Bu yazını xəyalən redaktoru olduğum qəzet üçün yazdım
Onları eşitsək, dünya daha sakit, gələcək daha parlaq olar. Uşaq olmaq asan deyil. Bunu anlayan böyüklər azdır. Hər nə qədər “uşaqsız dərd olmaz” – deyilsə də, bu ifadə uşaq psixologiyasını görməməzlikdən gəlmək üçün istifadə edilən susqun bir qalxandır. Halbuki uşaqların iç dünyası böyük bir kainat qədər zəngin, eyni zamanda o qədər də həssasdır. Bu yazıda uşaqların psixologiyasını necə düzgün anlamaq və dəstəkləmək olar sualına cavab axtarırıq.
Dinlənilmək – kiçik ürəklər üçün böyük möcüzə. Uşaqların çox zaman verdiyi suallar bizə sadə və təkrar görünə bilər: “Bu niyə belə oldu?” “Əgər göy qurşağı varsa, demək ki, Tanrı ağlayıb?”
Bəzən bu sualların cavabı belə vacib deyil, əsas məsələ odur ki, bu suallara cavab verilsin. Çünki uşaqlar bu suallar vasitəsilə dünyanı anlamağa çalışır və bu prosesdə özlərini ciddi qəbul olunmuş hiss etmək istəyirlər.
Əgər uşaq başına gələn hadisəni danışmağa başlayırsa – sevincli, kədərli, qorxulu fərq etməz – demək ki, o, içini açmaq istəyir. Əgər bu anda böyüklər telefon ekranına baxaraq: “Yaxşı, sonra danışarsan” – deyirsə, uşaq bağlanır. Bəzən bu bağlanış illərlə açılmır.
Ev – ilk psixoloji məktəbdir
Uşaqlar ilk təcrübələrini evdə yaşayır. Onlar orada ünsiyyətin nə olduğunu, sevginin nə dərəcədə verildiyini, danlanmanın və ya tərifin hansı şəkildə ifadə edildiyini öyrənirlər. Əgər bir evdə daim qışqırıq, qarşılıqlı hörmətsizlik varsa, o evdə böyüyən uşağın psixologiyası da daim müdafiədə olacaq. O, susacaq, içə qapanacaq, ya da əksinə – hər şeyə qarşı sərt reaksiya verəcək.
Amma bir evdə valideynlər uşaqlarına “Sənin fikrin mənim üçün dəyərlidir”, “Sən nə hiss edirsən?” kimi cümlələrlə yanaşırsa, orada psixoloji sağlamlıq toxumu əkilir.
Məktəbdə psixoloji dəstək: qiymət yoxsa qayğı?
Məktəblərdə uşaqlar təkcə bilik yox, həm də duyğu qazanmaq baxımından böyüyürlər. Bəzən bir müəllimin səmimi baxışı, onun “sən bacararsan” – deməsi uşağın psixologiyasında inanılmaz bir dönüş nöqtəsinə çevrilir.
Əgər məktəblərdə psixoloqlar sadəcə sənəd dolduran yox, əsl dinləyici və müşahidəçi rolunu oynasalar, bu, yüzlərlə uşağın taleyini dəyişə bilər. Valideynlərdən də gözlənti budur ki, qiymət naminə təzyiq göstərmək əvəzinə, övladlarının duyğusal ehtiyaclarına önəm versinlər. Ən yüksək qiymət, heç bir uşaq üçün “mən sevilirəm” hissinin əvəzi ola bilməz.
Yaradıcılıq və oyun – psixoloji nəfəsdir
Rəsm çəkmək, nağıl danışmaq, suallı oyunlar oynamaq, sadə plastilindən fiqurlar düzəltmək – bunlar bir uşaq üçün təkcə əyləncə deyil, özünü ifadə etmə vasitəsidir. Uşaq oyun zamanı özü haqqında çox şey danışa bilər: Əgər o, həmişə qorxmuş kuklaları çəkirsə – bu, bir siqnaldır. Əgər oyunda daim “xilasedici qəhrəman” olmaq istəyirsə – bu da onun iç dünyasında bir narahatlığın olduğunu göstərir. Valideynlərə və müəllimlərə tövsiyə: oyun zamanı müşahidə edin, qiymətləndirməyin, sadəcə yanında olun. Bu sadə addım uşağın “tək deyiləm” mesajını almasına kifayətdir.
Ən güclü dərman: ŞƏXSİ NÜMUNƏ
Uşaqlar deyiləni yox, görüləni təkrar edirlər. Əgər ata-ana əsəbi, səbirsiz və kobuddursa, uşaq da bu davranışları təqlid edəcək. Əgər böyüklər bir-birinə sevgi, hörmət və anlayış göstərirsə, uşaq da eyni dəyərlərlə böyüyəcək.
Nəticə: Xoşbəxt uşaq, sağlam cəmiyyətdir.
Uşağın psixologiyasını yaxşılaşdırmaq bir günə mümkün deyil. Amma kiçik və davamlı addımlarla, bu istiqamətdə böyük dəyişikliklər etmək mümkündür. Unutmayaq ki, xoşbəxt bir uşaq təkcə bir ailənin deyil, bütün cəmiyyətin uğurudur. Ona görə də gəlin uşaqlarımızı dinləyək, başa düşək və yanlarında olaq. Çünki gələcək onların içində böyüyür…
Səma Mehdiyeva,
İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin şagirdi
140 illik yubileylə bağlı tədbir 69, 70
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü qeyd edilib.
18 sentyabr 2025-ci il tarixdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi, İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və İsmayıllı Rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə dahi bəstəkar, ictimai xadim, dramaturq Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibətilə “Üzeyir ömrü – Milli Musiqi Günü” adlı tədbir keçirilib.
İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Teymur Əzizli, Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı Sahibə Abdullayeva və “Niyal” instrumental ansamblının bədii rəhbəri Nizami Babayev çıxış edərək Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından və muğamın qorunmasına verdiyi töhfələrdən danışıblar.
Tədbir İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblının hazırladığı rəngarəng rəqs və musiqi nömrələri ilə davam edib.
Sonda MİHİ İsmayıllı Rayon Komitəsi tərəfindən “Milli Musiqi Günü” münasibəti ilə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin İsmayıllı Rayon Şöbəsinin tədbirin keçirilməsində fərqlənən əməkdaşlarına Fəxri fərmanlar təqdim edilib.
“İsmayıllı xəbərləri”

