəfəri avtoxuliqanlıq etdiyinə, 93 nəfəri sərxoş vəziyyətdə avtomaşın idarə etdiyinə görə onlar barəsində inzibati tədbir görülmüşdür. 19 nəfər intizamsız sürücü yol polisinə tabe olmamış, 35 nəfər sürücü sərnişin daşıma qaydasını pozmuş, 14 nəfər sürücü giriş qadağandır nişanının tələbini pozmuşdur. 163 nəfər sürücülük hüququ olmadan avtomaşın idarə etmişdir. 1726 nəfər sürücü digər qayda pozuntularına yol vermişdir. Onların hamısı barəsində inzibati tədbir görülmüşdür. 53 nəfər sürücü isə yerindəcə cərimə olunmuşdur. 2011-ci ilin IV rübündə tərtib edilmiş inzibati protokolların sayı keçən ilin eyni dövrünə görə 103 ədəd, sərxoş sürücülərin sayı isə 84 nəfər azalmışdır. Bu azalmaya səbəb bir nəfər YPX inspektorunun yerinin vakant olmasıdır.
Həmin müddət ərzində 9 nəfər sürücünün sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.
DİN-nin 407 saylı, 2003-cü il tarixli əmrinə əsasən dövlət sektorunda, kolxozda və özəl müəssisələrdə olan nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsi üçün qrafik tərtib edilmişdir. Daimi qeydiyyatda olan 3327 fərdi nəqliyyat vasitələrindən 2443-ü texniki baxışdan keçirilmişdir. Ümumilikdə, digər rayonlarla birlikdə daimi qeydiyyatda olan nəqliyyat vasitələrinin 60 faizi texniki baxışdan keçirilmişdir. Texniki baxış zamanı 54 müxtəlif markalı nəqliyyat vasitəsinin məhkəmə tərəfindən həbsdə olduğu aşkara çıxarılmışdır. Həmin nəqliyyat vasitələri tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir.
Bundan başqa, DİN-nin 001-15102-1211 nömrəli, 28 aprel 2011-ci il tarixli göstərişinə əsasən yükdaşıma qaydalarının pozulması hallarının aradan qaldırılması üçün kuzovların ban ölçülərini böyüdən sürücülərə qarşı reydlər keçirilmişdir. 45 nəfər sürücü barəsində inzibati protokol tərtib edilmiş və həmin nəqliyyat vasitələrinin ban hissələri kəsdirilmişdir.
2011-ci ilin IV rübü ərzində bölmənin əməkdaşlarının xidmət apardığı ərazidə 7 yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə, 6 nəfər həlak olmuş, 5 nəfər isə xəsarət almışdır. 2010-cu ilin eyni dövründə 5 hadisə baş vermişdir, beş nəfər xəsarət almışdır. Ölüm hadisəsi olmamışdır.
Çox qəribədir ki, nə qədər deyilsə, yazılsa da sərxoşluqdan qəza törədənlər qalmaqdadır. Rayon ərazisində də sərxoş vəziyyətdə avtonəqliyyatı idarə edənlərə, yol hərəkəti qaydalarının tələblərini pozanlara rast gəlinir. Bu işdə geniş ictimaiyyətin gücünə ehtiyac duyulur. Əl-ələ verib bu bəlaya qarşı mübarizə aparmaqdan başqa çarəmiz qalmayıb.
B.Babayev

Şərh Yaz