Unudulmaz bir məzar

Bir şəhid məzarı önündə durmuşam. Vüqarlı, yenilməz, mayası vətən sevgisi ilə yoğrulmuş, həmişəyaşar, əbədi bir sevgini, bir qəhrəmanlığı xatırladır bizlərə bu məzar. Bir ananın göz yaşları bu məzara çilənir, bu məzarda quruyur, bir itkini xatırladır şəhid verən millətə. Bir atanın qəlbində oğul həsrəti, oğul nisgili yaşadır bu məzar. Əllərində qərənfillər, qardaş haraylayan bacıları öz ətrafına toplayır bu məzar. Nəzərləri uzaqlara dikilmiş vətənimin şəhid övladının son mənzilidir bu məzar.
Məzar daşı. Sən mənim vətənimin qan yaddaşısan. Sən mənim vətənimdə bir dünyasan. Yaşat sevgili vətənimin şəhid övladını öz qoynunda. Utanma Gülnaz ananın, Məmməd dayının, Rəfail, Fəzail, Qahir və Gülşənin nəzərlərindən. Çünki Şahməmməd ölməyib. Onun əməlləri, onun ruhu, onun əsgər dunyası bizimlədir. Bizimlə yaşayır və yaşayacaqdır.
Vətənimin unudulmaz, şəhid övladı. Şəhidlik şərəfli yoldur. Sən də o yolla addımladın, şəhidlik zirvəsinə ucaldın. Ucalmaq şərəfdir, ucalmaq əbədilik və səadətdir. Sən o əbədiliyi, səadəti şəhidlik adı ilə qazandın. Sən o yolun yolçusu idin. Sən o yoldan dönə bilməzdin. Sən vətənimin köksündən qan sızan zaman rahat nəfəs alıb onun torpağında gəzə bilməzdin. İki il Sovet ordusu sıralarında xidmətdən sonra 1992-cı ilin martında bu məqsədlə silahına sarılıb, Milli Ordu sıralarına daxil oldun. Döyüş vaxtı bir dəfə də olsun dönüb geri baxmadın. Çünki anamız Vətənin acı naləsi səni irəli, intiqam almağa səsləyirdi.
1992-ci ilin may ayının 10-u idi. Dağ döşünü tutan meşəlik ana təbiətə xüsusi gözəllik verirdi. Lakin bu gözəlliklər müharibənin törətdiyi eybəcərlikləri, onun gətirdiyi bəlaları, axıdılan qanları, göz yaşlarını bizim nəzərimizdən gizlədə bilməzdi.
Ağdamın Qazançı kəndi uğrunda şiddətli döyüşlər başlamışdı. Döyüşdə Şahməmmədin silah yoldaşı və dostu İlqar yaralandı. Onu gecikmədən döyüş meydanından çıxarmaq, tibbi yardım göstərmək lazım idi. Burada Şahməmməd dayanıb dura bilməzdi. O, sürünə-sürünə özünü yaralının – dostunun yanına yetirdi. İlqarı kürəyinə alıb geriyə sürüməyə başladı. Dostunu bizim səngərlərimizə çatdırdı. Amma yağı gülləsi bu dəfə onu haqladı. Əsgər dostunu xilas etmək üçün öz canını qurban verdi Şahməmməd.
-Komandir, Şahməmmədi vurdular!
Qarşı tərəf susdurulduqdan sonra uşaqlar Şahməmmədi dövrəyə aldılar. Onun uzandığı yeri qan örtmüşdü. Şahməmmədin ölümü hamını sarsıtmışdı, hamı ağlayırdı. Hamının gözləri Şahməmməddə idi, o, isə sanki əbədiyyət yuxusuna getmişdi.
İsmayıllı kəndinin “Həzrə” qəbirstanlığında bir məzar var. İsmayıllı kənd orta məktəbinin şagirdləri, müəllimləri, kənd camaatı həmişə o məzarın üstünə gül-çiçək düzür, onu yad edir. Şahməmməd vətənimizin gül, çiçək ömürlü şəhid övladıdır. Bu gün o, bizimlə olmasa da, onun ruhu və əməlləri bizimlə yaşayır.
Qoy bu şeirim vətən oğullarına bir çağırış, Şahməmmədin yaxınlarına isə bir təsəlli olsun:
Ölüm öldürmədi, yaşatdı sizi,
Qəlbinə hopmusuz siz milyonların.
Unutmaz heç zaman sizi bu Vətən,
Açan güllərisiz gələn baharın.

Vətən torpağını qanla suvardız,
Dözməz əsarətə bu torpaq, bu daş.
Uyu məzarında, sən rahat uyu,
Oğullar alacaq qanını, qardaş.

Biz sizdən öyrəndik vətən sevməyi,
Qələbə bizimdir, geci, tezi var.
Vətən yaşadıqca, el yaşadıqca,
Ölməzlik yaşayır şəhid olanlar.
H. Məmmədov

Şərh Yaz