Bu da belə

Bu da beləNədənsə, axır zamanlar muğamlar arasında “Zəmin-xara”ya daha çox qulaq asıram. Muğam ensiklopediyasında bu musiqi əsəri haqqında belə qeyd var. Fars dilindən hərfi tərcümə olunanda – qayalıq yer, tikanlı torpaq mənasını verir. Şur muğamında Səmayi-Şəmsdən sonra oxunan şöbə. Son dərəcə yanıqlı, niskilli və təsirli intonasiyası olan bir muğamdır. Məhz buna görə də təziyə və başqa dini ayinlərdə oxunan mərsiyə və minacat əsas etibarı ilə “Zəmin-xara” üstündə tərtib olunur. Alimin, Canəli Əkbərovun, rəhmətlik Səxavətin, istərsə də rəhmətlik İslam Rzayevin “Zəmin-xara” ifalarında nəyisə axtarıram. Amma tapa bilmirəm. Mənə elə gəlir ki, “Zəmin-xara” muğamlar arasında fəqir-füqarənin yaratdığı muğamdır. Hər dəfə eşidəndə ki, filankəs vaxtsız rəhmətə getdi, filakənkəs çıxılmaz vəziyyətdədir, içimdə bir “Zəmin-xara” iniltisi hiss edirəm. Bəlkə də hər bir insanda bu duyğu fərqli ah-nalə üstündə olur. Məndə isə “Zəmin-xara” üstündə cəmlənir faciəyə baxış. Yəqin “Leyli Məcnun” operasında İbni Səlamın elçilərinin, “Zəmin–xara” üstündə xorla ifasını xatırlayarsınız.
Vəhşilər ilə nədir bu birlik?
İnsan ilə xoş deyilmi dirlik? …
Kimsən və nədir bu köftigulər?
Bifaidə batil arizulər?
Bu, rəhmətlik Üzeyir bəyin də faciəyə “Zəmin-xara” ilə baxdığını sübut edir. Çünki, bu elçilik əvvəlcədən nəticəsiz bir cəhd idi. Və Leyli ilə Məcnunun faciəsi bununla da rəsmiləşdi. Amma nədənsə, 20 Yanvar ərəfəsində “Zəmin-xara”nı dinləyə bilmirəm. Yəqin təhtəlşüurum 20 Yanvarın təkcə faciə kimi tarixləşməsini qəbul edə bilmir. 20 Yanvara qədər biz sakit durmamışdıq ki, gəlib bizi qırırdılar. Dünyanın böyük bir hissəsinə hökm edən, bir imperiyaya meydan oxuyurduq, onu dağıtmaq istəyirdik . İmperiya da gəlib 20 yanvarda bizi cəzalandırdı. Nəticədə, özü də tari-mar oldu.
Bir türk kinosunda görmüşdüm. Bir kabadayı (bizim dillə – avtoritet) öldürüləndə dəfn olunana qədər qanı alınırsa, öldürülən kabadyının yaxınları təsbehlərini həmin kabadayının məzarına atırlar. Bu anlama gəlir ki, daha qisas haqqında düşünməyə, ağlamağa ehtiyac yoxdur. Deməli, burda “Zəmin-xara”ya daha yer yoxdur. 1990-cı ilin 20 Yanvarına görə də ağlamağa, sızlamağa ehtiyac yoxdur. Daha burda “Zəmin xara”ya yer yoxdur. Çünki bizi cəzalandıran imperiya öz cəzasını artıqlaması ilə aldı. Yer üzündən silindi. Amma bunu Xocalı faciəsi üçün demək olmaz. Onun qanı hələ alınmayıb. Bu məsələdə “Zəmin-xara”lıqdır millətin işi.
“Zəmin-xara” çarəsizlərin iniltisidir. Necə ki, “Leyli Məcnun”da Leyli “Zəmin-xara” üstündə deyir.
Fələk ayırdı məni cövr ilə cananımdan.
Həzər etməzmi əcəb naləvü əfqanımdan.
Qəmi-pünhan məni öldürdü, bu həm bir qəm kim,
Gülrüxum olmadı agah qəmi-pünhanımdan.
Sizi bilmirəm, mən hələ də faciəyə baxışın bu qədər adiləşməsinin fəlsəfəsini özüm üçün aydınlaşdıra bilmirəm. Elə bu səbəbdən də hesab edirəm ki, bizim zəmanəmizdə Leyli Məcnun əfsanəsi yarana bilməz. Çünki indiki bəşər övladı üçün onu təəccübləndirə biləcək eşq hekayəsi və təəssüfləndirə biləcək sonluq ola bilməz. Bəzən mənə elə gəlir ki, bu qloballaşmanın yaratdığı ümumbəşəri bir etinasızlıqdır. Qloballaşan dünyamızda istər lokal, istərsə də qlobal fəlakətlər elə adi qarşılanır ki, sanki heç nə baş verməyibdir.
“Zəmin-xara” nı çox dinləməyimin əsas səbəbi bəlkə də onda olan çağırışdı. Biganəliyə qarşı çağırış, insanlığa dəvət, ruhaniliyə təşfiq. Ruhanilik deyəndə əlbəttə, bu gün hüzr yerlərində başda oturan, yüz hoqqadan çıxan bəzi mollaların ruhaniyyətini nəzərdə tutmuram. Həqiqi ruhaniyyətdən danışıram. Elə buna görə də minacat “Zəmin-xara” üstündə oxunar. Minacat isə ruhani insanlar üçündür. Nə isə… Bu da belə.
Şahin Şah

Şərh Yaz