Şərəfli ömür payı

El-obamıza bağlı vətən övladlarının xalqına xidməti onlara layiqli hörmət qazandırmışdır. Öz xeyirxah işləri, əməlləri ilə seçiulənlər həmişə hörmət sahibi olmuşlar. Onlar şagirdlərinin ömür yolunda işıq tutaraq, özlərini yaşadırlar. Belə işıqlı, şərəfli ömür payı olan müəllimlərimizdən biri N.Behdiyev adına İsmayıllı kənd tam orta məktəbinin müəllimi Qumru Hacıyevadır.
Qumru müəllimin adı pedaqoji mətbuata o qədər də tanış deyil. Lakin, həyat yolu sadə olduğu qədər də mənalıdır. O, 1962-ci ilin fevralında İsmayıllı kəndində anadan olub. Atası Neman kişi uzun müddət İsmayıllı şəhərində rəhbər işlərdə çalışıb, sayılıb-seçilən bir insan olub. “Ot kökü üstə bitər”, – deyiblər. Qumru xanım da pedaqoji fəaliyyəti, xeyirxah işləri, məsuliyyəti ilə bu ocağa layiq olub. 1979-cu ildə İsmayıllı şəhər 3 saylı orta məktəbi bitirən Q.Hacıyeva M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1984-cü ildə institutu müvəffəqiyyətlə bitirərək İsmayıllı kənd tam orta məktəbində müsiqi müəllimi kimi fəaliyyətə başlayıb.
İşlədiyi müddətdə məktəbdə elə bir mədəni-kütləvi tədbir olmayıb ki, orada Qumru müəllimin əməyi olmasın. Keçirilən bütün bayram tədbirlərində, yarış-müsabiqələrdə, yubiley, yaradıcılıq mərasimlərində əməyi və zəhməti vardır. Onun təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan siniflərarası bacarıq yarışı məktəbdə artıq ənənə halını alıb. 20 ilə yaxındır ki, bu yarış hər il məktəbdə təşkil olunur və həyata keçirilir.
Qumru müəllimin səyi ilə İ.Əfəndiyev- 90, S.Vurğun-100, Ş.Dağlaroğlunun yubileyi, Əvəz Lələdağın yaradıcılıq, Milli Qəhrəman Mübariz İbrahimovun xatirə gecəsi maraqlı keçmişdir. Onun bir sıra rayon tədbirlərinin keçirilməsində də əməyi olmuşdur. Azərbaycanın müstəqilliyinə, Xocalı soyqırımına, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirlərə hazırladığı kompozisiyalar, YAP konfransında məktəblilərin təbriki yüksək səviyyədə təqdim olunmuşdur.
Qumru xanım peşəsini sevən bir müəllim, tələbkar və qayğıkeş bir sinif rəhbəridir. Onun 1997-2004-cü illərdə rəhbərlik etdiyi sinfi bitirən 19 məzunun 18-i ali məktəbə: V.Səfərova Tibb Universitetinə, Z.Hacıyev Qafqaz Universitetinə, R.İsmayılov, V.Abdulov İqtisad Universitetinə, O.Kərimova, A.Mirzəliyeva, K.Ağayeva, G.Rəhimova Bakı Dövlət Universitetinə, A.Səfərov, Y.Bağırov Azərbaycan Dövlət Neft Akademiyasına, R.Osmanova, G.Qubadova, G.Musayeva Azərbaycan Müəllimlər İnstitituna, D.Gərayev, H.Fətəliyev Bakı Dövlət Universitetinə, D.Ağayev Hərbi Akademiyaya, H.İsayev, A.Məmmədov Kooperasiya Universitetinə daxil olmuşdur.
2004-2011-ci illərdə rəhbərlik etdiyi sinfi bitirən 18 məzundan 15-i ali məktəbə, ikisi isə texnikuma daxil olmuşdur. F.Ağayev Qafqaz Universitetinin, L.Rəsulova Azərbaycan Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının, A.Məmmədzadə, Z.Hacıməmmədli, İ.Kərimli Tibb Universitetinin, R.Əzimov, Ş.Quluzadə, L.Mehdizadə, A.Məlikli İqtisad Universitetinin, Z.İsgəndəırov, N.Ağayev Texniki Universitetin, S.Məmmədov Dillər Universitetinin, C.Arifli Gəncə Texniki Universitetinin, R.Qəribli Bakı Biznes Universitetinin, R.Xəlilov Qərb Universitetinin tələbəsi adını qazanmışdır.
Qumru müəllim yeni dərs ilindən V A sinfinə rəhbərlik edir. İnanırıq ki, rəhbərlik etdiyi bu sinif də məktəbin ən öndə gedən sinfi olacaqdır.
Qumru müəllim mehriban, qayğıkeş ana, həm də nənədir. Övladları Ülvin və Rüfət ali məktəb məzunlarıdır.
Qumru müəllimə bol şagird məhəbbəti, işində uğurlar və cansağlığı arzulayırıq.
Ülviyyə Zeynalova,
məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz